Mançester Kilsəsi – REPORTAJ

10:00 | 26.02.2015
Mançester Kilsəsi – REPORTAJ

Mançester Kilsəsi – REPORTAJ

Rüstəm Qasımov

Əvvəlki reportajlarımda qeyd etdiyim kimi, şəhərdə gəzdikcə çoxlu sayda orijinal və gözəl binalar görürdüm. Bu gün ANN.Az oxucularına özündə Avropa arxitekturasının gözəlliyini əks etdirən, Mançesterin ən gözəl tikililərindən birinə etdiyimiz səfərdən bəhs edəcəyik. Orada keçirdiyim yarım saat həyatımın ən unudulmaz dəqiqələri sırasına daxil oldu.  Mançester şəhər kilsəsi Britaniyanın ən görkəmli, tarixi arxitektura binalarından biri hesab olunur. Qeyd edim ki, bu kilsə Mançesterin düz mərkəzində, Viktoriya-stritdə yerləşir.  





Bu böyük binanın bir hissəsi yuxarısında saat yerləşən hündür qüllədən və onun üzərində yerləşən İngiltərə bayrağından ibarətdir. Bina yüz metr aralıdan da görünür. Binanın üst tərəfini dişlərə oxşar orta ölçülü kəskin çıxışlar tamamlayır.  





Binaya çatdıqda məlum oldu ki, kilsəyə giriş pulsuzdur. Binanın giriş hissəsi arkaya bənzəyirdi.




Kilsə Mançesterin ən qədim tikililərindən biridir (15-ci sərdə tikilib). Amma o, öz mövcudluğu müddətində bir neçə dəfə yenilənib və təmir edilib. Bunun səbəbi odur ki, kilsə müharibə dövründə dağıntılara məruz qalıb. Bu günlərdə isə kilsə fəaliyyət göstərməkdədir. Burada insanlar dua etməyə və fərqli dini ayinləri icra etməyə gəlirlər. Kilsənin önündəki ot baxımlı vəziyyətdədir.





Hətta kənardan da müşahidə etdikdə bu əzəmətli binanın böyüklüyün görmək mümkündür.





Binanın giriş hissəsində lövhə yerləşir. Orada yazılıb ki, kilsənin saxlanılması üçün hər gün 2,880 funt pul xərclənir. Bu səbəbdən hər bir ziyarətçiyə təklif olunur ki, uca yaradanın evini qorumaq üçün köməklik göstərsin. Bunun üçün kilsədə qutu yerləşdirilib.




İçəri daxil olduqda məni qəribə hisslər bürüdü. Binaya kənardan baxdıqda onun nə qədər  iri olduğunu görə bilirsən. İçəridən isə bax belə bir mənzərə ortaya çıxır.





Bir neçə metr getdikdən sonra ziyarətçilərin üzərində şam yandırdığı ərəfənin qarşısında dayandım. Yanaşı qoyulmuş lövhədə belə bir yazı var idi: "Parisdə öldürülmüş insanlar üçün dua oxuyun”. Uca yaradanın ziyarətgahında, mən də şam yandırdım.





Yuxarıda qeyd etdiyim kimi, kilsə fəaliyyətdə olduğundan burada ziyarətçilər üçün stullar qoyulub.





Kilsədə xor zəbur oxuyur. Onun mətni ilə mən də tanış ola bildim. Təəssüf ki, kilsəyə ziyarətimiz vaxtı dua vaxtına düşmürdü. Möhtəşəm akustikası olan bu kilsədə xoru dinləmək maraqlı olardı.





Kilsəni kiçik və böyük həcmli vitrajlar bəzəyirdi.


Vitrajların gözəlliyini kilsənin içərisindən daha yaxşı görmək olurdu. Çünki günəş şüaları çöldən düşərək kilsənin içini bəzəyir. Kilsənin çölündən onlar o qədər də cəlbedici görünmür.
 




Qeyd edim ki, şəhərin yerli əhalisi 15-ci əsrin bu gözəlliyini görmək və xatirə fotosu çəkmək üçün buraya gəlir.





Biz kilsədə çox vaxt itirmədik, amma keçirdiyimiz müddətə də dəyərdi. Ətrafda olan hər şeyi öyrənməyə və araşdırmağa can atırdım, çünki bu son dərəcə maraqlı və həyəcanverici idi. Axı bu mənim kilsəyə ilk səfərim idi.





Beləliklə bizim kilsəyə səfərimiz başa çatdı və biz başqa diqqətə layiq yerləri görmək üçün oradan ayrıldıq.

Mançesterin kilsəsində olmaqda bizə köməklik göstərən Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.


ANN.Az
 
 
















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb