Əliyev Qaradağda kağız və gigiyenik məhsullar müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev sentyabrın 10-da Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsullar istehsalı müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, 11 hektara yaxın ərazidə yerləşən müəssisədə kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal olunacaq. İstehsalda yerli və xaricdən gətirilən xammal və materiallardan istifadə ediləcək, Almaniya, İtaliya və Türkiyənin müasir avtomatlaşdırılmış texnologiyaları tətbiq olunacaq.
Müəssisənin məhsullarının daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər bazarlara ixrac edilməsi planlaşdırılır. Burada 240 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır. Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.
“Fabriora Group” investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumları üzrə ümumilikdə 1 milyon manat güzəştdən yararlanıb.
Müəssisənin yaradılması Azərbaycanda sənaye istehsalının genişləndirilməsi və yerli istehsal imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələrdən biridir. Yeni istehsal sahələrinin yaradılması daxili tələbatın daha çox yerli məhsullarla təmin olunmasına və qeyri-neft sənayesində ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.
Son xəbərlər
Daha çox





