"Oğlumun həbsi sifarişli həbsdir" - Valideyndən ETİRAZ - VİDEO

19:55 | 11.01.2022

"Oğlumun həbsi sifarişli həbsdir" - Valideyndən ETİRAZ - VİDEO

İlqar İsmayılov 10 aydır sifarişli həbsdədir, bunu bu gün,  yanvarın 11-də  Azərbaycan Respublikasının Baş Prokurorluğunun önündə aksiya keçirən Solmaz İsmayılova bildirib.
 
İlqar İsmayilovun anası Solmaz İsmayılovanın sözlərinə görə, oğlu ikinci dəfədir ki, qanunsuz həbs edilib.
 
"Oğlum 49 yaşlı İlqar İsmayılov Bakıda doğulub. Gənc yaşlarından həyata tutunub, təhsil aldığı illərdən əmək fəaliyyətinə başlayıb. Məhz, bunun sayəsində ölkədə və dünyada tanınan "İDEAL" şirkətini təsis edib, öz brendini yaradıb və işlədib. Daha sonra "AZAL"-ın prezidenti Cahangir Əsgərovla qərara gəliblər ki, şərik olsunlar və onunla payçılığa girib. Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva əvvəlcə şirkətə az payla - 50 faizlə girdi, daha sonra isə payını yavaş-yavaş artıraraq 75 faiz etdi. Payını artırmasına gəlincə, oğlum İlqar İsmayılov "İDEAL" Şirkətini işlətdikcə, Zərifə Həmzəyevanın təsisçisi olduğu "Silk Way" Bankdan (Premium Bank) onun adına 1 milyon, 1,5 milyon məbləğlərində külli miqdarda kreditlər rəsmiləşdirirdilər. Bundan sonra kreditin qaytarılması üçün müddəti gözləmədən dərhal ödənişi tələb edirdilər. Oğlum da qaytara bilməyəndə, əvəzində payını əlindən alırdılar. Bununla bağlı əlimizdə bütün sənədlər var. Oğlumun adına verilən kredit məbləğləri "Silk Way" Bankdan məxaric olunur, elə həmin gün də gəlir "İDEAL" Şirkətinə mədaxil olunurdu", - deyə o bildirdi.
 
Solmaz İsmayılova vurğuladı ki,  oğlu 2013-2016-cı ildə həbs edilib, daha sonra AZAL rəhbərliyi ondan lazım olanı aldıqdan sonra azadlığa buraxdırıb.
 
"Oğlumu 2017-ci ildə eyni dövr üçün mənimsəmə ittihamıyla həbs etdilər. Sonra bu ittiham sübuta yetmədi. Dedilər ki, mənimsəmə qırx yeddi min manat imiş. Bu pulu da Cahangir Əsgərov özü ödədi, oğluma bütün sənədlərə məcburi qol çəkdirdi, ”İDEAL” əmtəə nişanını, şirkətini əlindən alıb tam müflis vəziyyətində buraxıb vəd etdi ki, "Səninlə halallaşacam”. Bəs hanı halallıq? Bir adamı eyni ittihama görə təkrar məsuliyyətə cəlb edərlər? Sonra da dedi ki, "Sus, otur, səni təzədən içəri atdıraram”. Oğlumsa susmadı, haqqını tələb etdi. Mən kirayədə yaşayaıram. Oğlumun ailəsinin, uşaqlarının yaşadığı ev bankda girovdadır. 10 aydır oğlum həbsdədir. Heç oğlumun yanına yemək də aparmağa imkanım yoxdur. Bir insana, bir vətəndaşa bu zülm niyə edilir? Bütün hüquq sistemi yaxşı bilir ki, oğlum sifarişli həbs olunub", - deyə İsmayılova əlavə etdi. 
 
Solmaz İsmayılova şikayətinə baxılmayacağı təqdirdə aclıq aksiyasına başlayacağını, hətta özünü yandıracağını da vurğuladı. Daha Solmaz İsmayılovu Baş Prokrorluğun Dövlət İttihamının Müdafiə üzrə İdarəsinə qəbul üçün dəvət etdilər.
 
Müraciətin nəticəsi ilə bağlı Baş Prokurorluq ilə əlaqə saxladıq, bildirildi ki, mövzu barədə yaxın zamanda açıqlama veriləcək. 
 
Məsələ ilə bağlı "AZAL"-ın rəhbəri Cahangir Əsgərov ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
 
Ətraflı videoda: 


  
İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, "İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. "İDEAL”-ın idarəçiləri 2020-ci ildə "Sabina” Mağazalar Şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.
 

 
Ləman Qasımova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti