Nazirlik 2016-ci ili üçün planlarını açıqladı

12:02 | 25.12.2015
Nazirlik 2016-ci ili üçün planlarını açıqladı

Nazirlik 2016-ci ili üçün planlarını açıqladı

Son illər, o cümlədən 2015-ci il dünyada baş verən böhran səbəbindən bütün dünya iqtisadiyyatı üçün çətin bir sınaq dövrü olsa da, Azərbaycan bu sınaqdan nəinki minimum itkilərlə çıxıb, hətta özünün iqtisadi artım tempini davam etdirib. 

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. 

O, qeyd edib ki, dövlət başçısının sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların da uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. 

Nazir həmçinin görüləcək işlərin çox olduğunu qeyd edib:

"Digər tərəfdən, əmək və sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mütərəqqi islahatlar davam etdirilib. Bu baxımdan artıq tarixə çevrilməkdə olan 2015-ci ili  bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu bir il kimi dəyərləndirmək olar.

Lakin görüləcək işlər çoxdur. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin  genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi və s. növbəti ildə nazirlik üçün prioritet fəaliyyət istiqamətləri olacaq. 

Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqətdə saxlanacaq”.

Nazir növbəti il üçün nəzərdə tutulmuş planlardan da danışıb:

"Sosial xidmətlər sahəsində yeni yanaşmalara, ciddi keyfiyyət dəyişikliklərinə, həmin xidmətlərin çətin həyat şəraitində olan şəxslərin rifahına təsir edə biləcək bir formada qurulmasına yönələn islahatlar da gündəliyimizdə mühüm yer tutacaq. 

Sosial müdafiə əhəmiyyətli yeni müəssisələr-Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün  İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Qobustan rayonunda  Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur ki, onlar istifadəyə verildikdən sonra aidiyyəti kateqoriyalardan olan insanlarla bağlı reabilitasiya yönümlü yeni xidmət sahələrinin və təcrübələrinin yaranması müşahidə ediləcək”.

"Digər tərəfdən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Qanunun və  "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın,  "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın, "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın, habelə yeni Məşğulluq Konsepsiyasının layihələri hazırlanıb.

Bu layihələr əmək, məşğulluq, sosial müdafiə sahələrində hüquqi bazanın qabaqcıl dünya təcrübəsindən irəli gələn metodlar əsasında təkmiləşdirilməsini, həm də fəaliyyət sahələrinin daha səmərəli, məqsədyönlü iş prinsipləri əsasında qurulmasını  təmin edəcək. 

"İşsizlikdən icbari sığorta haqqında” Qanun layihəsi də qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən icbari sığorta olunması sahəsində ölkədə yeni və vacib bir sığorta növünü formalaşdıracaq.

Qeyd olunanlar baxımından hesab edirəm ki, 2016-ci il əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların davam etdiriləcəyi  və mühüm addımların atılacağı  uğurlu bir il olacaq”, - deyə S.Müslümov müsahibəsində qeyd edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb