“Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşa bilməz, çünki” - VƏKİL

14:50 | 22.10.2015
“Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşa bilməz, çünki” - VƏKİL

“Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşa bilməz, çünki” - VƏKİL

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı qaldırılan cinayət işi üzrə ibtidai istintaq tamamlanmayıb. Bu açıqlamanı zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev deyib.
 

Qeyd edək ki, bu gün APA istintaqın başa çatması və tərəflərin cinayət işinin materialları ilə tanış olması haqqında informasiya verib. Agentlik R.Əliyevin ölümündə şübhəli bilinən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyevə istinadən belə bir xəbər yayıb.

Lakin vəkil Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında həmkarı Bəxtiyar Hacıyevlə əlaqə saxladığını deyib: "O, bu haqda APA-ya açıqlama vermədiyini dedi. Həm də ona görə istintaq yekunlaşa bilməz ki, ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində yaradılmış komissiyanın rəyi istintaq qrupuna təqdim edilməyib. Bundan əlavə daha bir vacib rəy də alınmalıdır. Bu qeyd etdiyim rəylər iş materiallarına daxil edilmədiyinə görə, hüquqi baxımdan ibtidai istintaqın yekunlaşması mümkün deyil”.

Qeyd edək ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu  bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada ölüb.
 

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook"səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov,  Arif Əliyev,  Kənan Mədətov və  Samir Mustafayevdən ibarət qrup yaradaraq onunla görüşüb və R.Əliyevi döyərək ağır xəsarət yetiriblər.

İş üzrə C. Hüseynov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM