Rəsmi Bakıdan Fransa xarici işlər nazirinin bəyanatına - Reaksiya
"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu gün bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilib”.
"Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi.
Prezidentin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür.
Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir.
Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etmişdir.
Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.
www.anews.az