• $
  • €
  • ₽
  • ₺
  • £

“Gallup" mərkəzi ilə STM-nin pandemiye SORĞUSU

“Gallup" mərkəzi ilə STM-nin pandemiye SORĞUSU
02.02.2021 17:50
Nüfuzlu araşdırma mərkəzi "Gallup International Association” Koronavirus pandemiyasının yaratdığı böhrana münasibətdə ölkələr üzrə ictimai rəyi əks etdirən, 2020-ci ilin yekunlarına dair qlobal tədqiqat nəticələrini təqdim edib. Dörd mərhələdən ibarət sözügedən tədqiqat 47 ölkədə 45 minə yaxın respondent arasında həyata keçirilmiş sorğuları əhatə etməklə, qlobal əhalinin pandemiya və dövlətlərin böhranla mübarizəsinə dair ictimai fikri araşdırıb.
 
Nəticələrə uyğun olaraq, dünya əhalisinin yarısından çoxu hökumətlərinin pandemiya ilə mübarizə siyasətini düzgün idarə etməsi qənaətindədir. Digər tərəfdən, hər beş nəfərdən ikisinin belə yanaşma ilə razı olmadığı məlum olsa da, digərləri bu fikirlə bağlı suallara cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sözügedən beynəlxalq sorğunun nəticələri yuxarıda qeyd edilən məsələlərlə bağlı ölkələrin mənzərəsini üzə çıxarır. Araşdırmada mövzu istiqamətində Azərbaycana dair müsbət göstəricilərin yer alması da nəzərə çarpır. Belə ki, sorğunun əsas nəticələri sırasına daxil olub, hökumətin COVID-19 böhranı ilə mübarizə prosesininin ictimai dəyərləndirilməsi olaraq meydana çıxan göstərici 86% razılıq dərəcəsi təşkil edir. Beləliklə, tədqiqat işi sübut edir ki, Azərbaycan əhalisi 2020-ci ildə Koronavirus pandemiyası ilə bağlı yaranmış böhran vəziyyətini hökumətin düzgün idarə etməsini təsdiqləyir.
Qeyd etmək lazımdır ki, Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci il ərzində təqdim etdiyi ictimai rəy sorğularının nəticələri də pandemiya ilə mübarizədə dövlət strategiyasının əhali tərəfindən yüksək qiymətləndirilməsini üzə çıxarıb. Mərkəzin iyul ayında təqdim etdiyi "Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” Analitik hesabatında dövlətin 2020-ci ildə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə tərəfindən həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən məmnuniyyət göstəriciləri ictimai rəy əsasında ölçülüb. Tədqiqat çərçivəsində müvafiq istiqamətdəki beynəlxalq təcrübə, Azərbaycanda görülən işlərin icmalı, eləcə də antiböhran strategiyasının potensial imkanları əsas konturlar üzrə əhatə olunub. Qeyd olunan məqsədlərə çatmaq üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Operativ Qərargahın müxtəlif tarixlərdə qəbul edib həyata keçirdiyi antiböhran tədbirlərinə ictimai rəyi öyrənmək məqsədilə ümumölkə miqyaslı sorğular keçirilib, fokus qrup müzakirələri aparılıb və onların nəticələri tədqiqat qrupu tərəfindən təhlil edilib. Beləliklə, ümumölkə səviyyəsində 2020-ci ildə keçirilən və sahə işi üzrə tədqiqatın müxtəlif mərhələlərinə uyğun olaraq 24-30 aprel, 08-11 may, 22-23 may, 09-10 iyun və nəhayət, 03-07 iyul 2020-ci il tarixlərində, ümumilikdə beş mərhələdə 4144 respondentlə aparılmış sorğunun nəticələrinə əsasən Azərbaycan dövlətinin pandemiya ilə mübarizə siyasətinə və istər ölkə miqyasında həyata keçirilən qabaqlayıcı tədbirlərə, istərsə də dövlət dəstək alətlərinə ictimai rəy 93.0%-lik göstərici ilə müsbət olaraq qeydə alınmışdır. 
 
Nəticə etibarilə, yuxarıdakı məlumatları nəzərə almaqla qeyd etmək lazımdır ki, Sosial Tədqiqatlar Mərkəzi ölkədə ictimai rəy institutunun formalaşdırılmasında rol oynayan ixtisaslaşmış əsas qurum kimi sosial-iqtisadi və siyasi sferanı əhatə edən hadisələr, o cümlədən, cəmiyyəti düşündürən əsas mövzular üzrə ictimai rəyin öyrənilməsi istiqamətində sorğu aparılması işini ən yüksək elmi-texnoloji standartlarına cavab verən metodoloji prinsiplər əsasında təşkl edir. Buna əsasən demək mümkündür ki, Mərkəz tərəfindən həyata keçirilən ictimai rəy sorğuları üzrə əldə olunan nəticələr etibarlılıq səviyyəsinə görə dünyanın aparıcı tədqiqat mərkəzinin təqdim etdiyi göstəricilərlə yüksək uyğunluq təşkil etməklə, müasir keyfiyyət standartlarına cavab verir. Bu baxımdan, Mərkəz Azərbaycanda ictimai münasibətlərin təhlili və dinamikasınının ölçülməsini dünyada tədqiqat aparılmasının işində qəbul olunmuş vacib tələblərə riayət etməklə davam etdirir.

Sosial Tədqiqatlar Mərkəzi Mətbuat xidməti

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol