Prosper MERİME. Qırğız qızın nəğməsi - E-kitab

19:48 | 26.11.2013
Prosper MERİME. Qırğız qızın nəğməsi - E-kitab

Prosper MERİME. Qırğız qızın nəğməsi - E-kitab

O dümağ qarı görürsənmi?

Mənim əndamım ondan daha bəyazdır.

Bəs o kəsilən qoçun bəyaz qara sıçrayan al qanını necə, görürsən?

Mənim yanaqlarım ondan xeyli aldır.

Bax, bu dağın təpəsinə çıxsan, orada bağrı yanıb, qaralmış ağac görəcəksən.

Hörüklərim ondan qat-qat qaradır, şəvədir.

Sultanın hüzurundakı bir dəstə molla durmadan nə isə yazır.

Qaşlarım onların mürəkkəbindən daha qaradır.

Prosper MERİME – Vampir Qara Əli

Suları sapsarı axan çayı vurub keçdi Qara Əli. Vasil Kaimisunun evinə qonaq düşdü, orada məskunlaşdı.

Ev sahibinin Yumeli adlı gözəl arvadı Qara Əli ilə göz-gözə gələn kimi ona vuruldu. 

Axı Qara Əlinin bahalı kürkü, üzəri qızıl işləməli silahı vardı. Vasil isə lütün biriydi.

Yumeli qonağın var-dövlətinə şirnikdi. Bəyəm bu dünyada sərvətə, qızıla şirnikməyən qadın varmı ki?

Zinakar qadınla yatıb-qalxdı Qara Əli.

Sonra da onu özüylə vətənə, müsəlman torpağına aparmağa niyyətləndi.

Yumeli heç düşünmədən buna razılıq verdi.

Ah, yaramaz qadın! Ərinin yatağını bir müsəlmanın hərəmxanasına necə dəyişdin?!

Qadının incə belini qucan Qara Əli onu atının tərkinə aldı. Misilsiz atı noyabr qarından daha bəyaz idi.

Haralardasan, Vasil? Sən Qara Əlini evində qonaq saxladın. O isə... sevimli arvadın Yumelini qaçırıb, apardı!

Vasil əlüstü özünü sarı çayın sahilinə yetirdi,

Xainlərin bəyaz atın belində qarşı sahilə yönəldiklərini gördü.

Üzəri fil dişi və qırmızı qotazlarla bəzənmiş tüfəngini alıb, atəş açdığında Qara Əli yəhərdə səndələdi.

Yumeli! Yumeli! – deyə səsləndi Qara Əli. - Bax, sənin uğrunda canımdan keçdim. O kafir ərinin gülləsindən mən ölürəm və səni də vura bilər o.

Canını qurtarasan deyə, sənə qiymətli bir əşya, talisman verəcəyəm. Bunu ona verməklə, barı sən ölümdən qurtul.

Bu –üzəri qızıl işləməli kiçik “Quran” kitabıdır, aşılanmış dəri qılıfdadır. Onunla fal açan adam həm zəngin olur, həm də qadınların sevimlisi.

Bu kitabın sahibi altmış altıncı səhifəni açarsa, yerin-göyün ruhları ona boyun əyər”.

Bunu deyib, o, sarı çaya yıxıldı və axıb gedən cəsədi sularda öz ardınca al qırmızı iz buraxdı.

Özünü ora yetirən Vasil Kaimis atın cilovundan yapışdı. Arvadını qətlə yetirmək üçün əlini qaldırdı.

Qadın: “Rəhm elə, - dedi, - Vasil, bax, sənə misilsiz bir talisman verəcəyəm. Onun sahibi həm zəngin olur, həm də xanımların sevimlisi.

Yetər ki, həmin adam bu kitabı altmış altıncı səhifədə açsın. Bir göz qırpımında o, yerdəki, göydəki bütün ruhların əfəndisinə çevriləcək”.

Vasil xain arvadını əfv elədi və kitabı ondan aldı.

Halbuki hər bir mömin xaçpərəst bu kitabı nifrətlə oda atmalıydı.

Gecə düşdü, külək xeyli gücləndi və sarı çay öz məcrasından çıxdı. Dəli dalğalar Qara Əlinin cəsədini sahilə atdılar.

Vasil o yasaq kitabın altmış altıncı səhifəsini açdı.

Qəfildən titrəməyə başlayan torpaq dəhşətli gurultuyla ortadan yarıldı.

Həmin yarıqdan ağzı qan qoxuyan bir ruh çıxdı. Qara Əlinin ruhuydu bu. Və dedi: “Vasil! Sən öz tanrına arxa çevirdiyin üçün artıq mənim qulumsan!”

Zavallı Vasilin boynundakı şah damarı dişləyən ruh bütün qanını içib sorandan sonra onu atıb getdi.

Bu nəğməni Nikola Kosseviç adlı birisi qoşub.

Hekayəti isə ona zavallı Yumelinin nənəsi danışıbmış.

Qeydlər:

1. Çox yəqin ki, əsərdə Zamarnya çayı nəzərdə tutulur, çünki hər payız onun suları açıq sarı rəngə boyanır.

2. Silahların səthinin bu cür bəzədilməsi illiriyalılar və türklər arasında geniş yayılıb.

3. Demək olar ki, bütün müsəlmanlar üzərlərində miniatür “Quran” nüsxəsi daşıyırlar və onlar qırmızı rənglə dəri qılıfda qorunur.

4. Altmış altı (66) rəqəminin cadu və ovsunlarda böyük təsirə malik olduğuna inanılır.

Dilimizə çevirdi – Azad YAŞAR

https://www.facebook.com/azadyasharofficial

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb