Mustafa Abbasbəyli: “Qeyri-neft sektorunun potensialını yüksək qiymətləndiririk” - MÜSAHİBƏ

12:03 | 27.04.2016
Mustafa Abbasbəyli: “Qeyri-neft sektorunun potensialını yüksək qiymətləndiririk” - MÜSAHİBƏ

Mustafa Abbasbəyli: “Qeyri-neft sektorunun potensialını yüksək qiymətləndiririk” - MÜSAHİBƏ

Caspian Energy (CE): Zəhmət olmasa, Klub tərəfindən Azərbaycan Respublikası Prezidenti, Caspian European Club-un sədri Zati-aliləri cənab İlham Əliyevə göndərilmiş təkliflər barədə bir qədər ətraflı danışardınız. Maraqlıdır, həmin təkliflər iqtisadiyyatın əsasən hansı sahələrini əhatə edir?

Caspian European Club-un İdarə Heyətinin üzvü və Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli: Məlum olduğu kimi, bizim ekspert komissiyamız Caspian European Club (Caspian Business Club) çərçivəsində fevral ayında müxtəlif istiqamətlər üzrə bir sıra təkliflər hazırlayıb, Sizin də qeyd etdiyiniz kimi, cənab Prezidentə təqdim etdi. Sözü gedən təkliflər əsasən, üç hissəyən ibarətdir. Təkliflər əsasən gömrük, vergi və Azərbaycanın investisiya iqlimi sahələrini əhatə edir.

Qeyd etmək istərdim ki, sözügedən təkliflərin işlənib hazırlanması prosesində Caspian European Club-un (Caspian Business Club) bütün üzvləri iştirak ediblər. Klubun hər bir üzvünün müəyyən təklifləri var idi ki, son nəticədə biz onların hamısını qruplaşdırıb vahid təkliflər forması şəklində dövlət başçısına təqdim etdik.

CE: Gömrük üzrə təkliflərə konkret hansı bəndlər daxil edilib?

Mustafa Abbasbəyli: Gömrük sahəsi ilə bağlı təkliflərdən danışarkən bu istiqamət üzrə bir neçə əsas məqamı qeyd etmək istərdim. Ən birincisi, bizim təklifimiz tarifikasiya ilə bağlıdır. Təkliflərdə gömrük yığımı ilə bağlı xüsusi bənd var. Orada qeyd olunur ki, Gömrük Komitəsi məhsullara, xüsusilə də Azərbaycanda istehsal olunan məhsulların idxalına fərqli tarifləşdirmə tətbiq etməlidir. Sadə dillə izah etsək, Gömrük Komitəsi Azərbaycan məhsulu olmayan və Azərbaycanda istehsal olunan məhsullar arasında bölgü aparmalıdır. Belə ki, Azərbaycanda istehsal olunan idxal məhsullarının gömrük tarifləri qaldırılmalıdır. Azərbaycanda istehsal olunmayan məhsullara tətbiq olunan gömrük tarifləri isə müvafiq qaydada ya öz səviyyəsində qalmalı, ya da azaldılmalıdır. Bundan əlavə, biz həmin tarifləşdirməni hər il mütəmadi şəkildə yeniləməyi təklif edirik. Məlum olduğu kimi, Azərbaycanda hər il müxtəlif yeni xidmət sahələri yaranır. Məhz buna görə də tarifləşdirmənin hər il yenilənməsinin düzgün olduğunu hesab edirik.

Təkliflərimizin gömrüklə bağlı digər bir bəndində aksizli malların, xüsusilə də alkoqollu içkilərin, siqaretin və s. gömrük tariflərinin yüksəldilməsi məsələsi öz əksini tapıb. İT texnologiyaları sahəsində də bütün tariflərin qruplaşdırılmasını istərdik. Bu gün Azərbaycanda İT texnologiyaları üçün bir neçə müxtəlif tarif tətbiq olunmaqdadır. Bu da öz növbəsində idxalçıya müəyyən çətinliklər yaradır. İdxalçılara qarşı ədalətsiz yanaşma olmasın deyə, biz onların eyni tarif üzrə qruplaşdırılmasını təklif edirik.

Nəhayət gömrüklə bağlı təkliflərin son bəndi əhəmiyyətli məsələ olan xammala tətbiq edilən gömrük yığımının azaldılması və ya ümumiyyətlə ləğv edilməsini əks etdirir. Xammal yerli istehsalatın əsasını təşkil etdiyi üçün bu, kifayət qədər ciddi məqamdır.

CE: Fiskal siyasəti ilə bağlı irəli sürülən təkliflər barədə hansı məqamları qeyd edə bilərsiniz?

Mustafa Abbasbəyli: Vergi sistemi üzrə biz bir neçə bənd təklif edirik. Onlardan birincisi əlavə dəyər vergisi üzrə tarifləri müəyyənləşdirməkdir. Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə əlavə dəyər vergisinin bir neçə kateqoriyası mövcuddur. Bizdə həmin vergi ya 0%, ya da 18% təşkil edir. İnkişaf etmiş xarici dövlətlərdə isə həmin məbləğ kateqoriyasından asılı olaraq 21%-ə qədər yüksələ bilir. Gündəlik tələbat malları üçün bu faizlər olduqca aşağıdır. Biz ƏDV sahəsində məhz analoji formanın tətbiqini təklif edirik.

Bu sahə ilə bağlı irəli sürülən təkliflərdən biri də vergilərdə üçüncü kateqoriyanın yaradılmasıdır. Məsələ burasındadır ki, hazırda Azərbaycanda verginin əsasən iki rejimi mövcuddur: sadələşdirilmiş vergi və normal vergi. İkinci kateqoriyaya aid olan şirkətlərin gəlirlərinin 20%-i vergiyə cəlb olunur. Biz təklif edirik ki, illik dövriyyəsi 50 min manatı keçməyən şirkətlər üçün verginin yeni – üçüncü kateqoriyası tətbiq edilsin. Belə olan halda, qeydiyyatdan keçdiyi andan hesablanmaq şərtilə birinci il ərzində illik dövriyyəsi 50 min manatadək olan şirkətlər heç bir vergi ödəməyəcək. Dövriyyəsi 50 min manata çatanda və ya bir il tamam olanda isə həmin şirkətə sadələşdirilmiş vergi sistemi tətbiq ediləcək ki, bu da illik gəlirin cəmi 4%-ni təşkil edir.

CE: Sözügedən təklif fiziki şəxslərə tətbiq olunan vergiyə də şamil ediləcəkmi?

Mustafa Abbasbəyli: Vergi sistemi üçün nəzərdə tutduğumuz yeniliklərdən biri də fiziki şəxslərin gəlir vergisinin sadələşdirilməsi və ya azaldılması ilə bağlıdır. Hazırda sosial sığorta haqları ilə birgə bu məbləğ 39%-dən 50%-dək təşkil edir. Əmək haqqısı 2500 manatadək olan fiziki şəxslər 39 fazi, 2500 manatdan çox məvacib alanlar isə 50% vergi ödəyir. Şirkət üçün gəlir vergisi 20% təşkil edir. Bu sxemə nəzər yetirsək görərik ki, gəlir vergisini ödəmək şirkət üçün fiziki şəxslə müqayisədə daha sərfəlidir. Təəssüflər olsun ki, bu gün şirkətlər vergidən yayınmaq üçün əmək haqlarının məbləğini azaldırlar. Fiziki şəxslərlə şirkətlərin gəlir vergisinin eyni səviyyədə olması üçün fiziki şəxsə tətbiq olunan vergini azaltmağı təklif edirik. Bu məsələdə də biz xarici təcrübəni nəzərə almışıq. Məsələn, Gürcüstanda fiziki şəxlərin maaşından 20% vergi tutulur. Gəlir vergisi dividentlərlə birgə 20% təşkil edir. Bu səbəbdən şirkət əməkdaşların məvaciblərini olduğundan az göstərməkdə maraqlı deyil. Çünki hər iki halda ödənilən veriginin həcmi eynidir.

CE: Təkliflərin üçüncü bəndi hansı məqamları əks etdirir?

Mustafa Abbasbəyli: Təkliflərimizin üçüncü bəndi Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, son vaxtlar, xüsusilə də 2015-ci ilin sonlarından bu sahədə mühüm addımlar atılır. Biz də öz növbəmizdə irəli sürdüyümüz təkliflər vasitəsilə həmin prosesə töhfəmizi vermək istəyirik.

Məsələn, reinvestisiyaya tətbiq edilən verginin ümumiyyətlə ləğv edilməsini təklif edirik. Yəni, şirkət gəlir əldə edir və onu reinvestisiya edirsə, pul şirkət daxilində qalır və ya başqa sahəyə reinvestisiya olunursa, bu proses iqtisadiyyatın real sektorunun investisiyalaşmasının inkişafına kömək edəcək.

Bundan əlavə, həmin bənddə həmçinin vizalarla bağlı vəziyyətə də toxunmuşuq. Bildiyiniz kimi, Azərbaycana gəlmək üçün biznes vizasının alınmasında müəyyən problemlər müşahidə olunmaqdadır. Odur ki, biz nəinki biznes vizalarının, hətta turizmin inkişafının vacibliyini nəzərə alaraq turizm vizalarının verilməsi prosesinin sadələşdirilməsini təklif edirik. Bu gün sözügedən istiqamətdə böyük işlər görülür. Əminik ki, həyata keçirilən tədbirlər ölkəmizin investisiya cazibədarlığının artmasına səbəb olacaq.

CE: Ölkənin, ümumiyyətlə, regionun bugünkü iqtisadi vəziyyətini necə qiymətləndirirsiniz?

Mustafa Abbasbəyli: Bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin iqtisadi vəziyyətinə güclü təsir göstərdi. Bu hadisə Azərbaycana əsasən iki istiqamətdə təsir etdi. Birincisi, neftin satışından əldə olunan gəlirlər azaldı və dövlətimiz müəyyən layihələrə ayrılmış xərcləri optimallaşdırmaq məcburiyyətində qaldı. Müşahidə olunan proses iqtisadiyyatın daralmasına səbəb oldu. İkinci tərəfdən isə Azərbaycanın xarici ticarət balansı mənfi göstərici ilə nəticələndi və dövlət milli valyutanı devalvasiya etməyə məcbur oldu. Bir çox məhsulların qiymətinin qalxması iqtisadiyyata təsirsiz ötüşmədi. Amma az əvvəl qeyd etdiyim kimi, baş verənlərdən sonra dövlət institusional, maliyyə və iqtisadi islahatlar, investisiya mühitinin yaxşılaşması üçün qərarlar qəbul etdi ki, bu da öz növbəsində qlobal proseslərin vurduğu zərəri minimuma endirdi. Zənnimcə, hazırda vəziyyət sabitləşib və bizim proqnozlarımıza görə, manatın növbəti devalvasiyası gözlənilmir.

CE: Hansı sahə iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafının lokomotivi rolunda çıxış edə bilər?

Mustafa Abbasbəyli: Hazırda kənd təsərrüfatı və turizm sahələrində böyük potensial görürük. Hər iki sahənin potensialını yüksək qiymətləndiririk. Fikrimcə, dövlət də əsas diqqəti məhz bu iki sahəyə yönəldib. Kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı Prezidentin imzaladığı yeni fərman bunun əyani sübutudur. Hesab edirik ki, sözügedən fərman Azərbaycanda kənd təsərrüfatının inkişafına güclü təsir göstərəcək.

Bundan əlavə, kənd təsərrüfatı və turizmlə yanaşı, nəqliyyat sahəsində də böyük potensial müşahidə olunur. Azərbaycan bu gün qonşu dövlətlər üçün tranzit zonaya çevrilməkdədir. Əlverişli coğrafi mövqedə yerləşməsi Azərbaycana regional nəqliyyat qovşağına çevrilmək imkanı qazandırır. Bu isə öz növbəsində büdcə gəlirlərinin artımına və iqtisadiyyatın digər sahələrinin inkişafı üçün yeni imkanların yaranmasına səbəb olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM