Möcüzəli içkinin məftunedici ətri – REPORTAJ

16:32 | 22.06.2015
Möcüzəli içkinin məftunedici ətri – REPORTAJ

Möcüzəli içkinin məftunedici ətri – REPORTAJ

Rüstəm Qasımov

Bir müddət əvvəl Azərbaycan Muzey mərkəzində "Kofenin rəngi” sərgisinin təntənəli açılış mərasimi baş tutdu. Muzey Mərkəzinin və Mədəniyyət və Turizm nazirliyinin "Coffee planet” şirkətinin sponsor dəstəyi ilə keçirdiyi bu böyük art-layihə bu günlərdə paytaxtımızda baş tutan Avropa Oyunlarıyla eyni vaxta düşürdü. 
 


Sərgi çərçivəsində azərbaycanlı dizayner Nadya Taziyevanın paltar modellərinin nümayişi keçirildi. Taziyevanın yaradıcılığı Muzey Mərkəzinin digər sərgilərindən izləyicilərə yaxşı tanışdır, o, belə sərgilərdə aktiv iştirak edib. 

Sərginin açılışı günü təbii kofenin dequstasiyasıyla birlikdə müxtəlif növlərinin təqdimatı keçirildi. Beləliklə, kofeyə həsr olunmuş nümayiş başqa bir ekspozisiya ilə əla harmoniya təşkil edirdi, belə ki, elə bu günlərdə Muzey Mərkəzində şokolad sərgisi keçirilirdi, nümayişə gələnlər məşhur şokoldaçı Nikolyanın dadlı suvenirlərindən dada bilərdilər. 

"Sərgimizin məqsədi kofe əhval ruhiyyəsi yaratmaqdır – Muzey mərkəzinin rəhbəri Liana Vəzirova deyir. – Kofe möcüzəvi içkidir: o uğur gətirir, əhvalı yüksəldir, sirrləri açır... Özünüzdən soruşun: kofe sizin həyatınızda necə rol oynayır? Sevimli içkidir? Hobbidir? Sirdir? Hər bir insanın onunla bağlı öz fikri var. Elələri var ki, şəxsi xoşbəxtliyi bir fincan kofeylə başlayır. Ancaq digərləri üçün də sözsüz ki, onun nəsə mənası var. Bizim sərgimizdə də hər kəs öz ruhuna uyğun nəyisə tapa biləcək. Çünki rəssamların da bu dünyaca məşhur və sevimli içki barədə fərqli fikri var. Kofe üçün heç bir sərhəd yoxdur deyənlər haqlıdırlar!
Yeri gəlmişkən, kofe təkcə qurmanlar üçün sevinc mənbəyi deyil, həm də onun gözəl ətri var. Və kofe bu il populyarlığının zirvəsində olduğundan bizim layihəmiz xüsusilə aktualdır”. 
 


"Sərgiyə hazırlıq prosesi çox uzun müddət tələb etdi. Belə geniş və hərtərəfli ekspozisiyanın toplanması düz iki il vaxt aldı. Seçim çox ciddi həyata keçirilirdi, ona görə də enerji və vaxt aldı. Biz sərgini təsirli, fərqli və maraqlı etmək istəyirdik.

Burada həm rəsm, həm qrafika, həm heykəl, həm də kuklalar var. Bu mövzu məni hər zaman cəlb edib, kofe getdikcə daha populyar içkiyə çevrilir, o cümlədən də Bakıda. Şəhərimizdə ənənəvi çayxanalarla birlikdə, kofe satılan kafelər də açılır. Nəyə görə məhz kofenin rəngi? Alimlər aşkarlayıblar ki, o, insana çox yaxşı təsir edir. Məsələn, səhərlər insanı gümrahlaşdırır. Biz rəssamlara ideya verdik, onlar da bu ideyanı reallaşdırdılar”, - Liana xanım açıqlamasında dedi. 
 


Sərgidə o qədər maraqlı iş vardı ki, onların hamısı barədə yazmaq qeyri-mümkdündür. Ona görə də, ancaq diqqətimi daha çox cəlbedənlər barədə yazacam. 
Mən ilk olaraq, bu yaxınlarda "Kiçik Qalart” qalerayasında sərgisi baş tutan rəssam Bəhruz Kəngərlidən söz açmaq istərdim. Onun hər bir rəsm əsərində bir fəlsəfə var. Bəhruz arxasında hansısa fikir dayanmayan şəkil çəkmir. Ancaq rəssamın əsərinə baxmaq başqa şeydir, onun rəsmdə nə demək istədiyini anlamaq isə başqa şey. "İlk baxışnda bu şəkillərdə kofe ilə ortaq heç nə yoxdur, ancaq rəng tonuyla onlar kofenin zərifliyini xatırladır. Məsələn, "Çiçəkçi” şəklində mən çiçək satan qadının rəsmini çəkmişəm. Bu obrazdır. Müəmma burasındadır ki, qadınlarla çiçəklər arasında bir bənzəyiş var. Əgər kişi qadını sevərsə və onun qayğısına qalarsa, qadın çiçək açacaq və xoşbəxt olacaq. Əgər bağban çiçəklərə yaxşı qulluq eləsə, onlar solmayacaqlar, əksinə, daha da çiçəklənib, gözəlləşəcəklər. Mən bu şəkilləri yaradarkən, aşağı təbəqədən olan insanları, daha dəqiq desəm, maddi cəhətdən zəngin olmayan insanları göstərmək istəyirdim, onlar təslim olmurlar, asan yaşayış dalınca qaçmırlar, məsələn, oğurluq etmirlər, özlərini satmırlar və ən əsası dilənçilik etmirlər. Məhz belə obrazı olan insanı yaratmışam. Onun üzünü bağladım ki, şəxsiyyətinin sirri çözülməsin”. 
 


"İkinci şəklin süjeti daha çox etnik xarakterlidir və qədim sivilizasiyalarla bağlıdır. "Sirr” adlanan şəkildə təsvir edilən müəmmalı portretdə təsvir edilən qadının nəyə qadir olmasıdır. Ola bilsin, o nəyisə gizlədir, məsələn, bətnindəki yeni həyatı, ya ola bilsin hansısa itkini, sevinci, ya da xoşbəxtliyi. Yenə də, hər kəs şəkli öz dünyagörüşünə uyğun qavrayacaq. İncəsənətə də maraq burdandır, hər kəsin öz hiss qavrayışı var. Rəssam bütöv bir şey yaradır, detalları isə tamaşaçının öhdəsinə buraxır” - Kəngərli açıqlamasında dedi. 
 


Azərbaycanlı rəssam Leyla Altunayın rəsmi də çox orijinal idi, onun rəsmi tədbirin əsas reklam posterində yer almışdı. 
 


Sərgidə mənə Sabir Çopuroğlunun rəsmini görmək qismət oldu, bu rəssam kofe rəngi olan neftlə şəkillər çəkməsiylə məşhurdur. 
 


Məşhur heykəltaraş Məmməd Rəşidovun da işi özünəməxsusluğu ilə seçilirdi. 

Sonra məni istedadlı rəssam Könül İsmayılovanın işi heyran qoydu. Onun işləri gün keçdikcə daha da təkmilləşir. Xüsusilə "Kofenin rəngi” sərgisi üçün Könül fincanda möhtəşəm içkini içən qız şəkli çəkmişdi. Söhbətimiz zamanı Könül bu sərginin onun üçün necə əhəmiyyətli olmasından söz açdı. "Mənə sərgidə iştirak etmək təklif ediləndə, dərhal zərif, yüngül bir şey çəkmək istədim. Ağlıma xəyalpərəstin obrazı gəldi. Dənizin səsini, küləyi çox sevirəm, bunları da şəkildə çəkmək istədim. Qız dənizin sahilində oturub, məftunedici kofe ətri onu xəyallara daldırır, külək onun qəhvəyi saçlarını oynadır, qəhvəyi dəniz dalğalanır və sahilə kofe ətrini gətirir. Bu, xaraktercə mənə yaxın olan əbədi xəyalpərəstin obrazıdır, onun arzuları mütləq çin olacaq”, - İsmayılova dedi. 
 


Gənc və istedadlı rəssam Səbinə Səfərovanın da işi mənim çox xoşuma gəldi. Səfərova açıqlamasında dedi ki, sərgidə çox sayda yaxşı iş sərgilənir və o da burada iştirak etməkdən məmnunluq duyur. Səbinə öz işini belə xarakterizə etdi: 

"Mən kofeni çox sevirəm. Mənim üçün kofe səhər günə gümrah başlamaq və bütün gün yaxşı əhvalda olmaq üçün bir vasitədir. Kofe içmək – bu sadəcə dadlı içki qəbul etmək deyil, bu ətir, dad, rəng magiyasıdır, bu, ritualdır. Ona görə də sərginin mövzusu mənə ilham verdi və "Görüş” adlı işimlə burada iştirak elədim. Adı necə başa düşmək olar, söhbət şəhərlərin birindəki kafedə iki insanın ətirli kofe içdiyi görüşündən gedir. Bəzən bir fincan kofe arxasınca çoxlu hadisələri gətirir, sonda da evlilik tortu ilə yekunlaşır. Mənin işim bu haqdadır”. 
 


Yaradıcılığını xüsusi diqqətlə izlədiyimi Emin Qəhrəmənovun şəkillərindən danışmadan keçə bilməzdim. Bu sərgidə o, iki əsərini nümayiş etdirirdi. 

Qəhrəmanovun yaradıcılığı özünəməxsusluğu ilə fərqlənir, o təkcə gözəllikləri çəkmir, həmçinin onun əsələrinin alt qatında bir məna var, o, insan təbiətinin həm müsbət, həm də mənfi tərəflərini göstərir. Onun təsviri incəsənəti də elə bununla fərqlənir – müxtəlif obrazlar yaratmaq. 

Sərgidə yayımlayan diqqətəlayiq işlərin müəllifləri sırasında Mehriban Şəmşədinskayanı, Zöhrab Salamzadəni, Tatyana Ağababayevanı, Olqa Qladkovanı, Pərviz Hüseynovu, İrina Qundorinanı, Firudin İskəndərovu, Fərəh Əliyevanı, Fərid Ələkpərovu, Günel Ravilovanı, İrina Eldarovanı, Zakir Əhmədovu, Vüqar Əlini, Rəhim Həşimovu, Anar Hüseynzadəni, Məlik Məmmədxanovu, Eldar Babazadəni xüsusi qeyd etmək lazımdır. Onların həri biri öz işlərinin orijinallığı və fərqliliyi ilə seçilirdilər.        

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğatı ilə məşğul olan ANN.Az saytı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Muzey mərkəzində "Kofenin rəngi” sərgisindən fotoları təqdim edirik. Sərgi 30 iyuna qədər qədər davam edəcək, arzu edənlər mərasimə qatıla bilərlər. 


























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb