• $
  • £

Prezident Qalibafı qəbul edib

Prezident Qalibafı qəbul edib
24.06.2026 17:50

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev son vaxtlar İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.

Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladı.

"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd etdi.

Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin, eyni zamanda, ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxundu.

Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən qonaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.

Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.

Qonaq, eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür etdi.

Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğuladı və qeyd etdi ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.

Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirdi. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirdi. Məhəmməd Baqir Qalibaf qeyd etdi ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olundu, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulandı.

Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşüb
Siyasət 18:15
Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşüb
Prezident Qalibafı qəbul edib
Siyasət 17:50
Prezident Qalibafı qəbul edib
İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib
Siyasət 15:07
İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib
BƏƏ regionda mülki obyektlərə hücumları pisləyib
Siyasət 15:01
BƏƏ regionda mülki obyektlərə hücumları pisləyib
İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi mühüm əhəmiyyət daşıyır
Siyasət 14:40
İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi mühüm əhəmiyyət daşıyır
İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib
Siyasət 14:21
İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib
İlham Əliyev: Azərbaycan 2027-ci ildə İƏT-ə sədrliyi üzərinə götürəcək
Siyasət 11:00
İlham Əliyev: Azərbaycan 2027-ci ildə İƏT-ə sədrliyi üzərinə götürəcək
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
Siyasət 08:39
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:42
İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol