““Tərtər işi” araşdırılan zaman bir çox başlar gedəcək” - Deputatdan AÇIQLAMA
"Tərtər işi" hadisələrinin bir daha təftiş edilməsinə, istintaqdan yayınmağa müvəffəq olmuş xainlərin ifşa edilməsinə, eyni zamanda haqsız olaraq işgəncələrə məruz qalanların dairəsinin daha dəqiqliklə müəyyənləşdirilməsinə, qurunun oduna yaşların təsadüfən, yoxsa bilərəkdən yandırılıb yandırılmadığının üzə çıxarılmasına ehtiyac var. Hadisə araşdırılan zaman bir çox başlar gedəcək, bu fikirləri deputat Vahid Əhmədov Moderator.az-a "Tərtər işi" ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu hadisələrin Aprel döyüşlərindən sonra baş verməsi təsadüf hesab oluna bilməz.
"Görünən odur ki, əsas niyyət silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətini ləkələmək olub. Son 4 ildə baş verənlər mediada, sosial şəbəkələrdə eninə boyuna dartışılanda bəlli oldu ki, həqiqətən də çox ağır cinayət törədilib. Və bu cinayətin ifşa edilməsi zamanı da çoxsaylı qanun pozuntularına yol verilib. Məhz ötən il ordumuz müqəddəs missiyanı şərəflə yerinə yetirdikdən sonra təkrar bu hadisələrin qaranlıq məqamlarına işıq salınması təşəbbüsü alqışlanmalıdır və heç şübhəsiz bu, Ali Baş Komandan İlham Əliyevin birbaşa siyasi iradəsindən qaynaqlanır. Görünür, son bir ildə Ermənistanla sərhəddə və Qarabağda baş verən insidentlər, eyni zamanda bizim bilmədiyimiz bəzi narahatedici məqamlar dövlət başçısını qayğılandırıb və o bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib.
www.anews.az