Öldürülən jurnalistin işindən YENİ XƏBƏR

11:59 | 21.09.2015
Öldürülən jurnalistin işindən YENİ XƏBƏR

Öldürülən jurnalistin işindən YENİ XƏBƏR

Jurnalist Rasim Əliyevin ölüm faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda yaradılan müvafiq istintaq komissiyası qarşısında iki vəsatət qaldırılıb.

Zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında müstəntiq Kamran Məmmədovla görüşdüyünü və ona təqdim olunan vəsatətlərin birincisinin jurnalist Rasim Əliyev döyülən zaman ona məxsus pul qabının və mobil telefonun götürülməsi ilə əlaqədar olduğunu deyib: "Vəsatətdə bu epizod üzrə araşdırma aparılması və ona hüquqi qiymət verilməsi xahiş olunub. Həmin əməldə  Cinayət Məcəlləsinin 180 və ya 181-ci maddələrinin əlamətinin tərkib hissəsi var. Yəni ya soyğunçuluq, ya da quldurluq cinayət əməlləri ola bilər.  Biz xahiş etdik ki, araşdırma aparılsın və bütün işlərə hüquqi qiymət verilsin. İkinci vəsatət cinayət mahiyyətinə aid olan qərarların, bizə (zərərçəkən tərəfə – red.) verilməsidir. Bu vəsatətin mahiyyəti ondan ibarətdir ki, cinayətlə əlaqədar təqsirləndirilən şəxslərə ittihamın elan olunması, təqsirləndirilən şəxslərin bu qismdə cəlb olunması haqqında qərarların verilməsini istintaqdan tələb edirik. Biz işlərlə yaxından tanış olmaq niyyətindəyik. Bu da Cinayət Prosessual Məcəlləsində zərəçəkmişin hüquqi kimi nəzərdə tutulub”. 
 
 

Vəkil daha sonra əlavə edib ki, Kamran Məmmədovla söhbət zamanı ekspertizanın gedişatı, Səhiyyə Nazirliyinə verilmiş təqdimatın nəticəsi və digər detallarla maraqlanıb: "Səhiyyə Nazirliyinə verilmiş təqdimatda göstərilib ki, nazirliyin tərkibində Rasim Əliyevin ölümündə həkim səhvlərinin nə dərəcədə olmasını araşdıran xüsusi komissiya yaradılıb və həmin komissiya bu faktla bağlı rəy verəcək. Həmin rəy istintaqa Rasim Əliyevə tibbi xidmət göstərilməsinin keyfiyyətini müəyyən etməyə, mərhumun ölmündə həkimlərin nə qədər təqsirli olmasını müəyyən etməyə imkan verəcək”.

Əsabəli Mustafayev sonda bildirib ki,  cinayət işi ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin olunub: "Çox təəssüflər olsun ki, bu ekspertizanın rəyi hələ ki yoxdur. Bu rəy ölümün əsas səbəblərini və Rasim Əliyevə yetirilmiş zədələrin xarakterini, dərəcəsini müəyyən etməyə imkan verəcək. Bu rəydən asılı olaraq təqsirləndirilən şəxslərin, həkimlərin məsuliyyət dərəcəsini müəyyən etmək mümkün olacaq”.

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov kiprli bir jurnalistin "matçda niyə Türkiyənin bayrağını qaldırdınız" sualına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o, Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM