“O biri qayıq gözlərimizin önündə parçalandı” – Qəzadan xilas olan neftçi

16:46 | 07.12.2015
“O biri qayıq gözlərimizin önündə parçalandı” – Qəzadan xilas olan neftçi

“O biri qayıq gözlərimizin önündə parçalandı” – Qəzadan xilas olan neftçi

"Əvvəllər platformada qısamüddətli yanğınlar baş verirdi, ancaq bunun qarşısını almaq olurdu. Budəfəki yanğın isə çox böyük idi” - "Günəşli” platformasında baş verən qəzadan xilas olan neftçi Mərdan Rəcəbov ANN.Az-a həmin gün nələrlə qarşılaşdığından danışıb.  

Onun sözlərinə görə, hadisə anını yenidən təsəvvür etmək çox ağırdır: "Hər şey bir anın içərisində baş verdi, gözümün qarşısında qığılcımlı partlayış başladı, alov hər yeri bürüdü, tüstü yarandı. Buna görə hamını təxliyyə eləməyə başladılar. Daha sonra qayıqlarla köməyə gəldilər.  Qasırğa olduğundan qayıqlar dəmirlərə dəyib parçalanırdı. Xilasedici qayıqda cəmi 26 nəfər idik. Bir tərəfdən bizi dalğa vururdu, digər tərəfdən də külək həddindən artıq güclü olduğuna görə xilas ola bilmirdik. Allah istədi ki, biz orda borulardan asılı vəziyyətdə qala bildik. Güclü külək bizim qayığı aşağı endirən ipi də qıra bilərdi. 18 saat orada köməksiz vəziyyətdə qaldıq”.

Mərdan Rəcəbov 18 saat ərzində neftçilərin yalnız su qəbul edə bildiyini deyib: "O durumdan kimin yadına yemək düşər ki?! Sadəcə paketlərdə su vardı, onları içdik. Dəfələrlə bizə xilas üçün gələcəklərini dedilər, amma heç kim gəlmirdi. Səhər hava işıqlaşandan sonra yük gəmiləri  platformaya çatdılar. Sağ olsun FHN işçiləri, o cür çətin vəziyyətdə bizi xilas etdilər”.

Qəzadan xilas olan Mərdan Rəcəbov uzun illər bu sahədə çalışdığını deyib: "Platformada quraşdırıcı işləyirdim. Əvvəllər də qısamüddətli yanğınlarla qarşılaşmışam. Orada müəyyən texnologiya var ki, o cür yanğınların qarşısını almaq olur. Amma bu dəfə partlayış daha iri miqyaslı olduğundan heç bir avadanlıq işlətmək mümkün deyildi. Xilasedici qayıqlar sallanırdı, külək isə hər dəfə onu platformanın divarlarına çırpırdı. Qayıq çırpıldıqca o biri başda olanlar daha çox zədə alırdılar”. 

Digər xilasedici qayığın suya düşərək necə parçalandığının şahidi olduğunu deyən Mərdan Rəcəbov oradakı yoldaşlarından yalnız iki nəfərin sağ qaldığını bildirib: "O birilərdən xəbərimiz olmadı. Orada hamımız bir ailə kimi idik, Allahdan ümid kəsmək olmaz. Ümid edək ki, hamısı sağ-salamat tapılsınlar”. 

O, hazırda xəstəxanada müalicə aldığını, qabırğasında və ayaqlarında sınıqlar olduğunu deyib.

Qeyd edək ki, dekabrın 4-də "Günəşli” yatağının 10-cu özülündə güclü yanğın baş verib. Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 7-si dünyasının dəyişib, 33 nəfər təxliyyə edilib, 23 nəfərin isə axtarışları hələ də davam edir. 

Yalnız bu saatlarda daha 6 nəfərin cəsədinin sudan çıxarıldığı haqqında xəbər yayılıb.

Rəsmi məlumatlara görə, hadisə yerində baş vermiş yanğını söndürmək hələ də mümkün olmayıb. Prezident İlham Əliyev dekabrın 6-da  ölkədə matəm günü  elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM