Macar rejissor “Can Bakı” söylədi

20:09 | 07.04.2015
Macar rejissor “Can Bakı” söylədi

Macar rejissor “Can Bakı” söylədi

Macar Kinemotoqrafçılar Gildiyasının  üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb.

Səfirlikdən AzadlıqRadiosuna verilən xəbərə görə, Bela Dospodun London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərinə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də artıq macar televiziya kanalları ilə nümayiş etdirilib.

26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkənin paytaxtı ilə tanışlığını əks etdirir.

Onlar birlikdə Bakı və çevrəsini gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər.

Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, şəhərdə görülən quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir.

Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar.

Tarla müşaiyət olunan film boyu iki macar gənci Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını biri-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi bu ölkəyə gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb