Nə üçün qışa hazır deyilik? - AÇIQLAMALAR

10:00 | 05.12.2015
Nə üçün qışa hazır deyilik? - AÇIQLAMALAR

Nə üçün qışa hazır deyilik? - AÇIQLAMALAR

Qarın yağması sağlamlığımıza nə qədər xeyirli olsa da, əksər adamlardan çox zaman belə arzu eşidirik: "Kaş qar yağmayaydı”. Çünki paytaxtda bir balaca külək əsdi, temperatur aşağı endi, vəziyyət qəlizləşir - elektrik enerjisinin verilməsində problem yaranır, küçələri, prospektləri su basır, külək evlərin damlarını uçurur, yaydan bəri qurumuş ağaclar tən ortadan bölünüb ya avtomobillərin üzərinə düşür, ya gəliş-gedişə maneçilik törədir. Dərd-sər bununla bitmir: dəm qazından zəhərlənmə və ölüm halları artır, ictimai nəqliyyatın hərəkətində ciddi problemlər yaranır və s. Hər nə qədər məmurlar, yaxud səlahiyyət sahibləri ölkənin, xüsusən də paytaxt Bakının qışa hazır olduğunu desələr də, reallıq bunu əks etdirmir.

Elə ötən gün – dekabrın 3-dən 4-ə keçən gecə havanın qəfil pisləşməsi, güclü küləyin və yağışın olması problemləri üzə çıxardı – Bakının bir çox qəsəbələrində işıq olmadı, ağaclar qırılıb yolları bağladı, küçə və prospektlər yağı suyundan keçilməz oldu. Bir sözlə, təbiət bizə qıza hazır olmadığımızı sübut etdi. Bəs nə üçün belə olur? Bu sualla ANN.Az əməkdaşı ən əvvəl rəsmi qurumların səlahiyyətlilərinə müraciət edib.
 
 
 

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev son bir neçə gündə quruma kütləvi şəkildə şikayətlərin daxil olmadığını deyib: "Yalnız fərdi qaydada şikayətlər gəlir və əməkdaşlarımız dərhal məsələni araşdırıb, problemi aradan qaldırırlar. Əhaliyə mavi yanacağın verilməsində hazırda heç bir problemimiz yoxdur. İstehlakçılar tələbata uyğun olaraq mavi yanacaqla təmin olunurlar”. 

Mətbuat katibi  "Azəriqaz” İstehsalat Birliyinin payız-qış mövsümündə öz işlərini planlı şəkildə həyata keçirmədiklərini bildirib:  "Sadəcə hər hansı qəza hadisəsi baş verərsə, əməkdaşlarımız buna müdaxilə edir. Bundan ötrü isə birliyin təmir-tikinti idarəsi lazımi texniki avadanlıqlarla təmin olunublar.  Hesab edirik ki, havanın tempraturu nə qədər aşağı düşsə də, bu, "Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətinə təsir göstərməyəcək”.
 
 
 

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Tanrıverdi Mustafayev dünən bəzi yaşayış massivlərinə elektrik enerjisinin verilməsində fasilələr yarandığını etiraf edib:  "Küləyin törətdiyi fəsadlar nəticəsində ağaclar aşaraq elektrik xətlərinin üzərinə düşüb. Nəticədə elektrik enerjisinin verilməsində problem yaranıb. Ölkə ərazisində temperaturun dəyişməsi ilə əlaqədar "Azərişıq” cəmiyyətinin əməkdaşları artıq öz hazırlıqlarına başlayıblar. Çalışırıq ki, bizim sahə ilə əlaqədar hər hansı problem yaranmasın. Dünən yaranan problemlər bu gün ərazində aradan qaldırılacaq”.
 
 
 
Ekspert Natiq Cəfərli açıqlamasında belə halların baş verməsində məhz həmin qurumların rəsmilərinin günahkar olduğunu bildirib: "Kommunal təsərrüfatın hələ də sovetlər dövründə olduğu kimi idarə olunması, Böyük şəhər Bələdiyyəsinin yaradılmaması, bu sistemin təkmilləşdirilməməsi, Bakı şəhərinin 2 milyonluq əhali üçün nəzərdə tutulmuş infrastrukturunun həddindən çox yüklənməsi bu problemi yaradan amillərdəndir. SSRİ dağıldıqdan sonra ölkədə, xüsusilə bu sahələrdə ciddi islahatlar aparılmadığı üçün hazırda bu fəsadlar ortaya çıxır. Azərbaycanda qaz, su, işıq idarələrində rəsmilər heç vaxt mətbuata açıqlamasında demirlər ki, biz bu sahədə çətinlik çəkirik, bu problemlərimiz var. Qurum rəsmiləri ancaq işlədikləri obyektləri tərifləməklə məşğuldur. Problem ortaya çıxandan sonra deyirlər ki, bizim bu problemlərimiz var idi. Nə qədər ki, belə davam edəcək, bu kimi problemlərlə hələ çox rastlaşacağıq”. 

 
 

Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM