“Məktəblərdəki psixoloji fəaliyyət effektsizdir” - AÇIQLAMA

15:57 | 21.09.2015
“Məktəblərdəki psixoloji fəaliyyət effektsizdir” - AÇIQLAMA

“Məktəblərdəki psixoloji fəaliyyət effektsizdir” - AÇIQLAMA

"Kütləvi İnformasiya Vasitələri intiharla bağlı xəbərləri verməklə həmin ailənin yarasını daha da dərinləşdirir” – bu sözləri ANN.Az-a açıqlamasında psixoloq-psixoterapevt Vəfa Əkbər deyib.

Onun sözlərinə görə, son vaxtlar xəbər saytlarında və portallarında intiharlarla bağlı informasiyaların sayı artıb: "Bu, heç də düzgün atılmış addım deyil. Xəbər saytları sensassiya olsun, daha çox oxucusu olsun deyə bu kimi informasiyaları yayırlar, amma bu zaman qarşı tərəfin də maraqları nəzərə alınmalıdır. Çünki inhitar edən uşaqların valideynlərinin istəməməsinə baxmayaraq, bəzi xəbər saytları onların adlarını, hətta şəkillərini belə ictimailəşdirirlər. Belə xəbərləri yazarkən öncə düşünülməlidir ki, bu bir ailənin ən böyük faciələrindən biridir. Xəbər saytları da həmin intihar edən şəxslə bağlı məlumatları verməklə həmin ailənin yarasını daha da dərinləşdirirlər”.

Gənclər arasında intihar hallarının artması məsələsinə gəlincə, mütəxəssis hesab edir ki, bu onların cəmiyyətdə özlərini sübut edə bilməmələri ilə əlaqədardır. Psixoloq bu kimi halların baş verməsində cəmiyyətin də günahının olduğunu vurğulayıb: "Son zamanlar demək olar ki, valideynlər öz övladları ilə münasibətlərində davranışlarını dəyişib. Yəni onlar uşaqlarına qarşı daha sərt, daha kobud davranır, rəftar edirlər. Ən adi bir hadisəni belə uşaqlarına qarşı kobudluqla izah edirlər. Məsələn: "niyə sən bu işi gec görürsən?”, "Sən niyə beləsən?”, "Sən bacarıqlı deyilsən” və s. Uşaqlara qarşı daha çox sən belə, sən elə deyilməsi onlarda daha sərt hisslərin, davranışların yaranmasına gətirib çıxarır. Bu kimi problemlər və ya məktəbdə,  cəmiyyətdə baş verən çətinliklər onlar üçün çox sadə görünən intihar yolunu seçməyə vadar edir”. 

Psixoloq uşaqların inhitara meyl etməsində digər səbəbi televiziyalarda yayımlanan verilişlərin, filmlərin baş qəhrəmanlarının etdikləri  hərəkətlərlə əlaqələndirir: "Çünki uşaqlar film qəhrəmanlarının etdiyi hərəkətləri real həyatda etməyə cəhd göstərirlər, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir”.

Psixoloq uşaqların intihar etməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görülməli olduğunu bildirib: "Dünyada psixoloji yardım ən bahalı qəbul hesab olunur, amma bu, hər bir insan üçün lazımdır. Bu yardıma hələ uşaqlar məktəbə getdiyi dövrdən başlanılsa, daha məqsədəuyğun olar. Düzdür, məktəblərdə psixoloqların olduğu deyilsə də, onların fəaliyyəti effektsizdir, çünki nəticəsi göz qarşısındadır.   Buna görə də ilk öncə psixoloji yardıma hələ məktəb dövründən başlanılması gənclər arasında son zamanlar yayılan intiharların qarşısını ala bilər”.  

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM