İran yaşayış binalarında günəş enerjisi sistemlərinin genişləndirilməsini planlaşdırır
İran yaşayış binalarında günəş enerjisi sistemlərinin tətbiqini genişləndirməyi planlaşdırır. Bu barədə İran İslam Respublikasının yollar və şəhərsalma naziri müavini Gholamreza Kazemian bildirib.
Onun sözlərinə görə, İran son illərdə şəhərsalma siyasətində iqlim dəyişikliyi, su qıtlığı və enerji istehlakının idarə olunmasına daha çox diqqət ayırmağa başlayıb.
“Yeni nəsil şəhərsalma planlarında iqlim dəyişikliyi, su çatışmazlığı və enerji istehlakının idarə olunması ilə bağlı yanaşmaları inteqrasiya etmişik. Qum, Qərbi Azərbaycan vilayəti və digər şəhərlər üçün hazırlanan baş planlar artıq bu prinsiplər əsasında təsdiqlənib. İsfahan üçün də oxşar planlar hazırlanıb”, - o qeyd edib.
Nazir müavini bildirib ki, İranın Yol və Şəhərsalma Nazirliyi Energetika Nazirliyi və İranın Tikinti Mühəndisliyi Təşkilatı ilə birlikdə yaşayış binalarında günəş enerjisi sistemlərinin tətbiqinə dair anlaşma memorandumu imzalamağa hazırlaşır.
Onun sözlərinə görə, təşəbbüs “Tikinti Mühəndisliyi və Məsləhətçilik Qanunu” çərçivəsində həyata keçiriləcək və məqsəd binalarda enerji istehlakını azaltmaq, eyni zamanda günəş panelləri vasitəsilə enerji təminatının bir hissəsini qarşılamaqdır.
Kazemian qeyd edib ki, layihə texniki və mühəndis dəstəyi, proqram təminatı həlləri, maliyyə təşviqləri və kredit imkanlarını da əhatə edəcək.
“Layihənin maliyyələşdirilməsi enerji qənaəti hesabına və İran Enerji Birjasında ticarət olunan enerji qənaəti sertifikatları vasitəsilə təmin ediləcək”, o əlavə edib.
Nazir müavini vurğulayıb ki, İranda binalar ölkənin ümumi illik enerji istehlakının 40%-dən çoxunu təşkil edir və bu səbəbdən enerji idarəçiliyində əsas sektorlardan biri hesab olunur.
O həmçinin xatırladıb ki, 1995-ci ildə qəbul olunmuş “Tikinti Mühəndisliyi və Məsləhətçilik Qanunu” binaların layihələndirilməsi, tikintisi və istismarını tənzimləyən əsas texniki standartları müəyyən edir və sənədin əsas məqsədlərindən biri də enerji səmərəliliyinin artırılmasıdır.
Gülnar Nazimqızı