Qarabağ "həmişəlik" kimin olacaq? - De Vaala cavab

14:00 | 26.02.2018
Qarabağ

Qarabağ "həmişəlik" kimin olacaq? - De Vaala cavab

Britaniyalı tədqiqatçı Tomas de Vaal "Azadlıq” radiosuna müsahibəsində belə bir fikir söyləyib ki, "Dağlıq Qarabağ həmişəlik ermənilərin nəzarəti altında qalacaq”, Bakı isə çətin ki, "risk etsin və insanların kütləvi tələfatına və dağıntıya gətirib çıxara biləcək bir təhlükəli münaqişəyə" başlasın.

Gəlin birlikdə onun bu bəyanatını arxivdə saxlayaq və "həmişəlik”lə bağlı onun öz sözlərini Azərbaycan Ordusunun Qarabağı alacağı və Azərbaycan bayrağını Xankəndi, Şuşa və Laçında dalğalandıracağı gözəl bir gündə onun yadına salaq, necə ki, bu günlərdə Türkiyə ordusu Afrində uğurlar qazanır.

Özü də fikir verin: Afrin, necə yanaşılsa da, Türkiyənin xaricindədir, Qarabağ isə Azərbaycan ərazisinin beynəlxalq səviyyədə tanındığı bir hissəsidir və onun ətrafında, ümumiyyətlə, heç bir söhbət ola bilməz. Əgər Türkiyənin Əsəd hökuməti (!) qüvvələri dəstəsini öz ərazisində elə öz şəhərinə doğru formal hərəkət edən zaman bombalamaq hüququ müttəfiqləri tərəfindən tanınırsa (hərçənd xüsusi şövq olmadan), hansı ağılsız siyasətçi Bakını onun suveren ərazisinə soxulmuş xarici (!) hərbçilərdən bombalamaq hüququndan məhrum edə bilər? Mənə bircə siyasətçi göstərin ki, Azərbaycanın qanuni hüququnu şübhə altına almaqla öz reputasiyasına zərbə vurmağa cəsarət etsin!

Hələlik isə biz bu həddən artıq təriflənmiş "ekspertə" çox maraqlı bir məsələni xatırladaq: əgər 1921-ci ildə ermənilər Qarabağın rəsmən (yəni yekun və de-yure!!!) itkisi ilə barışmayıb və sonrakı bütün onillikləri Qarabağın Azərbaycanın tərkibində olması ilə bağlı "həmişəlik" anlayışını büsbütün istisna ediblərsə, Azərbaycan bu gün hansısa yad ingilisin sözlərinə nə üçün inanmalı və Qarabağ üzərində Ermənistanın de-fakto (hətta de-yure deyil) nəzarətində "həmişəlik" ifadəsi ilə barışmalı və bu müvəqqəti itkini yekun kimi qəbul etməlidir? Əgər "həmişəlik" anlayışını qəbul etməkdən imtina halı bir dəfə (ermənilər tərəfindən) baş veribsə, həmin imtina təkrarən, bu dəfə isə Azərbaycan tərəfindən niyə baş verməsin?

Mən "bu və ya digər münaqişənin hərb yolu həlli yoxdur" ifadəsini heç vaxt başa düşməmişəm. Dostlar, sizi aldatmaq üçün heç kimə imkan verməyin! Elə bir münaqişə yoxdur ki, onu hərb yolu ilə həlli mümkün olmasın. Əksinə, elə münaqişələr (yeri gəlmişkən, bunlardan biri Qarabağ münaqişəsidir) var ki, onların sülh yolu ilə həlli mümkün deyil. Bu cür münaqişələrin yeganə həlli yolu hərbdir. Yaxud elə münaqişələr olur ki, onların, apriori, sülh yolu ilə həlli mümkün deyil, revanş götürmək istəyən tərəfin isə müharibəyə gücü kifayət etmir. Qüvvələr nisbəti dəyişməyənədək bu cür münaqişələr dondurulmuş hesab edilir. İndi biz vaxtilə dondurulmuş Qarabağ münaqişəsində buzun əriməsini tədricən müşahidə edirik və münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyü tezisi göz önündə əriyir.

Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin mümkünsüzlüyündən o halda danışmaq olardı ki, Ermənistan Azərbaycanın qapısını kəsdirər və Qarabağı ondan geri götürmək üçün yalvarardı. Bax, o zaman müharibəyə başlamaq mənasız olardı. Lakin Ermənistan və hətta Tomas de Vaalın özü də Qarabağın sülh yolu ilə Azərbaycana qaytarılmasını istisna edirsə, onda təkcə müharibə variantı qalır. Məsələ yalnız darmadağın etməyə yetərli olan hərbi qüvvənin kritik kütləsinə nail olmaqdadır. Əgər Qarabağı bir dəfə güc yolu ilə istila etmək mümkün olubsa, niyə görə onu elə təkrarən həmin güc yolu ilə də azad etmək mümkün olmasın?

Siz bizi aldada bilməzsiniz, cənab Kazimirov, de Vaal və başqaları. Güc ilə hər şey etmək mümkündür. Siz bunu hərbçilərə desəniz, onlar sizi lağa qoyar! Hətta Krımı digər dövlətdən "referendum" bəhanəsilə qoparmaq olar, Kosovanı da ayırmaq olar, Kürd muxtariyyəti də yaratmaq olar. Türklər 1878-ci ildə bağlanmış sülh sazişinə baxmayaraq, Ərdahan və Qarsın itkisi ilə 40 il barışmadılar. Nə üçün Ermənistanla müqaviləni imzalamayan Azərbaycan indi birdən Qarabağı almağı De-Vaalın "həmişəlik” sözünə görə yaddan çıxarmalıdır?

1915-1918-ci illərdə daşnak dəstələri rus ordusunun arxasında Şərqi Anadolu boyunca türk kəndlərini ayırıb, orada "Ermənistan” elan edəndə, Vanı, Ərzurumu, Bitlisi və digər yerləri tamamilə ermənilərin nəzarəti altında hesab edən ingilis jurnalistlərinə, ola bilsin ki, o zaman da rast gəlinib. Onlar nəzərdən qaçıra bilməzdilər ki, bu "həmişəlik" çox tezliklə "heç vaxta" çevriləcək. Beləliklə, bizə də məsləhət görmək qalır ki, de Vaal erməni həyasızlığına münasibətdə türklərin qətiyyətini lazımınca qiymətləndirməyən ermənipərəst sələflərini xatırlasın.

Təbii ki, de Vaal, Kazimirov kimiləri Azərbaycan cəmiyyətini Qarabağı unutmaq üçün onu əsgər məzarları ilə qorxutmağa çalışırlar. Qulaq asın, məgər türklər Afrinə girəndə itki verəcəklərini bilmirdilər? Məgər bu onları yolundan saxladı, yaxud qətiyyətlərini azaltdı? Uzağa getmək lazım deyil, elə Rusiyanı xatırlayaq: Əfqanıstana, Donbasa, Suriyaya, hətta öz Çeçenistanına daxil olanda Moskva "iki yüzlük” axını istisna etmişdimi? Bəyəm de Vaalın vətəni öz hərbi qulluqçularını İraqa, Əfqanıstana, Folklendə, Geliboluya göndərəndə dul qadınların, anaların və yetimlərin göz yaşı axıdacağını bilmirdi? Özü də söhbət yad ölkədən gedir, halbuki Qarabağ Azərbaycanın əzəli torpağıdır, başqa söhbət ola da bilməz. Buna görə də, cənab Kazimirov və de Vaal, bəlkə siz Azərbaycan xalqı üçün VƏTƏN sayılan məsələyə burnunuzu soxmaqdansa, öz problemləriniz və gözə kül üfürməyinizlə məşğul olasınız? Əgər siz Qarabağı ermənilər üçün onların qoruyub saxlamaq "hüququ" olduğu vətən hesab edirsinizsə, Zəngəzur, Dərələyəz, Vedibasar və Göyçədə əsrlər boyu yaşamış azərbaycanlılara niyə həmin münasibəti bəsləmir, onları öz kiçik vətənini müdafiə etmək hüququndan məhrum edir, Qarabağ ermənilərinə aid etdiyiniz hüququ onlarla bölüşmürsünüz?

Bir daha deyirəm: bizim başımızı qatmayın! Qarabağ münaqişəsinin hərb yolu ilə həlli nəinki var, elə bu gün də yeganə mümkün yol olaraq qalır. Yeri gəlmişkən ən ağlabatan və qaçılmaz yoldur.

Sizin "həmişəlik” sözünüzü isə biz bir xoşbəxt gündə arxivimizdən çıxarıb yadınıza salacağıq. Necə deyərlər, borclu borclunun sağlığını istər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM