Mirvari Qəhrəmanlı: “Dövlət Neft Şirkətinin xüsusi xilasedici qurumu olmalıdır” - MÜSAHİBƏ

15:26 | 08.12.2015
Mirvari Qəhrəmanlı: “Dövlət Neft Şirkətinin xüsusi xilasedici qurumu olmalıdır” - MÜSAHİBƏ

Mirvari Qəhrəmanlı: “Dövlət Neft Şirkətinin xüsusi xilasedici qurumu olmalıdır” - MÜSAHİBƏ

ANN.Az-ın müsahibi hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıdır. O, "Günəşli” yatağının 10-cu dərin özülündə baş verən  yanğın hadisəsinin səbəblərinə toxunub. Neftçilərin təxliyyə prosesinin düzgün aparılıb-aparılmamasına aydınlıq gətirib, eləcə də Dövlət Neft Şirkətində islahatların aparılmasının vacibliyinə toxunub. 

- Mirvari xanım, Dövlət Neft Şirkəti hadisə ilə bağlı rəsmi açıqlamasını verdi, öz versiyasını səsləndirdi. Uzun illər bu sahədə çalışmış şəxs olaraq bu hadisənin baş vermə səbəbləri haqqında nə düşünürsüz? Əsl səbəb nədir? 

- Baş vermiş hadisəylə bağlı müxtəlif versiyalar səsləndirilib və bu da məni narahat edir. Artıq hadisə ilə bağlı dövlət kommisiyası təşkil olunub və düşünürəm ki, orada kifayət qədər yaxşı mütəxəssislər var. Bu şəxslər baş verənlərlə əlaqədar ictimaiyyətə rəsmi açıqlamalar verəcəklər. 

Hadisəyə gəlincə, ilk saatlarda baş verən proseslərlə bağlı tez-tez məni məlumatlandırırdılar. İlk aldığım məlumatlardan çıxardığım nəticə bu idi ki, daxili təhlükəsizlik qaydalarına riayət olunmayıb. Platformadakı qaz xəttində çatışmazlıq olub. Həmin çatışmazlığın nə olduğunu mənə deyiblər, amma onu burada səsləndirmirəm. Hansısa terminlərin düzgün ifadə olunmamasından ehtiyat edirəm və bu da tədqiqatın gedişatına mane ola bilər. Məndə olan informasiyalardan gəldiyim ilkin qənaətim odur ki, platformada təhlükəsizlik qaydaları pozulub, külək, şiddətli qasırğa həmin kiçik səhvin on qat, hətta yüz qat böyüməsinə gətirib çıxarıb. Buna görə də güclü yanğın hadisəsi baş verib. 

- Sizcə, Fövqəladə Hallar Nazirliyi təxliyyə prosesini düzgün aparıbmı və ümumiyyətlə, FHN dəniz şəraitində xilas etmə işində nə dərəcədə peşəkardır? Nəzərə alsaq ki, əvvəllər Dövlət Neft Şirkətinin özünün xilasetmə qurumu olub və sonradan onu ləğv ediblər. Bu qurumun ləğv edilməsi Dövlət Neft Şirkətinə lazım idimi? 

- Təxliyyə prosesi insanların, platformada çalışan bütün işçilərin maarifləndirilməsindən başlayır. Səhv etmirəmsə, hər 6 aydan bir təhlükəsizlik qaydaları ilə bağlı testlər keçirilir, qiymətləndirilmələr aparılır. Amma nədənsə, ta qədimdən insanlar təhlükəsizlik məsələrlərində səhlənkarlığa yol veriblər. Qaldı, dekabrın 4-də baş verən hadisəyə, təhlükəsizlik texnikasına nə dərəcədə riayət olunub, kimdir buna cavabdeh və s. bütün bu suallara araşdırma zamanı bəlli olacaq.

Fikrimcə, əsas problem ondadır ki, insanlar təxliyyə zamanı çaşqınlığa yol veriblər, özlərini itiriblər. Hadisə baş verərkən ilkin təxliyyəni platformanın rəhbərliyi həyata keçirməli idi. Təxliyyənin növbəti mərhələsini "28 May” Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi, daha sonra isə şirkət rəhbərliyi həyata keçirməli idi. Amma elə ilkin təxliyyə zamanı insanlar özlərini itirib və anlaşılmazlıq yaranıb. Onlar o anda nə etdiklərini bilmədən xilasedici qayıqlara miniblər. Təxliyyə ilə bağlı mənə bir versiyanı da dedilər ki, həmin gün külək şimaldan əsirdi, məişət bloku isə yanan yerin arxa tərəfində olub. Bəlkə də işçilər ora qaçsaydılar, nəticə başqa cür olardı. 

Şirkətin struktur məsələlərinə gəlincə, bu, bizim zaman-zaman qaldırdığımız və ağrılı məsələlərdən biridir. Dövlət Neft Şirkəti hələ də struktur islahatları apara bilməyib. 2010-cu ildən başlanan struktur dəyişlikiyi hələ də bitməyib və qurum kamil, işlək mexanizmə çevrilməyi bacarmayıb. Məsələn, Xəzər Dəniz Neft Donanması bütünlüklə şirkətin tərkibindən çıxarılıb. Hanı DNŞ-nin iri gəmiləri, hanı DNŞ-nin Xəzərdə ekologiya ilə bağlı, neft sızmalarının qarşısını almaq üçün iri texnikaları? Onu da qeyd edim ki, belə hadisələr baş verən anda bu iri gəmilər də təcili xəbərdarlıq siqnalları verirdilər. Nədənsə, biz onların heç birini görmürük. Ümumiyyətlə, Dövlət Neft Şirkətinin xilasetmə məsələlərində "bp”yə, FHN-ə möhtac olması səhv addımdır. Bəli, yanğın, qəza, hadisə, olay – bir sözlə, ölkədə baş verən hər bir fövqəladə hadisə FHN-nin səlahiyyətlərinə daxildir. Amma hesab edirəm ki, Dövlət Neft Şirkətinin özünün xilasedici briqadası mütləq olmalıdır və bu durumlarda FHN Dövlət Neft Şirkətinə köməkçi qurum sifətində yardım etməlidir. Çünki Dövlət Neft Şirkəti strateji əhəmiyyətli, çox təhlükəli platformalara, dərin özüllərinə malik olan qurum kimi  özünün xüsusi xilasedici qurumu olmalıdır. Çox təəssüf ki, o, yoxdur. Elə düşünürlər ki, bundan sonra külək əsməyəcək, qasırğa, fırtına olmayacaq. 

Mən FHN-i ittiham etmirəm, nə də onların avadanlıqlarına bələd deyiləm. Amma aldığım informasiyadan belə görünür ki, hadisə zamanı daha çox ətrafdakılar gəmilər köməklik göstərib. Bəlkə də belə düşünməkdə səhv edirəm. Hazırda yanğının söndürülməsini FHN həyata keçirir. Yanğın isə hələ davam edir. Doğrudanmı, FHN-nin çox güclü təbbi fəlakətlərə, fövqəladə halların öhdəsindən gələ biləcək gəmiləri, helikopterləri yoxdur? Bu sualın cavabı mənim üçün çox maraqlıdır.  

- Bundan sonra Dövlət Neft Şirkəti bu kimi hadisələrin qarşısını almaq üçün hansı dəyişiklikləri etməlidirlər? Hadisə ilə əlaqədar təşkil olunan mətbuat konfransında vitse-prezident Xoşbəxt Yusifzadəyə bu barədə sual verdik. O, 1957-ci ildə baş verən hadisədən sonra platformaların hündürlüyünü 13 metrdən yuxarı qaldırıldığını dedi... 

- Birinci dəyişikliyi hökümətdən gözləyirəm. İstər digər QHT-lər olsun, istər bizim təşkilat dəfələrlə təklif edib ki, Dövlət Neft Şirkəti dövlətin şirkətinə çevrilməməlidir. Çünki Dövlət Neft Şirkəti ikinci dövlət büdcəsidir. Başqa nazirliklərin görməli olduğu işləri Dövlət Neft Şirkətinə yönləndirirlər. Dövlət Neft Şirkətinin özünün sosial proqramı olmadan çoxlu layihələrdə iştirak edir. DNŞ hələ də BMT-nin baş sazişinə qoşulmayıb. Koorperativ sosial öhdəliklər götürməyib, amma sanki dövlətin əlinin altında bir büdcədir, təcili yardımdır. Hökumətdən Dövlət Neft Şirkətini almaq, büdcə səlahiyyətlərindən azad etmək lazımdır. 

Neft Şirkəti köhnə yataqlara sərmayə qoymaq istəmədiyinə görə, orada əməliyyat şirkətləri yaradılıb.  Bu həm hasilatın aşağı düşməsinə, həm ölkədə işsizliyin artmasına səbəb olub. Dövlət Neft Şirkətinin bundan heç bir uduşu yoxdur. Çünki aparılan araşdırmalar göstərir ki, əməliyyat şirkətləri çox faydasızdır. 

"Günəşli” yatağı Dövlət Neft Şirkətində çıxan ümumi neftin 60 faizdən çoxunun verir. Yəni əsas neft  hasil edən mənbədir. Dövlət Neft Şirkəti diqqətini bu hadisəyə qədər olanlara və bu hadisədən sonra da gözlənilən risklərə yönəltməli, əlahiddə komissiya yaradaraq platformalarda təftiş aparmalıdır. Ümumiyyətlə, bu platformaların əksəriyyəti 1980-ci illərdə tikilən platformalardır. Bu platformalar məşhur neftçi, əməkdar mühəndis Qurban Abbasovun rəhbərliyi ilə çox düzgün və savadlı şəkildə inşa olunub. Dəniz platformalarının sayını və neft hasilatını daha çox artırmaq onun arzusu idi. O vaxt tikilən platformalar  öz dövrü üçün təhlükəsizlik qaydalarına tam cavab verirdi. Əlbəttə ki, onları "Azəri-Çıraq” platforması ilə müqayisə etdikdə görərik ki, onların vəziyyəti çox pisdir. 
 
Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM