Məhkəmə Xədicə İsmayılovaya 45 143 manat 63 qəpik vergi öhdəliyi qoyub

10:38 | 22.12.2018
Məhkəmə Xədicə İsmayılovaya 45 143 manat 63 qəpik vergi öhdəliyi qoyub

Məhkəmə Xədicə İsmayılovaya 45 143 manat 63 qəpik vergi öhdəliyi qoyub

 Cümə günü 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi Vergilər Nazirliyinin jurnalist Xədicə İsmayılovaya qarşı iddiasını təmin edərək ona 45 143 manat 63 qəpik ödəmək öhdəliyi qoyub.

Hakim Məhəmməd Əkbərov məhkəmənin qərarını elan etdikdən sonar məşvərətə gedib.

Vergilər Nazirliyi jurnalistdən 63 138 manat vergi borcunun tutulmasını tələb edib. Jurnalist iddianı əsassız və qanunsuz sayaraq məhkəmədən onun təmin olunmamasını xahiş edib.

"Hökumət azad mediaya qarşı fəaliyyəti ilə həm mənim fəaliyyətimi məhdudlaşdırır, həm də özünün beynəlxalq imicinə zərbə vurur. Biz hələ 2010-cu ildə Beynəlxalq Bankda baş verənlərlə bağlı araşdırma dərc etmişdik. O zaman deyirdilər biz böhtan atırıq. Amma müəyyən proseslərdən sonra bu düz oldu. İndi bankın xarici borclarını dövlət ödəyir. Bizim araşdırmalarımız yalnız Beynəlxalq Bankla kifayətlənmir, daha yüksək vəzifəli şəxslərə gedib çıxır", - o qeyd edib

O bildirib ki, 2014-cü ildə ona qarşı sürülən iddialar da əsassız olub.

"Məni 2014-cü il dekabrın 5-də həbs etdilər və o zaman da mənə qarşı iərli sürülən ittihamlar əsassız idi. Hökumətin məqsədi "Azadlıq" radiosunun Bakı bürosunu bağlamaq və mənim jurnalist fəaliyyətimi məhdudlaşdırmaq idi. İndi də Bakı İnzibati İqtisad Məhkəməsində Vergilər Nazirliyinin iddiası üzrə məhkəmə 1 il 1 ay idi davam edirdi. Bu gün məsələnin məhkəmə baxışının aktuallaşdırılmasının məqsədi mənin beynəlxalq media qurumları ilə əməkdaşlığımı məhdudlaşdırmağa yönəlib. Beynəlxalq qurumlar tərəfindən mənə verilmiş mükafatlar bank hesabıma daxil olan zaman banklarda hesablarıma həbs qoyuldu. Hökumət istəyir ki, bütün qanuni gəlir mənbələrimi məhdudlaşdırsın və beləliklə məni qanunsuz fəaliyyətə məcbur etsin. Sonra da qanunsuz sahibkarlıq iddiası irəli sürsünlər. Amma buna getməyəcəm. Hüquqlarımın müdafiəsi üçün mübarizəmi davam etdirəcəm. Nəhayət, Avropa məhkəməsinə şikayət verəcəm", - jurnalist bildirib.

Jurnalist qanuni fəaliyyət göstərməsi üçün Xarici İşlər Nazirliyinin onu akreditə etmədiyini bildirib.

"Bu səbəbdən xarici media orqanlarında dərc olunan məqalələrimə görə qonorar yazılmamasını xahiş edirəm. Mənə verilmiş mükafatların isə xeyriyyə fondlarına köçürülməsini xahiş etmişəm. Ölkədə qanuni işləyib, vergi ödəmək üçün hər hansı şərait yaradılmır", - o bildirib.

Jurnalist bir daha sədrlik edən hakimin diqqətinə çatdırıb ki, "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olarkən maliyyə məsələləri ilə bağlı cavabdeh olmayıb, radio ilə bağlı vergi öhdəliyi olmayıb.

"Fərz etsək ki, vergidən yayınma olub, belə olan halda da hər hansı mənfəət götürməmişəm. Bunu sübut edən hər hansı sənəd yoxdur və ola da bilməz. "Azadlıq" radiosu qeyri-kommersiya təşkilatıdır və bu dövlətlərarası sənədlərdə təsdiqini tapıb. Radionun fəaliyyət göstərdiyi bütün ölkələrdə də bu, belədir", - o qeyd edib.

Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

2016-cı il mayın 25-də Xədicə İsmayılova Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb.

2017-ci ilin noyabrında Vergilər Nazirliyi araşdırmaçı-jurnalistə qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair mülki iddia qaldırıb.
Xədicə İsmayılova 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılıb.

Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14%-lik gəlir vergisi deyil, 4%-lik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10%-lik fərqi - ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham irəli sürülüb.

Ancaq Ali Məhkəmə jurnalistə qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə bəraət verib. Bu baxımdan 17 min 792 manatlıq məsələ qüvvəsini itirib. Məhz buna görə, noyabrın 7-də məhkəmə Vergilər Nazirliyinin iddiasının 45145 manatadək azaldılması barədə qərardad çıxarıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb