Əliyev: bu vəsait tapılmalı və aidiyyəti qurumlar özəl sektorla fəal işləməlidirlər
Kənd təsərrüfatının inkişafı ilə bağlı hazırlanacaq Dövlət Proqramının icrası üçün dövlət və özəl sektor tərəfindən ümumilikdə 5 milyard manatdan çox investisiya tələb oluna bilər. Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi müşavirədə deyib.
Prezident hökumətə tapşırıq verərək qeyd edib ki, proqramın maliyyələşdirilməsi üçün vəsait tapılmalı və aidiyyəti qurumlar özəl sektorla fəal işləməlidirlər.
“ Təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq”, -Əliyev deyib.
Onun sözlərinə görə, proqramın icrası qısa müddətdə həyata keçirilməlidir.
“Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu həyata keçirməliyik, proqram qəbul ediləndən dərhal sonra işlərə başlamalıyıq”, - prezident bildirib.
Əliyev qeyd edib ki, proqramın icrasında Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Prezident Administrasiyası və digər dövlət qurumları iştirak edəcək.
Gülnar Nazimqızı