Nobelə təqdim olunan ilk azərbaycanlı şair

15:45 | 02.12.2014
Nobelə təqdim olunan ilk azərbaycanlı şair

Nobelə təqdim olunan ilk azərbaycanlı şair

Onun  adı  bəlkə də çox insanlara tanış gəlmir.

Şimalda isə onu demək olar ki, yalnız mütəxəssislər və ədəbiyyat adamları tanıyır. Amma reallıq budur ki, haqqında danışacağımız adam bu gün dünyanın ən reytinqli universitetləri sırasıdnda üçüncü yerdə dayanan Toronto Universitetinin (Kanada) professorudur. Bir nçə fakt var ki, həmin şairin adı ilə bağlıdır: Əslən Güney Azərbaycandan olan şair (həm də yazıçı) yeganə yazarımızdır ki, haqqında Amerika, İngiltərə və Fransa kimi ölkələrin nəhəng media orqanları dəfələrlə bəhs edib, onu postkolonial (müstəmləkədən sonrakı ədəbiyyat) ədəbiyyatın ilk nümayəndlərindən hesab edirlər və ən nəhayət,  o, Amerikada xüsusi təşkilatlar tərəfindən Nobel mükafatının ədəbiyyat nominassiyasına təqdim olunan ilk Azərbaycan yazarıdır.  

Modern.az saytı yuxarıda sadalanan faktları ( və onlardan daha artığını) məşəqqətli həyatı naminə əldə edən güneyli şair, hazırda Kanadada mühacir həyatı yaşayan və Toronto Universitetində dərs deyən yazıçı-professor Rza Bərahanidən bəhs edir.
O Bərahani ki, uşaqkən ana dilində qəzet tərtib etdiyi üçün həmin yazını yalamalı olmuşdu. Buna baxmayaraq üstündən çox illər keçəcək və o, İran Yazıçılar Birliyini yaradacaqdı.

Amma əvvəlcə onun öz dilindən deyilən bu cümlələri diqqətinizə çatdıraq. Sonra "əmma”sını deyəcəyik:

"Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: "Niyə tutqunsan?”. Hadisəni ona danışdım. Anamın mənə dediyi "oğul, türkcə yaz” sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Ardınca zəngi çalındı, hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb, sıraya düzdülər. Müdir müavini bizdən türk dilində soruşdu: "Türk dilində olan bu qəzeti kim yazıb divara yapışdırıb?”. 11-12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: "Məgər deməmişdim ki, türkcə yazmayın?”. Dedim: "Bəli, deyibsiniz”. Yenə türkcə soruşdu: "Bəs niyə yazıbsan?”. Cavab verdim: "Mən farsca bilmirəm”. O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub, başımı aşağı əydi. Türkcəmizdə mənə dedi: "Yala buraxdığın bu qəzeti”. Mən o qəzetin hamısını əvvəldən axıra qədər boyalarınadək yaladım, necə deyərlər hərfləri mənə yedirtdilər…”.

Bəzilərini təsirləndirən, bəziləri üçün müəmma qalan bu abzasda Bərahaninin ömrünüün ümumi mənzərəsini kiçik epizodda təqdim etdik. Həmin epizodu o, müsahibələrinin birində danışdıb. O zaman ona yaşıl rəngli mürəkkəbi həqiqətən yalatdırıblar. Ağzı gömgöy olmaqla yanaşı, bu onun səhhətinə də təsir edir. Sonra Rzanı məktəbdən evə çatdırıb özünə gətirirlər.

Məhz həmin epizoddan başlayır Rza Bərahani! Bəlkə də o, bir yazıçı, şair, mübariz filosof  kimi həmin epizodun övladıdır.  

Bərahani hələ ondan sonra çox təzyiqlərlə üz-üzə qalacaqdı. Həbs olunub işgəncələri görəndən sonra isə mühacirətə getmə məcburiyyətində qalacaqdı. Bunların da hamısı rejimin sərtliyinə,  qadağalarına etiraz olaraq yazdıqlarına, ana dilini müdafiə etdiyinə görə olacaqdı.

Rza Bərahani 1935-ci  ildə Təbrizdə anadan olub. Özünün də dediyi kimi, fars dilində bir kəlmə belə, bilməyən bir evdə dünyaya göz açıb. Təbriz Universitetinin ingilis dili  və ədəbiyyatı fakültəsini bitirən Bərahani Seyid Cəfər Pişəvərinin Güney Azərbaycanda qurduğu Milli Hökümət illərində ana dilində qısa müddətli də olsa, təhsil alıb. Uşaq vaxtından dil uğrunda mübarizə aparıb. 25 yaşına çatanda isə artıq 6 dil bilirdi. Qulmahüseyin Saedi və Əli Şamlu ilə bərabər İran Yazıçılar Birliyini təsis edib.

1973-cü ildə həbs olunub və 3 ay işgəncələrə məruz qalıb. Həbsdən çıxandan sonra isə ABŞ-a dəvət edilib. Orada universitetlərdə (İndiana və Boltimor ) ingilis dili və tətbiqi ədəbiyyatından dərs deyib. 1979-cu ildə baş vermiş İran İnqilabından sonra Təbrizə qayıdıb. Tehranda universitetdə professor köməkçisi kimi çalışıb. Ondan o tərəfə qalxmağa Bərahaniyə imkan vermirlər.

1982-ci ildə yazdığı "Hakim və kültür” məqaləsinə görə yenidən təzyiqlərə məruz qalan Rza Bərahani həbs edilir. Bir müddət sonra sərbəst buraxılır, amma, Tehran Universitetində adi professor köməkçisi kimi çalışan Rza Bərəhaniyə təzyiqlər  yenə də səngimək bilmir. Alim məcbur olub yenidən mühacirətə yollanmalı olur. Amerikaya mühacir edən Bərəhani orada bir neçə universitetdə dərs deyir. Onların arasında İndiana, York, Baltimor, Austin kimi elm ocaqları da var. Bir müddət Kanada Penklububunun sədri olan yazıçı 13 ildir ki, orada yaşayır və dünyanın ən nüfuzlu universitetlərindən olan Torontoda çalışır.  Bərahani 60-dan çox kitabın müəllifidir. Onun "Yurdumun insanları” əsəri avrobioqrafik səciyyə daşıyır və Təbriz mühitinin adət-ənənələri haqqındadır. İnsanlıq tarixi essesində isə İrandakı mövcud gerçəkliyə, fars rejiminin törətdiklərinə toxunub.

"Nyu York Tayms” qəzeti Rza Bərahani haqqında yazıb: "Onun əsərlərində təcridxanalarda verilən işgəncələrin xülasəsini oxuyuruq. O, əsərlərini dörd dildə yazır. Amma ən çox istifadə etdiyi dil isə ingilis dilidir”.

Rza Bərahani Avropada postkolonial ədəbiyyatın ilk nümayəndələrindən biri hesab edirlər.  Postkolonial yəni (müstəmləkədən sonra)  ədəbiyyat aid olduğu məkanın müstəmləkə zülmü altındakı hayqırtısından bəhs edir.Bərahani ana dili, azadlıq amilini qabartmaqla orada da bəzi problemləri qeyd edib: "Biz fars dilinə xidmət etmək məcburiyyətdində qalmışıq. Əslində bizi elə hala salıblar ki, biz öz dilimizə xəyanət etmişik. Nəyə görə mən, bir Azərbaycan ziyalısı 70 yaşımda belə bir hiss keçirməliyəm?!  Bizim dilimizi əlimizdən alıblar. Mən istəmirəm ki, bizdən alınan haqq başqalarından da alınsın".

Bərahani bu gün yaşadığı mühitdə yüksək nüfuza malikdir.  Kanada Penklubunun sədri seçilən yeganə əcnəbi olub. Bunun özü ona verilən dəyərin göstəricisidir. Azərbaycanda iki dəfə 1995 və 2009-cu illərdə olub. Bakıya sonuncu səfəri şair Sabir Rüstəmxanlının vasitəsilə baş tutub.

Sonda Rza Bərahaninin kiçik şeirlərindən birini təqdim edirik:

Təbrizin ulduzlarla dolu göyünü də söküb
atdılar arabanın üstünə,
minlərcə parlayan təbrizli göz arabanın üstündən hayqırırdı:
"apardılar, bizi apardılar!”
Təbriz kəndinin çiçəkləri ağlayırdı.
Öndəki Ərki də atdılar arabanın üstünə.
İndi isə Günəşin sorağın alırıq kor qarılardan!
Sən isə yoxsan!
Nədən ki, gəlib səni də arabanın üstünə atdılar, apardılar.
Sənsiz bu torpaq dünyada neylərdik biz?!
Yuxuda da zamanın uzaqlarından
Yüz minlərlə arabanın hay küyünü eşidirdik
Gəlirdilər, bizi də aparırdılar...

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM