Mover.az vətəndaşın məhsulunu 3 ay gecikdirir, şirkət isə almadığını deyir

12:06 | 07.02.2022
Mover.az  vətəndaşın məhsulunu 3 ay gecikdirir, şirkət isə almadığını deyir

Mover.az vətəndaşın məhsulunu 3 ay gecikdirir, şirkət isə almadığını deyir

"Mover.az" şirkəti üç aydır müştərinin sifarişini təhvil vermir, bunu şirkətin müştərisi Ramin Məmmədov  anews.az-a mover.az kargo şirkətindən şikayətçi olduğunu bildirərkən deyib.
 
"2021-ci il noyabrın 26-da Aliexpress saytından maşınım üçün bir məhsul sifariş verərək mover.az kargo şirkətinin Amerikada yerləşən ünvanını seçdim. Elə həmin gün mağazadan bildiriş mesajı aldım ki, məhsulum kargo şirkətinə təhvil verilib. Artıq üç ay vaxt keçməsinə baxmayaraq kargo şirkəti bildirir ki, bizim ünvana həmin məhsul çatmayıb. Mənə bildirdilər ki, həmin mağazanın təslim verilməsi ilə bağlı rəsmi sənədi onlara kargo şirkərinə göstərim. Biz də Amerikada bir yaxın adam tapıb həmin sənədi mağazadan istəyib kargo şirkətinə təqdim etdik. Şirkət öncə məhsulun təhvil alınması ilə bağlı mənə mesaj göndərsə də sonradan təslim almadıqlarını bildirdi. Belə üç aydır məni süründürürlər. Mən ikinci qrup əlilləm. Atam vətən müharibəsi qazisidir. Mənim artıq pulum yoxdur yenidən məhsulu sifariş verməyə. Dövlətin mənə verdiyi 130 manatla yaşayıram. Kargo şirkəti nə mənim məhsulumu verir nə də pulumu qaytarmır. Şikayətimlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsəm də mənə cavab vermədilər. Mən hələ də hüquqlarımın pozulduğu üçün hara müraciət edəcəyimi bilmirəm", - deyə şikayətçi bildirib. 
 
Məsələ ilə bağlı Mover.az şirkətinin rəhbəri Arif Şəmistanlı məsələni araşdırıb bildirib ki, müştərinin məhsulu onların Amerikada yerləşən ünvanına gəlməyib.
 
"Bizim amerika ünvanına gələn bağlamalar Fox logistics imzası ilə qəbul edilir. Qeyd olunan bağlama üzərində ünvan məlumatları ümumi (sadəcə küçə adı) yazılıb. Mover anbarına aid olan bağlamalar G11 ünvanında qəbul edilir. Eyni formada təhvil alınan imza da göstərilən imza Fox logistics-ə aid deyil", deyə şirkət rəhbəri qeyd edib.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov problemin Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun artıq köhnəlməsində gördüyünü bildirir. 
 
"Belə olan halda vətəndaş onun hüquqlarını qoruyan İqtisadiyyat Nazirliyi yanında intiinhisar və İstehlak Bazarına Nəzarət agentliyinə müraciət etməlidir. Təəssüflər olsun ki, bu agentlik  səmərəli işləmir. Səbəb də odur ki, istehlakçıların hüquqları haqqında qanun zəifdir. 1995-ci il qəbul olunmuş köhnə qanundur. Effektiyini itirdiyi üçün də ona nəzarət edən dövlət orqanı da səmərəli işləmir. Bütün hallarda istehlakçı 599-76-00 xətti ilə adıçəkilən quruma müraciət etməyi məsləhət görürəm. Bundan başqa Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsin. Biz də ərizəni qəbul etdikdən sonra çalışacayıq danışıq yolu ilə məsələnin həll olunmasına kömək edək. Yardım edilməsi mümkün olmadığı halda biz də öz növbəmizdə vətəndaşın adından dövlət orqanına müraciət edirik", - deyə Eyyub Hüseynov bildirib. 
 
Hüquqşünas Fariz Namazlının sözlərinə görə, əgər vətəndaşın istehlakçı hüquqları pozulursa buna görə o məhkəmədə həmin şirkət barəsində iddia qaldıra bilər. 
 
"Əgər həmin məhsulun şirkətə təsdiq edən sənədi varsa və o sənəd həqiqətən təsdiq edir ki, kargo şirkəti həmin məhsulu alıb vətəndaş məhkəməyə müraciət edə bilər. . Əgər şirkət bildirirsə almayıb onu artıq şirkət almadıqlarına dair sübut göstərməlidir. Yəqin ki, şirkətin Amerikada nümayəndəliyi imza çəkib məhsulu alıb. Vətəndaş məhsulunu ala bilmirsə ona dəymiş ziyanla bağlı şirkətə qarşı iddia qaldıra bilər. Bundan sonrasını isə məhkəmə müəyyən edəcək ki, kargo şirkətinin məsuliyyət var yoxsa yox. Kargo şirkəti vətəndaşa müəyyən bir xidmət göstərir. Xidmətin qarşılığında da qeyd edir ki, mən bu məhsulu müəyyən vaxt ərzində təhvil verəcəm. Əgər həmin vaxt ərzində məhsulu çatdırmırsa, deməli müştəri qarşısında öhədliyini pozur", - deyə hüquqşünas qeyd edib.
 
 
Gülnar Nazimqızı
 


www.anews.az
3
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb