Rusiya nüvə müharibəsinə hazırlaşır, yoxsa boşboğazlıq edir? - ABŞ-DAN ŞƏRH
ABŞ Rusiyanın nüvə qüvvələrini gündəlik izləyir. Bununla belə ABŞ Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Rusiyanın "ekzistensial təhlükə” ilə üzləşəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı bəyanatını pisləyib.
Bunu Pentaqonun sözçüsü Con Kirbi Moskvanın nüvə təhlükəsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Belə ki, CNN telekanalına müsahibəsində Dmitri Peskov Moskvanın nüvə silahından istifadə etmək fikrində olub-olmaması barədə suala cavabdan bir neçə dəfə yayınıb. Aparıcı Kristian Amanpur ondan Putinin nüvə arsenalından hansı şəraitdə istifadə edə biləcəyini soruşduqda Peskov cavab verib ki, "ölkəmiz üçün ekzistensial təhlükə yaranarsa, bu, mümkündür”.
"Məsuliyyətli nüvə dövləti belə hərəkət etməməlidir”, - bu sözləri şərh edən Con Kirbi deyib.
Eyni zamanda, Pentaqonun sözçüsü əlavə edib ki, departament hələlik onları strateji mühafizə mövqeyini dəyişməyə məcbur edəcək heç nə görmür.
Vladimir Putin fevralın 27-də Rusiyanın nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, lakin Qərb müdafiə rəsmiləri Rusiyanın strateji bombardmançıları, raketləri və sualtı qayıqlarının səfərbər olmasına dair heç bir iş görmədiyini bildirir.
Putinin mətbuat katibi Dmitri Peskovun CNN-ə müsahibəsində Rusiyanın nüvə silahının potensial istifadəsini istisna etmədiyi barədə sözləri ekspertlərin fikrincə, ölkənin nüvə siyasətində dəyişiklik kimi şərh edilməməlidir.
iSEC Partners və NGS Secure təşkilatarının keçmiş baş təhlükəsizlik məsləhətçisi Matt Tate tvitter hesabında yazıb ki, "burada yeni heç nə yoxdur. Sadəcə köhnə doktrinanın təkrarıdır".
"Onlar ABŞ-ın nüvə silahları ilə bağlı panikasını görməkdən həzz alır, bu bəyanat mövqe dəyişikliyi ilə bağlı deyil”, - o əlavə edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər