“Bəzi deputatlar öz alıcılıq qabiliyyətləri ilə sadə vətəndaşların xərclərinin eyni səviyyədə ölçürlər” - AÇIQLAMALAR

Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, deputat Eldar Quliyev mətbuata açıqlamasında bildirib ki, Bakıda "Təzə bazar”ı şərq üslubuna uyğun olaraq yenidən təkmilləşdirməklə digər bazarları ləğv etmək lazımdır. Onun sözlərinə görə, köhnə bazarların yerinə marketlər inşa olunmalıdır: "Xaricdə supermarketlərin birinci mərtəbəsində kənd təsərrüfatı məhsulları satılır. Həmin yer daha təmiz olur, bütün avadanlıqlarla təmin olunur və məhsul da təzə qalır”.
Əhalinin sıx olduğu Bakı kimi iri şəhərdə cəmi bir bazarın olması təklifi nə dərəcədə düzgündür? Yaxud marketlərin birinci mərtəbəsində bazar açmaq alıcıların ürəyincə olacaqmı? İqtisadçı ekspertlər deputat Eldar Quliyevin təklifinə münasibət bildiriblər.
Millət vəkilinin bu təklifinin ANN.Az-a iqtisadçı ekspertlər şərh ediblər.
"Deputatlar öz alıcılıq qabiliyyətlərini sadə adamlarla səhv salıblar” – VAHİD MƏHƏRRƏMOV

Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, əgər bazarların ləğv edilməsi ilə bağlı qərar verilərsə, bunun özü konstitusiyaya zidd olar: "Yəni bu bazarlar xüsusi mülkiyyətdir, sahibkarlar tərəfindən alınıb, özəlləşdirilib. Ümumiyyətlə bu proses (bazaların ləğv edilməsi) rəqabət mühitinin yox olması deməkdir. Bazar ləğv olunarsa, hamı supermarketə getməyəcək ki. Əhalinin çox hissəsinin maddi durum çox da yaxşı deyil. Alıcılıq qabiliyyəti də get-gedə aşağı düşür. Bu prosesi real görmürəm. Yəni bazarlar ləğv olunmaqla nə baş verəcək? Sizcə, 8-ci kilometr bazarına üz tutan istehlakçılar bundan sonra marketlərə gedəcək? Bu deputatlar öz alıcılıq qabiliyyətləri ilə sadə vətəndaşların xərclərini eyni səviyyədə olduğunu düşünürlər. Bəs sadə vətəndaşlar necə etsin? Birmənalı olaraq bazarları ləğv edib, hamının supermarketə göndərmək, heç vaxt alınmayacaq. Bu sadəcə bir xəyal ola bilər. Yaxın 50 il ərzində də düşünmürəm ki, bu proses baş versin. Bu səbəblərə əsaslanıb düşürəm ki, bazarların ləğv edilməsi ciddi bir təklif deyil”.
"Bazarların ləğv edilməsi ancaq supermarketlərə sərf edər” – NATİQ CƏFƏRLİ

İqtisadçı Natiq Cəfərli vurğulayıb ki, Avropanın bir çox ölkələrində həftəsonu "Fermer günləri” keçirilir: "Belə yarmarkaların ölkə üçün effekti böyük olur. Bu yolla fermerler birbaşa alıcı ilə təmasda olurlar və qiymətlərdə də endirim olur. Avropa ölkələrində belə tədbirlərin keçirilməsinə rəğmən Azərbaycanda iqtisadi böhran ərəfəsində, işsizliyin artdığı zamanda belə təklifin səsləndirilməsi çox qəribədir. Əksinə, bazarların sayı artırılmalı, fermerlərə dəstək verilməli, nəinki iri market sahiblərinin qazanclarının artırılmasına şərait yaradılmalıdır”.
Ekspert əlavə edib ki, əgər bazarların natəmiz şəraitdə olmasından söhbət gedirsə, bunu ləğv etməklə yox, problemi köklü sürətdə həll eləmək lazımdır: "İndiki şəraiti və böhranı nəzərə alıb, fermer bazarların sayı artırılmalıdır ki, işsizlik probemi az da olsa, həll edilsin. Bu proses həm də ucuzluğun yaradılmasına şərait yaradacaq”.
İqtisadçının fikrincə, bu təklifdə (bazarların ləğv edilməsi) məntiqsizlik var: "Çünki təklifin reallaşması supermarketlərdən başqa heç kimə sərf etməyəcək. Onlar məhsulu daha baha qiymətə satacaqlar. Bundan başqa bazarların ləğv edilməsi, ölkədəki rəqabəti də zəiflədəcək. Çünki bazarda eyni məhsulu satan şəxs daha aşağı qiymətlə məhsulu satmaq istəyir, ancaq supermarketlərdə eyni qiymətlər olur. Bu vəziyyətdə alıcılar üçün heç də ürək açan olmayacaq”.
Natiq Cəfərli onu da vurğulayıb ki, əksər millət vəkilləri mətbuatın gündəmində qalmaq üçün qəribə-qəribə açıqlamalar verirlər: "Eyni zamanda deputatlarımızın son çıxışlarından görünür ki, onlar əhalinin vəziyyətindən o qədər də narahat deyillər. Normal cəmiyyətdə belə təkliflər verən deputatlar ən azından növbəti seçkilərdə seçilməzlər. Onların bu cür təkliflərlə çıxış etmələri bir daha göstərir ki, onlar problemin kökünə baxmırlar, həll axtarmırlar. Deputatın işi qanun layihələri, təklifləri hazırlamalı, seçildiyi bölgənin problemləri ilə yaxından tanış olmaqdır”.
"Belə bir təklifin səsləndirilməsi ancaq təəssüf doğurur” – QALİB TOĞRUL

Ekspert Qalib Toğrul hesab edir ki, bu təklifin heç bir iqtisadi əsası, məntiqli əsaslandırması ola bilməz: "Birincisi, bazarlar xüsusi mülkiyyətdir, hansısa özəl sahibkara məxsusdur. Hansısa deputatın, yaxud məmurun istəyi və göstərişi ilə o ləğv oluna bilməz. Yalnız lazım gələrsə, dövlət ehtiyacları üçün torpaqların alınması məqsədi ilə qarşılığında kompensasiya ödənilmək şərtilə razılığa gəlmək mümkündür. İkincisi, bu təklifin həyata keçirilməsi haqsız rəqabətə yol aça bilər. Bu, təkcə, həmin obyektlərin sahiblərinin hüquqlarına qanunsuz müdaxilə kimi qiymətləndirilməməlidir, həm də o bazarlarda ticarətlə məşğul olan ayrı-ayrı satıcıların və kənd təsərrüfatı məhsulları istehsalçılarının hüquqlarının kobud şəkildə pozulması deməkdir”.
İqtisadçı əlavə edib ki, ölkədə meyvə-tərəvəzin topdan və pərakəndə satışı sahəsində monopoliyanın aradan qaldırılması, fermerlərin istehsal etdikləri məhsulların satışı ilə bağlı inzibati baryerlərin aradan qaldırılması yolunda real addımların atıldığı dövrdə belə mürtəce təklifin səsləndirilməsi ancaq təəssüf doğurur: "Azərbaycanda iqtisadiyyat, o cümlədən ticarət mümkün qədər liberallaşdırılmalı, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilməli, əvvəlki inzibati tənzimləmə metodlarından imtina edilməlidir”.
"Bazar və marketlər möhtəkirlərdən təmizlənməlidir” – FİKRƏT YUSİFOV

Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bazarların bağlanması barədə təklifin məntiqi əsası olmadığını deyib: "Ölkədə aqrar sektorun inkişafı üçün dövlət başçısı səviyyəsində bütün səylərin göstərildiyi dönəmdə belə təkliflə çıxış etmək qətiyyən başa düşülən deyil. Bu gün kəndliyə, fermerə bazarlarda istehsal etdiyi məhsulları sərbəst şəkildə reallaşdıra bilmək imkanları yaratmaq ən ümdə məsələlərdən biridir. Əgər kəndli, fermer min bir əziyyətlə əkib becərdiyi məhsulu sərbəst şəkildə bazarda sata bilməyəcəksə, deməli o, bu məhsulu ikinci dəfə əkib becərməyəcək. Buna görə də bazarları bağlamaq yox, kənddə istehsal olunacaq məhsulların satışının geniş şəkildə təşkil edilməsi istiqamətində düşünmək lazımdır”.
F.Yusifov vurğulayıb ki, bazar və yarmarkalar möhtəkirlərdən təmizlənərək, bilavasitə məhsulun istehsalçılarına verilməlidir: "Bu məhsulların qiymətlərinin də əhəmiyətli dərəcədə aşağı düşməsi ilə nəticələnəcək. Əgər söhbət məhsulların keyfiyyətinin qorunmasından, bazarlarda sanitariya qaydalarına riayət edilməsindən gedirsə, bu işlər düzgün təşkil edilmədiyi hallarda, eyni yarıtmaz vəziyyətə marketlərdə də rast gəlinəcək. Əksinə bazarlarda keyfiyyət məsələləri keyfiyyətsiz məhsulları müxtəlif formalarda insanlara sırımaqda peşəkarlaşmış marketlərdən daha üstün olur. Çünkü istehsalçı həm də satıcı olanda hər şey daha saf olur".
Orxan Aslanlı
Son xəbərlər
Daha çox 