• $
  • €
  • ₽
  • ₺
  • £

77 milyon insan yoxsullaşıb - Azərbaycanda vəziyyət necədir?

77 milyon insan yoxsullaşıb - Azərbaycanda vəziyyət necədir?
14.04.2022 22:03
2021-ci ildə COVID-19 pandemiyası səbəbindən 77 milyondan çox insan yoxsullaşıb və bir çox inkişaf etməkdə olan ölkələrin borclarını qaytara bilməyib. Bu, Birləşmiş Millətlər Təşkilatının dünən, aprelin 13-də yaydığı Dayanıqlı İnkişafı Maliyyələşdirmə  hesabatında deyilir. 
 
Hesabat yoxsulluğun aradan qaldırılması, bütün gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsi və gender bərabərliyinə nail olmaq daxil olmaqla, 2030-cu ilədək BMT-nin inkişaf məqsədlərinə nail olmaq üçün maliyyələşdirmə haqqındadır.
 
BMT-nin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrin 20%-də adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin sonuna kimi  2019-cu ildən əvvəlki səviyyəyə belə qayıda bilməyəcək. 
 
BMT Baş katibinin müavini Əminə Məhəmmədin sözlərinə görə, bütün bunlara Ukraynadakı müharibənin qlobal təsiri də əlavə olunub. 

"Yüz milyonlarla insanın aclıq və yoxsulluqdan xilas olmasını təmin etmək üçün kollektiv məsuliyyət vacibdir, heç bir bəhanə qəbuledilməzdir. Biz heç kəsi geridə qoymadan layiqli və yaşıl işlərə, sosial müdafiəyə, səhiyyəyə və təhsilə sərmayə qoymalıyıq. Ən yoxsul inkişaf etməkdə olan ölkələr orta hesabla öz borclarının faizinə görə gəlirin 14 faizini ödəyirlər ki, bu da inkişaf etmiş ölkələrdən təxminən 4 dəfə çoxdur və 3,5 faizdir. Qlobal miqyasda bir çox inkişaf etməkdə olan ölkələr pandemiya nəticəsində təhsil, infrastruktur və digər kapital xərcləri üçün büdcələri azaltmaq məcburiyyətində qaldılar. Ukraynadakı müharibə daha yüksək enerji və əmtəə qiymətləri, yenilənmiş tədarük zəncirinin pozulması, aşağı artımla birləşən yüksək inflyasiya və maliyyə bazarlarında qeyri-sabitliyin artması ilə bu problemləri daha da şiddətləndirəcək və yeni problemlər yaradacaq. BMT-nin hesabatı 1,7 milyard insanın Ukraynadakı müharibə səbəbindən ərzaq, enerji və kübrə xərclərinin artması ilə üzləşdiyini də göstərir", - Əminə Məhəmməd bildirdi.
 
Baş katibin müavininin sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr üçün müharibə borc sıxıntısının və aclığın artmasına səbəb olacaq.
 
"2021-ci ildə ərzaq qiymətləri də on il ərzində ən yüksək həddə çatdığı üçün BMT narahatlıq yaşayır. Ukraynadakı münaqişə bir çox ölkələr üçün iqtisadi mənzərəni kəskin şəkildə pisləşdirmək riski daşıyır.
 
Hesabatın tövsiyələrinə borcdan azad olmağın sürətləndirilməsi və yüksək borcu olan orta gəlirli ölkələr üçün uyğunluğun genişləndirilməsi, beynəlxalq vergi sisteminin koronavirus peyvəndlərinin mövcudluğu və tibbi məhsullara çıxış kimi problemləri həll etmək üçün uyğunlaşdırılması, sabit enerjiyə investisiyalarının sürətləndirilməsi və məlumatların təkmilləşdirilməsi daxildir.
 
Yoxsulluq nədir? 

Yoxsulluq insanın qida, sığınacaq və geyim kimi zəruri ehtiyaclarını ödəmək üçün gəlirinin (və ya digər dəstək vasitələrinin) olmadığı bir vəziyyətdir. Yoxsulluq dünyanın hər bir ölkəsində mövcuddur. Bəzi ölkələrdə isə digərlərindən daha aktual problemdir. Yoxsulluq səviyyəsi müəyyən demoqrafik qrupda gəliri yoxsulluq həddindən aşağı olan insanların sayıdır. Bu göstərici adətən faizlə ifadə olunur.

Yoxsulluğun yaranmasına regionda şirin su və əkin sahələrinin miqdarından tutmuş davam edən silahlı münaqişə daxil çoxlu səbəblər var. Bundan əlavə, COVID pandemiyası və ya Puerto Rikoda 2020-ci ildə baş verən zəlzələlər kimi təbii fəlakətlər yoxsul bölgənin onsuz da az olan resurslarını mənfi təsir göstərir.

İnsanların yoxsulluqdan qurtulması üçün onların təhsilə, lazımi səhiyyə və kanalizasiyaya, təmiz suya çıxışa və maddi vəziyyətlərini yaxşılaşdırmağa kömək edə biləcək iş imkanlarına ehtiyacları var. 

Yoxsulluğu minimuma endirmək üçün BMT daxil olmaqla təşkilatlar yoxsul insanların təmiz suya, adekvat qidaya, əlverişli təhsilə və səhiyyəyə və digər ehtiyaclara çıxışını yaxşılaşdırmaq üçün müxtəlif hökumətlərlə birgə çalışır. 

Dünyada yoxsulluq statistikası

Dünya Bankının 2022-ci il məlumatına görə, dünyada yoxsulluğun ən yüksək olduğu ölkələr aşağıdakılardır: 

Cənubi Sudan - 82,30%
Ekvatorial Qvineya - 76,80%
Madaqaskar - 70,70%
Qvineya-Bisau - 69,30%
Eritreya - 69,00%
Sao Tome və Prinsipi - 66,70%
Burundi - 64,90%
Konqo Demokratik Respublikası - 63,90%
Mərkəzi Afrika Respublikası - 62,00%
Qvatemala - 59,30%

Azərbaycanda yoxsulluq hansı səviyyədədir? 

Ölkə Prezidenti İlham Əliyev cari ilin martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən Azərbaycanda yoxsulluğun səviyyəsinin təxminən beş faiz olduğunu deyib. 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, pandemiya başlayandan rəsmi rəqəmlərdə işsizlik və yoxsulluq 2 faiz artıb.

"2020-ci ildə, yəni COVID Azərbaycanda yayılmağa başladığı andan işsizlik 4,8 faizdən 6 faizə, yoxsulluq  4 faizdən 6 faizə qalxıb. Bu rəqəmləri Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb. Dəqiq məlumat üçün daha əsaslı mənbələrə söykənən statistikaya ehtiyac var. Amma ölkədə təəssüf ki, DSK-dən başqa statistika aparan alternativ qurum yoxdur. Amma pandemiya, eləcə də Rusiya-Ukrayna müharibəsindən dolayı ölkədə yoxsulluğa səbəb olacaq hadisələr baş verib. Sözügedən hadisələr fonunda qiymətlər artıb. 2022-ci ilin fevralında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevralına nisbətən 17,2 faiz yüksəlib. Azərbaycanda insanlar gəlirinin 51 faizini ərzaqla xərcləyir, bu çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə qida məhsuluna xərclənən pul 15-25 faiz arası dəyişir. Sözügedən 51 faizini üzərinə kommunal, zəruri tibbi xərclər gələndə yoxsulluq səviyyəsinin artacağı qaçılmazdır", ekspert dedi.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə yoxsulluq və işsizlik probleminin aradan qalxması üçün mütəmadi olaraq işlər gördüyünü bildirir. 
 
"Ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edib. Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artıb.Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edilib. Bu yardımın orta aylıq məbləği son bir ildə 17 faiz artıb, 2020-ci ildə COVID-19 pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynayıb. Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edilib, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artıb", nazir Sahil Babayev ictimaiyyətə bildirib. 

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi bildirib ki, 2023 və 2024-cü illərdə Azərbaycanda yoxsulluq 4,9 və 4,7 faiz təşkil edəcək.
 
Azərbaycanda işsizlərin rəsmi statistikası

2022-ci ilin yanvar ayında Azərbaycanda işsizlərin sayı artaraq 315.8 nəfər təşkil edib. DSK-nın məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olmuş, onlardan 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib. Azərbaycanda işsizlik 2020-ci ilin iyunundan başlayaraq 6%-in üzərinə qalmış, 2021-ci ilin 1 fevralında 7.159% səviyyəsinə qədər qalxsa da növbəti aylarda azalaraq, 2021-ci ilin dekabrından sonra 6%-in altına düşüb. Pandemiyadan öncə isə rəsmi olaraq ölkədə işsizlik səviyyəsi 5%-in altında göstərilir.
 
İqtisadçılar bu rəqəmlərin daha çox olduğunu istisna etmir. 
 
Azərbaycanda orta aylıq əməkhaqqı isə 300 AZN təşkil edir. 
 
Ləman Qasımova


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol