Mənsur Qeysər: İftira torunda çapalayan qız - E-kitab

11:35 | 28.01.2014
Mənsur Qeysər: İftira torunda çapalayan qız - E-kitab

Mənsur Qeysər: İftira torunda çapalayan qız - E-kitab

Hekayə

İftira torunda çapalayan qız

Avtobus dayanacağa hələ tam yanaşmamışdı. İçəridəki gənc bir qız maşından yerə hoppanaraq, sürətlə oradan uzaqlaşmağa başladı. Digər müştərilərdən daha cəld tərpənən yaşlı bir qadın da çəkələklərini əlinə aldı, səndələyərək, əl-ayağı əsərək həmin qızın ardınca getməyə başladı. Aydın məsələdir ki, bu qadının o qıza çatmaq üçün göstərdiyi hər cəhd nəticəsiz qalırdı. Qadın gah çəkələklərini sağ əlindən sol əlinə ötürür, gah nimdaş, kirli-pasaqlı burqasını (Pərəncə. Çadranın üz qismi torlu tipi. Asiyanın müsəlman ölkələrində qadınlar arasında geniş yayılmış üst geyim növü. Yalançı qollara malik bu xələtin üz qismi adətən torla örtülür - A.Y.) başına çəkir, gah iri gözlüyünü burnunun üstünə oturdur, gah da şalvarının balaqlarını yığırdı ki, nisbətən yeyin yeriyə bilsin. Ancaq hər şeyə rəğmən, qabaqda gedən qız, suda üzən sona kimi, küçəylə şütüyərək irəliləyirdi.

İnsanlarla dolu küçədə bulunanların diqqəti sürətlə irəliləyən bu iki qadına - qəhvəyi rəngli burqa taxan qız ilə bəyaz burqalı ağbirçək qadına cəmlənmişdi. Arxadan qıza çatmağa çalışan ahıl qadın az qala bir tanqanın (tək at qoşulmuş fayton növü - A.Y.) altına girəcəkdi  Buna görə tanqa sürücüsü ona çox qaba şəkildə bağırdı. Onun yanında əyləşən kişi isə bu çirkin cümləni işlətdi:

- Gənclərin gözü ayağının altını görməz ki, gözəlim!

Qız nifrətlə tanqanı süzəndən sonra keçib, küçənin qarşı tərəfiylə qaçmağa başladı. Bərbərxanada oturub, «Arzular» konsertini dinləyən və dərzi dükanında kart oynayan bir neçə dəliqanlı cavan özlərini tez dışarı atdılar, bir-birlərinin böyürlərini dümsükləyərək, qıza atmacalar yağdırdılar.

- Qurban olaram, qız, sənə! İldırımsan, nəsən sən?

- And içərəm ki, bunun əndamı daş kimidir!

- Ə, gözəl köləsi! Susub, yerində otursana!

Cavanlardan iki-üçü qaçıb, qıza yetişdi. Onları görüncə, qız daha da əndişələndi. Təlaşdan sol ayağı şalvarının balağına ilişdi, yıxılmaqdan son anda və zor-bəla qurtuldu. Çox yəqin, ayağı burxulmuşdu və bu səbəbdən sonrakı bir neçə metri ayaq barmaqlarının ucunda yeriməli oldu. Nəfəsi daralan ağbirçək qadın onu səsləməyə çalışsa da, qurumuş boğazından səs çıxmadı. Qız qəfil bir dalana buruldu. Cavan oğlanlar həmin tində durub, həsrətlə qızın ardınca baxmağa başladılar. Az sonra ahıl qadın da onların durduğu tinə yetişdi.

Qadın təngnəfəs olmuşdu, danışmağa heyi yox idi. Eləcə ağzını açıb, gözlərini qıydı, qaşlarını düyümləyərək, tindəki cavanları ikrahla süzdü. Sonra təkrar qızın təqibinə davam elədi. 

Bu vaxt küçədə xeyli adam toplaşmışdı. Yaranan tünlük üzündən tanqa, velosiped və maşınların hərəkəti çətinləşməkdəydi. Ancaq hərəkətin tıxanması tünlük yaradanların heç vecinə də gəlmirdi, olayla bağlı hərə bir fikir yürütməyində idi:

- Onu tanıyıram, onsuz da yüngül-dingil bir qızdır.

- Görəsən harada ləngiyibmiş ki, indi belə başılovlu qaçır?

- Burkanın adını da bədnam edir belələri!

- Bax, indi necə məsum pişik kimi qaçır!

- O cadugərə oxşayan qadını gördünüz də! Yəqin o, bu qıza müştəri tapmaqla, pul qazanır!

Sonra bu toplaşan adamlar iki və dörd nəfərlik qruplara ayrıldılar. Bəziləri dükanların içinə daldı, digərləri isə ticarət sırasının önündəki səkidə dayanaraq və ya oturaraq, dedi-qodularına davam elədilər:

- Allah özü bizi yaşadığımız zəmanənin pisliklərindən qorusun! Namus-qeyrətin artıq heç quruca adı da qalmayıb, vallah!

- Tərbiyəli qıza bənzəyirdi. Görəsən zavallının başına nə oyun açıblar belə?

- Onun nəyi zavallıdır?! Fitnə-fəsaddan həzz alır o. Müştərisi ayağına gəldiyindən heç nəyə başını yormur.

- Bu gün küçələrimiz də can bazarına dönüb. Hətta bu bəla abırlı ailələrdən də yan keçmir.

- Yoxsullar neyləsin ey?! Aclıqdan o dərəcədə beziblər ki, alınlarına namus ləkəsi vurulmasıyla da razılaşıb, pis yolu seçirlər.

Bərbərxanadakılar təkrar «Arzular» konsertini dinləməyə başlamışdılar, dərzi dükanındakılar isə kartları qarışdırıb, paylaşmışdılar. Kartlarını sıxarkən hələ də qızdan danışırdılar:

- O qız görəsən hara qaçırdı elə?

- Məncə, onun ardınca polis düşmüşdü. Yəqin onunla bağlı agentlər polisə xəbər uçurublar.

- Ya da əri qəfil evə dönüb. Ona görə belə qaçırdı.

- Əri hardan idi? O qız evli qadına heç bənzəmirdi də.

Bu əsnada bayırdakı adamlardan bəziləri özünü dərzi dükanına dürtdü. Orta yaşlardakı dərzi qayçısıyla yaxa biçərkən öz yaşıdı olan bir kişiyə deyirdi:

- Hə, Şeyx əfəndi, fəsad işlər bu gün ən son nöqtəsinə qədər gedib, çıxdı. Görünür, buna da şahid olacaqdıq! Necə də hövlnak qaçırdı o qız!

- Mir əfəndi, səncə, o ağbirçək kim idi elə?

Şeyx əfəndidən aldığı başdansovdu cavabdan narazı qalan həmsöhbəti dedi:

- Şeyx əfəndi, niyə özün bir şey düşünmür, hansısa təxmində bulunmursan? Hər halda qadın o qızın anası deyildi, başqa bir şeyi… idi.

Bunun ardınca Mir əfəndi qaba bir söyüş işlətdi.

Başqa birisi də bu söhbətə qoşuldu:

- Niyə anası olammazdı ki?! Guya indiki analar az hoqqalar durğuzurlar?! Bizim məhəllədə belə bir ana-qız var. Elə hoqqalardan çıxırlar ki, Allah heç kəsə göstərməsin!

- Bəs niyə onlardan polisə şikayət eləmirsiniz?

- Eyni məhəllənin adamıyıq deyə, susuruq. Biz qonşu haqqına hörmətlə yanaşırıq, buna görə də onlar…

Bu vaxt saqqalını tumarlayan bir molla qapıya toplaşanları yararaq, içəri girdi və dərzidən soruşdu:

- Mir əfəndi, sən bu olay barədə nə eşitdin?

- Nə eşitməliydim ki, molla?

- Eşitməmisən bəyəm? Az əvvəl gənc bir qız bu küçəylə başılovlu harayasa qaçırmış.

- Elədir ki var, molla. Biz də bu olayı öz günahkar gözlərimizlə gördük.

- Nə kökdə idi o?

Mollanın ağzından bu sual ixtiyarsız çıxdı. Camaat içində olduğunun fərqinə varınca, o, qınaqla sözünə davam elədi:

- Gördün… ancaq görəndən sonra cürətin harayasa yox oldu. Tutub onun hörüyünü kəsə bilmirdin?! Əstəğfirullah, əstəğfirullah! Görünür, Qiyamət günü lap yaxınlaşıbdır. Bunlar hamısı Qiyamətin nişanələridir. Çünki bəndələrin qəlbində zərrəcə Allah və Peyğəmbər qorxusu qalmayıbdır!

Başqa birisinin danışmasına məhəl qoymayan molla coşub-daşdı:

- Allah qənim olsun! Müsəlman qız qaçdı… Müsəlman qız qaçdı və siz möminlər də buna sadəcə seyrçi qaldınız.

- Qız qaçıbmış!

Molla bu hökmü necə gur və zəhmli səslə söylədisə, küçənin o cinahındakı evlərin üst mərtəbələrindəki pəncərələrdən də qadınlar və kişilər aşağı boylanmağa başladılar.

Bir neçə nəfər yuxarıdan soruşdu:

- Kimin qızı qaçıb?

- Böyük şey olubmuş! Bu gün qızların çoxu qoşulub, qaçır da.

Binaların dam hissəsindən boylanan qız uşaqları dopattalarıyla (ipək və ya muslin parçadan hazırlanan baş örtüyü - A.Y.) yaşmanaraq, bu sözlərə gülməyə başladılar.

Molla, Şeyx əfəndi və Mir əfəndi üzlərini yuxarı qatdakılara tutaraq, dedilər:

- Camaat, bura gəlin ki, qəziyyənin təfərrüatlarını sizə də bildirək.

Həmin adamlar da aşağı endilər. Bu sayədə tünlük lap artdı. Dedi-qodular da baş alıb, getdi. Qızın qaçması da Qərb yaşam tərzinin toplumda yol açdığı fəsadlardan biri kimi qələmə verildi. 

Müzakirələr əsnasında bir neçə polis əməkdaşıyla bir komissar oraya gəldi. Görünür, kim isə baş verənlərlə bağlı yaxınlıqdakı polis şöbəsinə xəbər çatdırmışdı. Komissar yerin yiyəsiymiş kimi soruşdu:

- Nəzarət elədiyim bu məhəllədən qaçaraq keçən kim imiş elə?

Polisi görənlər əlüstü kartları gizlətdilər. Oraya yığışanlar bir-bir aradan sürüşməyə başladılar. Mir əfəndinin və mollanın rəngi avazıdı. Kimsənin cıqqırı çıxmırdı artıq. 

Komissar bir də soruşdu:

- Hansı tərəfə qaçdı o?

Yenə cavab almadı. Mir əfəndiyə üz tutdu:

- Sən bu barədə bir şey bilirsən?

Mir əfəndi əlini isti ütünün üstünə qoyaraq, and-aman elədi:

- Vallah, mənim heç nədən xəbərim yoxdur. 

Molla və Şeyx əfəndi də eyni suala inkar cavabı verdi. Qonşu dükanın sahibi bir cüt stul gətirib, oraya qoydu. Komissar qoltuğundakı bir qalaq kağızı əlinə alıb, stulda əyləşdi. 

Mən də öz yoluma davam elədim.

Evimə yaxınlaşdığım vaxt həmin o gənc qız ürkək-ürkək geri dönürdü. Bir az aralıda ayaq saxladı. Bir dəqiqə nə isə danışdı və sonra ağbirçək qadınla birlikdə bir göz qırpımında harayasa qeyb oldu. Ancaq onu tanımağa macal tapmışdım: qonşumun onuncu sinif imtahanlarına gedən qızı idi bu. 

İmtahan zalına girməzdən öncə fərqinə varıbmış ki, sənədlərini evdə unudub, evlərinə avtobus və ya tanqayla dönmək üçün üstündə pulu olmadığından, küçə boyu qaçaraq geri qayıdıbmış.

Dilimizə çevirdi - Azad YASAR

https://www.facebook.com/azadyasharofficial

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb