Nazirlik Rostropoviç Festivalının keçirilməyəcəyinə aydınlıq gətirdi

Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı bu il keçirilməyəcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı maestronun qızı Olqa Rostropoviç Moskvada keçirdiyi mətbuat konfransında deyib.
O buna səbəb kimi maliyyə çətinliklərini əsas gətirib: "Təəssüf ki, maddi çətinliklərdən dolayı bu il Bakıda keçirilməsi nəzərdə tutulan Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı baş tutmayacaq. Ümid edirik ki, gələn il, 2017-ci ildə Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı əvvəlki qayda ilə keçiriləcək".
Xatırladaq ki, sonuncu dəfə VIII Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı 2015-ci ilin mayında baş tutub.
Məsələylə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında bildirib ki, Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalının keçirilməsinin bu il təxirə salınması maliyyə məsələləri ilə bağlı deyil. Festival 2017-ci ildə M.Rostropoviçin 90 illik yubileyi münasibətilə keçiriləcək: "Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən il ərzində bu və ya digər formada müxtəlif festivallar, beynəlxalq müsabiqələr keçirilir. Bu layihələr bəzən hər il deyil, 2-3 ildən bir keçirilir. Bu, nazirliyin iş planına, qrafikinə uyğun olaraq və yubileylərlə əlaqədar növbəti ilə keçirilir. Konkret olaraq, bu festivalın 2017-ci ildə təşkil edilməsi nəzərdə tutulur. Festival 2017-ci ildə M.Rostropoviçin 90 illik yubileyinə həsr ediləcək. Konkret olaraq, bu festivalın keçirilməsi maliyyə dəstəyi ilə bağlı deyil".
Şöbə müdiri qeyd edib ki, bəzi festivalların hər il təşkil edilməsi ənənə şəklində deyil: "Yəni ənənəvi olaraq hər il keçirilən və keçirilməyən festivallar var. Elə festivallar ki, onların təşkili yubileylərlə bağlı olur. Festivalların təşkilati məsələlərini Mədəniyyət və Turizm Nazirliyi, həmçinin tədbirin keçirilməsinə köməkçi olan təşkilatlar həyata keçirir. Məlumat üçün deyim ki, Qara Qarayev Festivalı və Bülbül adına Vokalçıların Beynəlxalq Musiqi Festivalının da növbəti illərdə keçirilməsi nəzərdə tutulub. Bülbül adına Vokalçıların Beynəlxalq Musiqi Festivalı 2017-ci ildə Bülbülün 120 illik yubileyi münasibətiylə keçiriləcək".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















