Qaçqınkom-un xəbərdarlığının iqtisadi çətinliklərlə əlaqəsi yoxdur - AÇIQLAMALAR

16:05 | 19.11.2015
Qaçqınkom-un xəbərdarlığının iqtisadi çətinliklərlə əlaqəsi yoxdur - AÇIQLAMALAR

Qaçqınkom-un xəbərdarlığının iqtisadi çətinliklərlə əlaqəsi yoxdur - AÇIQLAMALAR

"Qaçqınkom-un bu addımını 2016-ci ildə baş verə biləcək iqtisadi çətinliklərlə əlaqələndirmək doğru deyil” - bu sözləri ANN.Az-a açıqlamasında Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçünklərə xəbərdarlıq etməsi məsələsinə münasibət bildirərkən deyib.
 
  
 
Komitə üzvünün sözlərinə görə, Qaçqınkom-un bu addımını 2016-ci ildə baş verə biləcək iqtisadi çətinliklərlə əlaqələndirmək doğru deyil: "Heç vaxt Qaçqınkom məcburi köçkünləri yaşadığı evləri onlardan alıb, iqtisadi çətinlikləri aradan qaldırmaq üçün istifadə edə bilməz. Düşünmürəm ki, köçkünlərin evlərinə əl uzatmaqla iqtisadi problemlərin həlli yolu düşünülüb, ağıla gəlsin”.
 
Z.Oruc əlavə edib ki, Bərdə rayonunda da məcburi köçkünlərin yeni qəsəbələrə köçürülmə siyasəti həyata keçirilib: "İstənilən binanı ardıcıl olaraq 10 gün müşahidə etmək kifayətdir ki, orada nə qədər insanın davamlı yaşadığını təyin edə biləsən. Bu rayonda yaşayan məcburi köçkünlər davamlı olaraq istəyirlər ki, yeni evlərə köçürülsünlər. Çünki onların yaşadığı şərait həqiqətən də ürəkaçan deyil. Bunu müşahidələr əsasında da görmək mümkündür. Ya bağçalarda, ya peşə məktəblərinin  binalarında və s. ərazidə məskunlaşıblar. Amma buradan köçkünlər yeni mənzillərə köçürülərkən bəlli olur ki, onlar köhnə qaldıqları yaşayış məskənini təhvil vermək istəmirlər. İkinci tərəfdən də bəlli olur ki, onlar bəzən 2-3 dəfə mənzillərə olan iddialarını ortaya qoyublar. Bu da azmış kimi onlar əvvəllər məskunlaşdıqları evləri satmağa, kimlərəsə verməyə cəhd edirlər, yaxud boş saxlayırlar. Bu cür halları Qaçqınkom-un dərindən araşdırıb, həll edəcəklərinə inanıram”
 
Məsələyə münasibət bildirən Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Qaçqınkom-un bu addımının hələlik bir xəbərdarlıq olduğunu deyib: "Bu haqda hələ ki heç bir qərar qəbul olunmayıb. Bu faktlar araşdırılmalı, daha sonra lazımi tədbirlər həyata keçirilməlidir”.
 
  
 
 
Deputat bildirib ki, bu günə qədər Qaçqınkom dövlətin dəstəyi ilə məcburi köçkünlərə ev verib: "Amma komitənin qaldırdığı bu məsələni araşdırmaq lazımdır. Öyrənilməlidir ki, o evlərdə niyə yaşamırlar, bəlkə hansısa problemlər var? Vəziyyətdən çıxış yolunu tapmaq lazımdır. Əvvəlcədən nəsə demək düzgün olmaz. Qaçqınkom-un bu addımına gəlincə, bu, gələcəkdə baş verə biləcək hansısa iqtisadi vəziyyətlə əlaqədar deyil”.
 
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Qaçqınkom-un qaçqınlara və məcburi köçkün ailələrinə xəbərdarlıq etməsini belə şərh edib: "Bu kimi hadisələr əvvəllər də baş verib. Bəzi qaçqın və məcburi köçkün ailələri belə hallardan sui-istifadə edirdilər. Bu məsələni parlamentdə də bir-neçə dəfə qaldırmışam.  Xüsusilə o məsələni qaldırırdım ki, hərbçilərin, zabitlərin evini tutmuş qaçqınlar, ilk öncə evlərlə təmin olunmalıdırlar”.
 
  
 
 
Pariya sədri Fərəc Quliyev əlavə edib ki, qaçqınlar üçün belə bir şərait yaradılırsa, yəni yeni mənzillərlə təmin olunursa, onların ikinci bir mənzili mənimsəyib, yaranmış vəziyyətdən sui-istifadə etmələri doğru deyil: "Şərtlər dəyişilib, indi əvvəlki vaxt deyil. Normal bir şərait yaradılıbsa, kimsə bundan sui-istifadə etmək istəyirsə, dövlətin yükünü çiynində daşımaq istəmirsə, o zaman Qaçqınkom-un addımını anlamaq lazımdır. Bu dövlətin mövqeyindən çıxış etməkdir. Təbii ki, bütün dünyada iqtisadi şərtlər dəyişib, ölkədə də iqtisadi çətinliklər mövcuddur. Bu addım maliyyə çətinliyi ilə bağlı deyil, Qaçqınkomun bu addımı sui-istifadə hallarının qarşısını almaqdır”.
 
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP-dan olan deputat Aydın Mirzəzadə hesab edir ki, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə həmişə ehtiyatla yanaşmaq lazımdır: "Çünki o insanlar evlərindən didərgin salınıblar. Demək olar ki, onlar ikinci bir həyata başlayıblar. Ümumiyyətlə, statistikaya nəzər yetirsək, ötən il 25 min qaçqın və məcburi köçkün ailələrinin dövlət tərəfindən mənzillə təmin olunduqlarını görərik”.
 
  
 
 
Sədr müavini bəzi qaçqın və məcburi köçkün ailələrinin belə addım atmasının təəssüfedici olduğunu vurğulayıb: "Bəzi hallarda qaçqın və məcburi köçkün ailələri yeni mənzillərə köçürülərkən köhnə müvəqqəti qaldıqları evlərdə heç kimin yaşamamasına baxmayaraq, dövlətə təhvil vermək istəmirlər. Əlbəttə, belə hallar təəssüf doğurur. Dövlət ilk növbədə həmin ailələri mənzillə təmin edir ki, boşalan evlər ya yeni ailələrə verilsin, yaxud da onlar əvvəlki təyinatı üzrə getsin. Bu baxımdan Qaçqınkom-un xəbərdarlığı başa düşüləndir. Hesab etmirəm ki, Qaçqınkom-un bu addımı hər hansı bir gərginliyə səbəb olsun, hər hansısa bir problem yaratsın”.
 
Qeyd edək ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkün ailələrinə xəbərdarlıq edib. Xəbərdarlıq da qeyd olunub ki, bəzi qaçqın və məcburi köçkün ailələri yeni yaşayış məntəqələrinə köçürülərəkən sui istifadə hallarından istifadə edirlər:
 
"Təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan sui-istifadə edirlər. Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər.
 
Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən olunub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.
 
Qaçqınkom bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr, yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək".
 
Orxan Aslanlı


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM