Problemləri işıqlandırdığım üçün məktəbdən qovuldum - Leyla Nəcəfquliyeva - Yenilənib

11:18 | 18.09.2024
Problemləri işıqlandırdığım üçün məktəbdən qovuldum - Leyla Nəcəfquliyeva - Yenilənib

Problemləri işıqlandırdığım üçün məktəbdən qovuldum - Leyla Nəcəfquliyeva - Yenilənib

(Yazıya qara hərflərlə Mil-Muğan Təhsil Şöbəsinin mövqeyi əlavə olunub) 
 
İmişlinin Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəbdən qovulduğunu iddia edir. Bu barədə müəllim anews.az-a müsahibəsində deyib. 
 
"Mənə qarşı qərəz keçən il məktəbin sanitar qovşağını bərbad olduğunu işıqlandırdıqdan sonra başlayıb. Bu məsələni ictimailəşdirdikdən sonra məktəbin yenidən tikilməsi barəsində qərar verildi. Məktəb sökülüb yenidən tikildi. Amma məktəbin daxilində müəyyən problemlər qalır. Mən hər dəfə problemləri görüb ictimailəşdirdiyim üçün, eləcə də bunu rəhbərliyə bildirdiyim üçün məni məktəbdə görmək istəmirlər. Buna görə də etik normaları pozduğumu əsas gətirərək mənim müəllimlik fəaliyyətimə xitam verilib", - müəllim bildirib. 
 
Leyla müəllimə söyləyir ki, ona qarşı olan qərəz həm də növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak edəndən sonra daha da artıb. 
 
"Növbədənkənar parlament seçkilərində iştirakım zamanı nöqsanları göstərdim. Mənim Yeni Azərbaycan Partiyası olan üzvülük sənədimi də əlimdən almaq istəyirdilər. Direktorun nöqsanlarını göstərdiyim üçün bütün müəllimləri mənə qarşı çıxardıb. Əgər mən pis müəlliməmsə necə olur məktəb üzrə sertfikasiya prosesində ən yüksək balı yığmışam? Məktəbdə çoxlu özbaşınalıqlar var. Amma rəhbərlik bunlara göz yumur", - Nəcəfquliyeva bildirir. 
 
Məktəb müəllimi onu işdən azad etdiyinə görə məhkəməyə müraciət edəcəyini açıqlayıb. 
 
Məsələ ilə bağlı Aranlı Kənd 1 nömrəli tam orta məktəbinin direktoru Anar Ələkbərovla, eləcə də Mil-Muğan Təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab ala bilmədik. 
 
Məsələ ilə bağlı Mil-Muğan Təhsil Şöbəsi öz facebook hesabında açıqlama yayaraq bildirib ki,  İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

"Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etmişdir. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verib", - məlumatda deyilir. 


 
Gülnar Nazimqızı 
 


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM