MTN-də islahatlar – yaxşıdır, yoxsa pis? - AÇIQLAMALAR

17:37 | 14.12.2015
MTN-də islahatlar – yaxşıdır, yoxsa pis? - AÇIQLAMALAR

MTN-də islahatlar – yaxşıdır, yoxsa pis? - AÇIQLAMALAR


Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi, kəşfiyyat və əks kəşfiyyat xidmətlərinin bir-birindən ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərməsi müsbət qiymətləndirilə bilər. Sadəcə, bu islahatların ardı olmalı, yüksək səviyyəli kardlar yetişdirilməlidir.

Ekspertlər - İlham İsmayıl, Sülhəddin Əkbər və Mahmud Hacıyev MTN-nin ləğv edilməsi, əvəzində isə Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması sərəncamını şərh ediblər.
 
 
İlham İsmayıl
 
Sabiq MTN əməkdaşı İlham İsmayıl ANN.Az-a açıqlamasında bildirib ki, bu islahatın lazımlılığı məsələsinə əvvəllər dəfələrlə toxunulub: "Biz bu təklifi 2-3 il əvvəl irəli sürmüşdük. Amma indiki qarışıq bir vaxtda belə bir addım atılıbsa, deməli, belə məsləhət görüblər”.

İ.İsmayıl hesab edir ki. MTN ləğv olunmayıb, sadəcə adı dəyişdirilib: "Hamı deyir, MTN ləğv olunub. Bu, belə deyil. Sadəcə,  MTN-nin əsasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Yəni ad dəyişdirilib və bir qurum - Xarici Kəşfiyyat Xidməti müstəqil olub. Əvvəllər kəşfiyyatın işlərini, işə qəbulu MTN-nin tərkibində olan bir qurum həyata keçirirdi və indi həmin qurum müstəqil oldu”.

Ekspert burada bir məsələni vurğulamağı vacib sayıb: "Orada çalışan işçilər, kadrlar hamısı yerlərində saxlanılıb”.
 
 
Sülhəddin Əkbər
 
Sabiq MTN əməkdaşı Sülhəddin Əkbər təxminən bir həftə öncə MTN-də köklü islahatların aparılmasının labüdlüyündən danışdığını yada salıb: "Bu barədə konkret təkliflərim də olmuşdu. Bunlardan biri də MTN-nin ləğv edilməsi idi. Nazirliyin əvəzində isə kəşfiyyat və əks kəşfiyyat idarələrinin yaranması fikrini demişdim. Bu baxımdan dövlətin bu addımını müsbət qiymətləndirirəm. Ancaq bu xidmətlərin yaranması nə Azərbaycanın kəşfiyyat xidmətinin güclənməsinə,  nə də təhlükəsizliyin möhkəmlənməsinə öz-özlüyündə xeyri ola bilməz. Bu islahatın xeyrini, müsbət nəticə verməsi üçün hələ xeyli işlər görülməlidir. Hər şeydən öncə  Azərbaycanın MTN Akademiyası gücləndirilməlidir ki, lazımlı kadrlar yetişsin”.
 
 
Mahmud Hacıyev
 
Sabiq polis polkovniki Mahmud Hacıyev ANN.Az-a açıqlamasında yaradılan yeni qurumlar haqqında indidən fikir söyləmək istəməyib: "Heç kim bu qurumların fəaliyyətində hər hansı problemin olmasını istəməzdi. Sovetlər dövründə KQB-nin tərkibində fəaliyyət göstərən eyni adlı idarə çox yaxşı işləyirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra MTN yaradıldı və onun tərkibində müxtəlif qurumlar əlavə olundu. Fikrimcə, strukturu sovetlər dövründə olduğu kimi saxlasaydıq, daha yaxşı olardı. Həm sonradan İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları əhalinin başına bu qədər oyun açmazdılar”.

Mahmud Hacıyev xarici kəşfiyyat qurumunun Rusiyada da ayrıca fəaliyyət göstərdiyini deyib: "Onlarda həm Federal Təhlükəsizlik Xidməti (rusca, "ФСБ” Федеральная Служба Безопасности ), həm də xarici kəşfiyyat xidməti  (rusca, СВР (Служба Внешней Разведки)  var. Adətən, xarici kəşfiyyat idarəsində  işləyənlər səfirliklin əməkdaşları, xarici diplomatlar olurlar. Baxmayaraq ki, onlar səfirliklərin tərkibində işləyirlər, amma əsl fəaliyyət istiqamətləri xarici kəşfiyyatla bağlı olur”.

Bu gün ölkə başçısının sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub. Prezidentin digər sərəncamı ilə iki dövlət xidməti yaradılıb – Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti.  General leytenant Mədət Quliyev DTK-nin, Orxan Sultanov isə XKX-nin rəisi təyin olunublar.

Qeyd edək ki, ANN.Az-a açıqlama verən ekspertlərin heç biri XKX rəisi Orxan Sultanov haqqında məlumata malik olmadıqlarını deyiblər.
Haqqın.az-ın məlumatına görə, Orxan Sultanov əvvəllər XİN sistemində çalışıb. O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb.

O.Sultanovun XİN sistemindən uzaqlaşandan sonra hansı sahədə çalışdığı məlum deyil.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür