Pulsuz xəstələrə müjdə

12:05 | 05.03.2015
Pulsuz xəstələrə müjdə

Pulsuz xəstələrə müjdə

Azərbaycanda səhiyyə sisteminin davamlı inkişaf etməsi üçün bu sahəyə diqqət mühüm əhəmiyyət kəsb edir. 

Dövlət tərəfindən tibb sektoruna göstərilən qayğı, ayrılan vəsaitlər, tikilən səhiyyə obyektləri səmiyyətdə təqdir olunsa da, sosial durumu zəif olan şəxslərin pulsuz müalicəsi üçün şərait yaradılsa da, lakin, bəzən bu kifayət etmir.

İmkansız posientlər Səhiyyə Nazirliyi tərəfindən onların müalicə və müayinəsi üçün vəsait ayrılmamasından gileylənirlər. Belə olan halda problemin köklü həlli, dövlətin yükünün azaldılması üçün tədbirlərin görülməsinin zəruriyi ön plana çıxır.

Tibbi ekspertlərin ANS PRESS-ə bildirdiklərinə görə, səhiyyə sistemi hələ də sosial inkişaf cəhətdən zəif nöqtələrdən biridir. Bu gün bu sistemin fəaliyyəti qənaətbəxş deyil. Dövlət büdcəsindən səhiyyə sistemi üçün ayrılan vəsaitlər lazımi yerlərə xərclənmir. Ölkədə sosial durumu aşağı olan və müalicəsi üçün külli miqdarda pul tələb olunan ailələrə Səhiyyə Nazirliyi tərəfindən ya pulsuz müalicə təşkil edilməli, ya da müalicəsi üçün pul ayrılmalıdır.

Onlar həm belə vəziyyətdən çıxmaq, həm də dövlətin yükünün azaldılması üçün Müalicə Fondlarının yaradılmasına ehtiyac duyulduğunu məqbul hesab edirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bununla bağlı deyib ki, dövlət müəssisələrində müalicə və müayinə pulsuz həyata keçirilir. Lakin belə bir ideyanın reallaşdırılması üçün müəyyən kriteriyalar müəyyənləşdirilməlidir. İlk növbədə, nəzərə alınmalıdır ki, hansı xəstə bu vəsaitdən istifadə edə bilər, hansı yox. Azərbaycanda əksər xəstəliyin müalicəsi mümkündür. Əgər xəstənin müalicəsi xarici ölkədə aparılmalıdırsa, sual oluna bilər ki, bunu dövlətmi, fondmu təmin etməlidir. Ola bilər, elə xəstə var ki, müalicəsi burada mümkündür, amma xarici ölkə istəyir, məsələn, İsraildə, Almaniyada müalicə istəyir. Nə qədər real olacaq ki, həmin xəstə fondun vəsaitindən istifadə edib ora göndərilsin. Yəni bu, həssas məsələdir. 

Onun sözlərinə görə, bizdə yerli və xarici mütəxəssislər var və Bakıda hər cür müalicəni aparmaq mümkündür. Bundan başqa, nazirlikdə Xaricdə Müalicə Komissiyası var. Hansısa hal olur ki, xəstənin burada müalicəsi mümkün deyil və komissiya dövlətin vəsaiti hesabına onu xaricə göndərir. Buna Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən yardım göstərilir. 

O deyib ki, Müalicə Fondları yaradılarsa, bura toplanan vəsaiti transplantoloji əməliyyatlara yönəltmək olar. Hazırda dövlət böyrəyin, uşaqlara sümük iliyinin köçürülməsini pulsuz həyata keçirir. İndiyədək 10-dək belə köçürmə baş tutub. Bunlar ən bahalı əməliyyatlardır. Qaraciyərin köçürülməsi də artıq Neftçilər Xəstəxanasında aparılır. Orada pullu xidmətdir. Bunlar bahalı əməliyyat olduğu üçün dövlət bəzi hallarda güzəşt edir, güzəştli hallarla insanlara kömək olunur. Məsələn, müraciət edən 3 jurnalistə qaraciyər köçürməsi pulsuz edilib. Dövlər tərəfindən belə aksiyalar reallaşdırılır. 

A.Qədirli Müalicə Fondlarının yaradılmasının və ora hansı mənbədən vəsaitin toplanacağının sual doğurduğunu söyləyib, düşünülmüş şəkildə yaradılarsa bunun faydalı ola biləcəyini inkar etməyib: "Müalicəsi bizdə mümkün olmayan xəstəliklərə düçar olan xəstələrə kömək, yardım göstərmək məqsədilə Səhiyyə Nazirliyinin nəzdində, yaxud ictimai qurum şəklində Müalicə Fondu yaratmaq mümkündür. Bu, xəstələrə həm əlavə mənəvi, həm də maddi dəstək olar.

Müalicə fondlarının yaradılması fikrini dəstəkləyənlərin fikrincə, bu yolla ölkədə sağlamlıq səviyyəsini qaldırmaq olar: "Bu gün dünya təcrübəsinə baxsaq, Səhiyyə nazirliklərinin nəzdində müalicə fondları fəaliyyət göstərir. Müalicə üçün ehtiyac duyulan vəsaitlər bu fondlar tərəfindən ödənilir. Bir sözlə, Müalicə Fondunun yaradılması ölkədə sosial durumu zəif olan ailələrin sevincinə səbəb olar.”

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM