• $
  • £

Tahir Salahovun Parisdə fərdi sərgisi açılıb

Tahir Salahovun Parisdə fərdi sərgisi açılıb
29.05.2020 08:26
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.Dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir.Nadir memarlıq quruluşuna malik olan bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi, həmçinin ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında iştirak edib.Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib. O qeyd edib ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirib. “Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır”, - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Nazir deyib ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.Sonra qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olublar.Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Parisin mədəni həyatında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilib. Bu sərgi ilk növbədə sənətsevərlərin çoxdandır yolunu gözlədiyi fırça ustasının yaradıcılığına bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Bu, həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malikdir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətini yüksək səviyyədə dünyada təmsil edən Xalq Rəssamı, “İstiqlal” və “Heydər Əliyev” ordenli Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha Qərb tamaşaçılarının diqqətinə çatdırıb. Bu il 85 yaşını qeyd edən xalqımızın böyük oğlu Tahir Salahovun Parisdə açılan fərdi sərgisinin bir özəlliyi də təbii ki, onun sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mistislav Rostropoviç, Anar, Soljinitsin kimi dünya şöhrətli şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş “Həmişə Eyfel qülləsi ilə” silsilə rəsmləri böyük maraqla qarşılanıb və bəzi əsərlərinin xalça versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Odur ki, kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevən Tahir Salahovun sərgiyə təqdim etdiyi əsərlərini izlədikcə, özünü də tablolarda əks olunan mühitdə görürsən. Bir-birindən fərqli mövzulara müraciət edərək, bu fərqliliyi, Şərq ilə Qərbin sintezini məharətlə əks etdirən rəssam əslində xalqımızın simasını, onun hissini, duyğusunu yaratmış və buna uğurla müvəffəq olub.Sənətkarlığı ilə yanaşı, xalqının ictimai həyatında da fəal iştirak edən Tahir Salahov həm də bir pedaqoq kimi sevilib və böyük hörmət qazanıb. 1973-cü ildən SSRİ Rəssamlar İttifaqının birinci katibi, UNESCO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildən isə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti olan Tahir Salahovu çox zaman “incəsənətin səlahiyyətli səfiri” də adlandırırlar. Odur ki, mahir fırça ustası ilə görüşmək arzusunda olanların sayı heç vaxt azalmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının, Fransa İncəsənət Akademiyasının müxbir üzvü, onlarla nüfuzlu mədəniyyət təltiflərinin sahibi olan Tahir Salahovu “Ürəklə şəkil çəkən rəssam” da adlandırırlar. Çünki onun əsas sərvəti xalqına sonsuz dərəcədə bağlı olan qəlbidir. Bu sərginin dəyərini artıran ən mühüm amil də rəssamın öz sərgisində qonaqları ilə elə öz xalqının dilində danışması olub.//AzərTAc
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol