-Nihat bəy, bildiyimiz
qədər, Azərbaycan Beynəlxalq Bankında rəqəmsal transformasiya prosesləri başlanıb.
Bu proses hazırda necə davam etdirilir?
-Rəqəmsal
transformasiya layihələri bankın peşəkar komandası və bir çox fərqli ölkələrdən dəvət edilmiş təcrübəli mütəxəssislərin
iştirakı ilə fəal şəkildə icra olunmaqdadır. Bu sahə bank menecmenti üçün əsas
prioritetlərdəndir. Proses gündəlik nəzarətdədir. Nəticələr mütəmadi təhlil
edilir. Növbəti mərhələlər diqqətlə planlaşdırılır. Ümid edirəm ki, bu istiqamətdə
həyata keçirilən davamlı tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankı yaxın
gələcəkdə ümumən regionun ən rəqəmsal və çevik bankı olacaq.
-COVİD-19-dan
sonra gələcəyin bankçılığını necə görürsünüz?
-Dünyamız rəqəmsallaşma trendləri ilə çox qarışıq, qeyri-müəyyən bir dövrə
daxil olub. COVİD-19 isə bu prosesi daha da sürətləndirdi. Yeni dönəmdə qurumları
bir-birindən fərqləndirən əsas cəhətlər dəyişən vəziyyətlərə sürətli
uyğunlaşma, adekvat davranış bacarıqları olacaq. Bu baxımdan, bank sektoru COVİD-19
dövründə özünü doğrulda bildi, böhran durumlarına ən hazırlıqlı sektorlardan
biri kimi göründü.
Dəyişən reallıqlara Agile şəkildə adaptasiya oluna bilən, fərqli
platforma və ekosistemləri inteqrasiya edərək qüsursuz rəqəmsal müştəri təcrübəsi
formalaşdıran banklar fikrimcə, gələcəyə də yön verən biznes subyektləri
olacaqlar. Rəqəmsal bankçılıq həlləri, məsafədən xidmət imkanları ilə banklar və
müştərilər bundan sonra həm zaman, həm məkan baxımından daha müstəqilləşəcəklər.
Biz də bütün bu reallıqları Azərbaycan Beynəlxalq Bankının yeni dönəmdəki fəaliyyətində
nəzərə alırıq.
-Bazar, müştərilər innovativ dəyişikliklərə
necə hazırlanmalıdırlar?
-Hər hansı innovativ məhsul və xidmətin müştəriyə faydasını sadəcə hiss
etdirmək yetər. Müştərilər faydasını gördükləri məhsul və xidmətləri çox sürətli
şəkildə həyatlarına daxil edib ondan istifadə etməyə meyllidirlər. Bunu
COVİD-19 dövründə də müşahidə etdik. Bir çox sektorlar məhz müştərilərin təcrübəsinə
əsaslanaraq bu prosesdə adaptasiya proseslərini sürətlə həyata keçirə bildilər.
Onlayn videokonfransların təşkili, pərakəndə satış sahəsində evə çatdırma xidmətinin
yayılması, elektron ticarət istiqamətindəki artımlar və s. buna nümunədir.
Cəmiyyətdəki müəyyən bir yaş qrupunun rəqəmsal məlumatlılıq səviyyəsi, təcrübəsi
artıq yetərincə yüksəkdir. Bu da təbii ki, tələbləri yuksəldir. Fikrimcə, yeni
dönəmdə Agile - çevik iş üslubu daha
da güclənəcək. Əməkdaşların rəqəmsal iş təcrübəsi artdığı kimi müştərilər də rəqəmsal
vərdişlərini inkişaf etdirəcəklər. Pandemiyadan sonra texnoloji yönümlü məhsulların
sayı artacaq. Bir sözlə, artıq rəqəmsal çağa keçirik. Hər bir sektorda bu
transformasiyanın baş verdiyini görəcəyik. Pərakəndə bankçılıqda, turizm və
başqa sektorlarda Uber, Airbnb və s. bu kimi innovasiyalar meydana çıxa bilər.
-Belə bir
innovativ inkişaf fonunda bu gün Azərbaycan Beynəlxalq Bankında informasiya
texnologiyaları mütəxəssisləri üçün hansı maraqlı yeniliklər baş verir?
Development team üçün açıq məkan ofisi istifadəyə
verilib. İşçilərin rahatlığı, produktiv işi üçün lazımi şərait yaradılıb. Software
Development prosesləri yenidən dizayn edilib. Yeni metodologiyaların və texnologiyaların
tətbiqinə başlanıb. Bu ilin əvvəlindən Agile metodologiyası tətbiq edilməkdədir.
İl ərzində DevOps təcrübələrinə və alətlərinə start veriləcək. İnformasiya texnologiyaları
infrastrukturunun əsaslı modernizasiyası üzrə silsilə layihələr, təşəbbüslər də
nəzərdə tutulub.
Onu da qeyd edim ki, ötən ilin sentyabrında yaradılmış IBATech Akademiyasının
məzunlarından bir qrupu artıq bankda işə götürülüb. Onlar Core development komandasına
uğurla uyğunlaşıblar. Mentorluq proqramları indi də aktiv şəkildə davam etməkdədir.
-Bu bankda
çalışmağın informasiya texnologiyaları mütəxəssisləri üçün əsas üstünlükləri nələrdir?
-İnformasiya texnologiyaları sahəsinə yenicə gələn mütəxəssislər üçün
yeni texnologiyalarla işləmək, gənc kollektiv və professional liderlərlə çalışmaq
böyük maraq kəsb edir. Əslində, belə dinamik mühitə düşməyin özü inkişaf üçün
çox gözəl şansdır. Əminliklə deyə bilərəm ki, Azərbaycan Beynəlxalq Bankında
informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var. Müasir açıq
məkan ofisi, rahat iş mühiti, istirahət zonası, şəffaf kommunikasiya, Onboarding
mərhələsində və sonrakı dönəmlərdə tam dəstək, gənc və mehriban kollektiv, peşəkar
rəhbərlər informasiya texnologiyaları mütəxəssisləri üçün Azərbaycan Beynəlxalq
Bankında çalışmağın əsas üstünlükləri sayıla bilər.
-Bankın
informasiya texnologiyaları komandası hansı meyarlar əsasında formalaşır?
-Azərbaycan Beynəlxalq Bankında İnformasiya texnologiyaları
departamentinin təməli 1995-ci ildə qoyulub. Bu, 25 illik böyük bir təcrübə deməkdir.
Komandamız yeniliklərə açıqdır. Yeni texnoloji trendləri izləyən və tətbiq edən
fərdlərdən ibarətdir. Bankın İnformasiya texnologiyaları komandası, illərin təcrübəsini,
normativ bilikləri, komanda ilə iş bacarıqlarını, mentorluq, liderlik,
innovativlik, uzaqgörənlik kimi xüsusiyyətləri iş prosesinə birbaşa inteqrasiya
edən menecment komandasının müəyyənləşdirdiyi əsas meyarlar üzrə formalaşır.
-Rəqəmsal layihələrə
mütəxəssisləri necə cəlb edirsiniz?
-Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi layihələrə mütəxəssislərin
marağı böyükdür. Daxil olan müraciətlər əsasında dəyərlərimizə, peşəkar tələblərimizə
və planladığımız layihələrə ən uyğun namizədləri seçib, professional bacarıqlarını
sınaqdan keçirib, komandamıza cəlb edirik.
-Bank bu sahədə daha
çox hansı istiqamətlər üzrə mütəxəssislər axtarır?
-Proqramçılıq – bura Frontend və Backend aiddir, QA Engineering, QA
testing, PL/SQL development, DWH engineering, Data Analysis, iOS developer,
DevOps engineering, Scrum Masters, System/Network administration və s.
-Kadrların peşəkar
inkişafı üçün tədbirlər həyata keçirilir?
-Bəli, Onboarding müddətində hər bir yeni işçiyə mentorlar təyin olunur.
Onlar, birbaşa əməkdaşların işləri, problemləri və ehtiyacları ilə yaxından
maraqlanırlar. Rüblük hesabatlar və qiymətləndirmə də prosesin tərkib hissəsidir.
Bütün işçilərin - istər yeni işçilər olsun, istər əvvəlki - bilik və
bacarıqlarında aşkarlanan boşluqlar əsasında təlim və kvalifikasiya ehtiyacları
müəyyən olunur. Rəhbərlər tərəfindən İnsan resursları departamentinə bununla
bağlı müraciətlər təqdim olunur. Bu proses mütəmadi şəkildə icra olunaraq nəzarətdə
saxlanılır. İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərimizin
layihələrin təqdimatı, vaxtın idarə edilməsi, danışıqların aparılması, komanda
işi və s. bu kimi sadə bacarıqlarının inkişafına, biznes biliklərinin
artırılmasına da dəstək veririk.
Onlarla şəxsi LinkedIn profilim üzərindən ünsiyyətdən də məmnun olardım.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !