“Manatla dollar bərabərləşdirilə bilər” - EKSPERT

15:16 | 01.05.2015
“Manatla dollar bərabərləşdirilə bilər” - EKSPERT

“Manatla dollar bərabərləşdirilə bilər” - EKSPERT

 

Manat həftəni inamla başa vurur. Çünki Mərkəzi Bank hər gün manatı cüzi də olsa bahalaşdırır.
 
ANN.Az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev məlumat verib.
 
Samir Əliyevin bildirdiyinə görə, yola salacağımız həftədə manatın dollara olan rəsmi məzənnəsi 0,2 faiz möhkəmlənərək 1,0502-dən 1,0482-yə qalxıb: "Manatın indiki həddi devalvasiyadan sonra ən yüksək həddir. Ciddi enmə-qalxmalara rəğmən manat aprelin əvvəlindəki həddəki mövqeyinə qalxıb. Manatın rəsmi məzənnəsinin bahalaşması, əlbəttə, dünya bazarlarında neftin bahalaşması ilə bağlıdır. Martın ortalarından başlayaraq üzü yuxarı qalxan neft manata yönələn təyziqlərə qarşı qalxan rolunu oynayır. Aprel ayında "brent” markalı neft 20 faizə qədər bahalaşıb. Bu isə manatın devalvasiyası qərarını xeyli ertələyir”.

İqtisadçi ekspert onu da vurğulayıb ki,  OPEK-in aprel ayında neft hasilatını son 2 ildə maksimum həddə çatdırması da bazara təsir edə bilməyib: "FED-in son iclasında uçot dərəcəsini qaldırmaq niyyətini bəyan etməməsi son 2-3 həftədə təyziq altında qalan dolları daha da ucuzlaşdırdı. Dollar hazırda bütün valyutalara nisbətən ucuzlaşır. Hazırda manatın da bahalaşmasını şərtləndirən amil məhz dolların ucuzlaşmasıdır. Bivalyuta səbətinə keçid manatı dünya bazarlarında dollar-avro məzənnəsinə həssas edir. Ancaq manatın hazırda bivalyuta səbəti əsasında məzənnəsinin müəyyənləşdirilməsi real görünmür. Bu səbətdə dollar və avronun payı hələ də açıqlanmayıb. Manatın məzənnəsinin dəyişməsi isə hər iki valyutanın dünya bazarlarında dəyişməsinə adekvat deyil. Bu isə manatın məzənnəsinin əvvəlki dövrdə olduğu qaydada müəyyənləşdirilməsi fikrini möhkəmləndirir”.
 
Neftin qiymətinin məzənnəyə təsir etməsindən söz açan ekspert onu da deyib ki, neftin bahalaşması və dolların ucuzlaşması manat üçün əlverişli şərait yaradır: "Üstəgəl Rusiyada rublun bahalaşması da manatın xeyrinədir. Bu gün baş verən proseslər nəticəsində uzunmüddətli nəticələr çıxarmaq tezdir. Çünki inadlı artıma rəğmən neftin bahalaşmaqda davam edəcəyini söyləmək çətindir. Hazırda neft 70 dollarlıq psixoloji həddi keçməyə çalışır. Bu Azərbaycanın vəziyyətini  xeyli yaxşılaşdırır. Çünki neft 90 dollara olanda büdcəyə daxilolma köhnə məzənnə ilə (78 qəpik) hər barel üçün 70 manat idi. Əsas problem Neft Fondunun gəlirləri ilə bağlıdır. İndiki məzənnə ilə Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirmək çətin olacaq. Deməli, çıxış yolu ya xaricdəki aktivlərə müraciət etməkdir, ya da gündəmdə olan devalvasiya tədbirlərinə əl atmaq”.
 
Ekspertin fikrincə, əmanətlərin dollarlaşdırılması prosesinin yekunlaşmaqda olması, neftin itirdiyi mövqelərini bərpa etməsi, dolların ucuzlaşması, rublun möhkəmlənməsi, ən əsası bazarda panik vəziyyətin olmaması artıq manatı rahat nəfəs almağa imkan verir: "Ona görə də hökumət bu şəraitdə ən azı seçkilərə qədər manatı ucuzlaşdırmaqda maraqlı olmayacaq. Hətta ola bilsin manatla dolları bərabərləşdirsin. Bunun üçün hökumət büdcəyə yenidən baxmalı, xərcləri ixtisar etməli, o cümlədən Neft Fondundan transferi (aktivləri istifadə etməmək üçün) azaltmalıdır. Ancaq göstərdiyimiz amillər neftin ucuzlaşması ilə aradan qalxa bilər. Ona görə də manatın indiki bahalaşmasını uzunmüddətli hesab etmək düzgün olmazdı. Ən əsası bir fikri özümüz üçün aydınlaşdıraq ki, manat heç zaman əvvəlki kimi baha olmayacaq".
 

 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb