Qarabağda növbəti MÜHARİBƏNİN TARİXİ, dünyanı iflic edəcək QƏRAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

21:44 | 29.06.2018
Qarabağda növbəti MÜHARİBƏNİN TARİXİ, dünyanı iflic edəcək QƏRAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağda növbəti MÜHARİBƏNİN TARİXİ, dünyanı iflic edəcək QƏRAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub. Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirib. İsrailin Baş naziri Benyamin Netanyahu İranı təhdid edib. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan çıxarılması üçün istifadə etmək niyyətindədir. Ankara ABŞ-ın İranla bağlı tələbini rədd edib.
26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub.
"Azərbaycan Ordusunun hərbi paradı göstərdi ki, Bakı gücünü açıq şəkildə nümayiş etdirir. Müharibə olacaqsa, Türkiyə ordusu də Azərbaycanla birlikdə döyüşəcək. Biz öz ordumuzu təcili şəkildə müasirləşdirməliyik. Bütün maliyyə resursları orduya yönəlməlidir. Müharibə qaçılmazdır və bu 2016-cı ildə "aprel müharibə”sinin təkrarı olmayacaq, daha böyük olacaq”. Bu barədə işğalçı Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan deyib.
Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirib. Təlimlər müdafiə və hücum xarakteri daşıyıb.
Məlumata görə, təlimlər cəbhənin şərq istiqamətində həyata keçirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Naxçıvan və Qarabağ cəbhəsində uğurlu əməliyyatları Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvanda hesab edirlər ki, Qarabağ danışıqlarının dalana dirənməsi Azərbaycanı ərazilərin azad edilməsi üçün hərbi varianta üz tutmağa məcbur edəcək. Bu kontekstdə Qarabağdakı təlimlər də müharibəyə hazırlıq xarakteri daşıyır.
Siyasi dillə deyil, hüquq dili ilə danışmaq lazımdır. F-35-lərlə bağlı Konqresin atdığı addımlar Türkiyəni narahat edir. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Tramp bizə zəruri addımları atacağını söylədi. Ancaq Tramp Türkiyəyə önəm verir və münasibətlərini inkişaf etdirməyə çalışır”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, Konqres F-35-lərin Türkiyəyə verilməsinin qarşısını almaq üçün qanun layihəsini təsdiqləyib. Qanun layihəsi ABŞ prezidenti tərəfindən təsdiqlənməlidir.
Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ABŞ-ın İranla bağlı siyasətini haqsız və birtərəfli adlandırıb. Çavuşoğlu bu haqda NTV telekanalına müsahibəsində bildirib.
Nazir əlavə edib ki, bu ölkədə xaosun yaradılması heç kəsə, həmçinin Vaşinqtona sərfəli deyil.
"Əgər ABŞ-ın qərarları sabitliyə və sülhə yönəlsə, onda biz onları dəstəkləyəcəyik. Əgər onlar bizə haqsız və ədalətsiz görünərsə, biz onlara qoşulmağa məcbur deyilik”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb.
İran varlığımıza yönələn ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"Açıq şəkildə ifadə edirəm. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. İranın Suriyanı bizə qarşı ölümcül baza yaratmasının qarşısını almaq üçün daim çalışacağam”, - deyə baş nazir bildirib.
Avropa İttifaqının (Aİ) liderləri ölkələr arasında yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə edib. Razılaşma Aİ-nin ötən gün keçirilən sammitində əldə olunub. Sammitdə qaçqın düşərgələrinin yaradılması və birlik şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin məhdudlaşdırmasına qərar verilib.
Müzakənin yekununda imzalanan bəyanata əsasən, yaradılacaq mərkəzlər çərçivəsində yeni miqrantların qəbulu və yerləşdirilməsi prosesi ölkələrin qarşılıqlı istəyi və könüllülük əsasında aparılacaq.
Eyni zamanda Aİ sərhədlərinin daha da möhkəmləndirilməsi, Avropaya mühacirətin qarşısının alınması məqsədilə Türkiyə, Mərakeş və Şimali Afrika ölkələrinə yüksək miqdarda yardım edilməsinə də qərar verilib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəniləcək.
Afrikada miqrasiya layihələrinə isə 500 milyon avro köçürüləcəyi planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp bu həftə növbəti dəfə Amerika qoşunlarının Suriyadan çıxması ideyasını irəli sürdü. O, mövzudan bu dəfə Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşündə danışdı. CNN telekanalının məlumatına görə, bu haqda liderlərin danışıqlarının məzmunundan xəbərdar olan iki diplomatik mənbə bildirib.
Tramp və Abdulla Suriyada vəziyyəti təfərrüatı ilə müzakirə edib. Mənbələrdən birinin sözlərinə görə, Tramp Suriyanın cənub-qərbində təhlükəsiz zona ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə razılaşacağına inanır. Bu, ABŞ-a qısa müddətə oradan çıxmasına imkan verəcək.
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa İttifaqından çıxmağı təklif edirdi. Bu haqda Avropadakı hökumət mənbələrinə istinadən "Vaşinqton Post” qəzeti bildirib.
Bildirilir ki, aprelin sonunda Tramp və Makron Ağ Evdə ticarət məsələlərini müzakirə etdiyi vaxt Ağ Evin başçısı həmkarına "Siz niyə Avropa İttifaqından çıxmırsınız?” şəklində sual verib. Mənbələrə əsasən, ABŞ prezidenti söz verib ki, Avropa İttifaqından çıxacağı halda, ABŞ Fransaya ən yaxşı şərtlərdə ikitərəfli ticarət müqaviləsini təklif edəcək.
ABŞ və Hindistan "2+2” formatında (iki ölkənin Müdafiə və Xarici İşlər Nazirliklərinin başçıları) Rusiya barəsində sanksiyaları, həmçinin Rusiyadan "Triumf" S-400 zenit-raket komplekslərinin alınması üzrə Nyu-Dehlinin planlarını müzakirə edəcəklər. Bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli NDTV kanalına müsahibəsində bildirib.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan çıxarılması üçün istifadə etmək niyyətindədir. Bu barədə məlumatı CNN televiziyası yayıb.
"Tramp bu həftə ABŞ-ın Suriyadan çıxmasını İordaniya kralı II Abdullahla müzakirə edib. Trampın planına əsasən, ABŞ Suriya hökumətinə İordaniya ilə sərhədi nəzarət altına almağa izn verəcək. Əvəzində Rusiyadan buradakı müxaliflərin ölkəni tərk etməyə məcbur edilməyəcəklərinə dair zəmanət alacaq. Tramp həmçinin Rusiyanın Suriyanın cənub-qərbində deeskalasiya zonası yaradacağını və buraya iranyönlü qüvvələrin girməsinə izn verməyəcəyini gözləyir. İranın Suriyadan qovulması ABŞ prezidentinin Suriya planının əsas hissəsidir”, - televiziya bildirib.
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər. Belə fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh edən politoloqlar "RİA-Novosti” agentliyinə açıqlamalarında səsləndiriblər.
Ekspertlər qarşıdakı sammitdə neft ixracının artırılması və Suriyadakı vəziyyətin, həmçinin Rusiyanın İran, ABŞ-ın isə Ukrayna üzrə qarşılıqlı güzəştlər imkanının müzakirə olunacağını bildirirlər.
Amerikanın radio həvəskarları istilik-nüvə raketlərinin işə salınması haqqında ABŞ komandanlığının əmrini yaxalayıblar. Bu haqda "The Drive” nəşri yazıb.
İyunun 27-də yaxalanan siqnal "B-52 Stratofortress” qitələrarası strateji bombardmançı-raket daşıyıcısına ünvanlanmışdı. Qeyd edilir ki, belə əmrlər nüvə silahının tətbiqi ilə planlaşdırılmış genişmiqyaslı zərbə çərçivəsində verilir. Belə siqnalların alınması halında Amerika hərbçiləri istilik-nüvə döyüş başlıqları ilə təchiz edilmiş 20 qanadlı raketi hədəfə buraxmalıdır.
Ancaq əslində məlum olub ki, siqnal təlimlər çərçivəsində verilmişdi. Təlimlərdə "B-52 Stratofortress” və "B-2 Spirit” bombardmançıları, həmçinin "E-6 Mercury” idarə və rabitə təyyarəsi iştirak edirdi.
"The Drive” nəşri istisna etmir ki, Vaşinqton belə təlimlərlə öz gücünü və bombardmançıların istilik-nüvə döyüş başlıqlarını istənilən nöqtəyə çatdırmaq qabiliyyətini göstərmək istəyir.
ABŞ prezidenti Donald Tramp ölkəsini Ümumdünya Ticarət Təşkilatından çıxarmaq istəyir. Bu haqda mənbələrə istinadən "Axios” nəşri yazıb.
Nəşrin yazdığına görə, Tramp təşkilatdan çıxmaq arzusu haqqında Ağ Evin yüksəkvəzifəli məmurlarına dəfələrlə bildirib. Qeyd edilir ki, belə addım qlobal ticarəti "vəhşi qarışıqlığa” gətirib çıxara bilər.
Ağ Evdəki mənbə həmçinin əlavə edib ki, Tramp Ümumdünya Ticarət Təşkilatı ilə ABŞ-ın münasibətlərinin təsviri üçün qeyri-normativ leksikadan tez-tez istifadə edir. ABŞ prezidentinin sözlərinə görə, təşkilat ABŞ-ı sıxışdırmaq üçün qalan dünya tərəfindən yaradılıb.
Bəzi köməkçilər Trampa izah etməyə çalışırdılar ki, ABŞ Ümumdünya Ticarət Təşkilatından fayda götürür, ancaq Tramp onların arqumentlərinə laqeyd qalıb.(publika.az)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb