Subasma səbəbindən təxliyə olunanların sayı təxminən 8 dəfə artıb
Azərbaycanda bu ilin ötən dövründə intensiv yağışlar və subasma səbəbindən 1 351 nəfər təxliyə edilib. Ötən ilin eyni dövründə bu göstərici 170 nəfər olub. Bunu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Akşin Əlili çimərlik mövsümünün yekunlarına dair brifinqdə bildirib.
Subasma səbəbindən təxliyə olunanların sayı illik müqayisədə təxminən səkkiz dəfə və ya 695% artıb.
Əlilinin sözlərinə görə, su basmış ərazilərdə əlavə olaraq 38 nəfərə yardım göstərilib. Ötən ilin eyni dövründə bu göstərici doqquz nəfər olub.
Bu ilin ötən dövründə su hövzələrində xilas olunanların sayı 73-dən 107 nəfərə yüksəlib. Çimərlik mövsümündə boğulma təhlükəsi ilə üzləşərək xilas edilənlərin sayı isə 70-dən 97 nəfərə çatıb ki, bu da təxminən 39% artım deməkdir.
FHN-in nəzarət etdiyi çimərliklərdə bu il sudaboğulma halı qeydə alınmayıb. Qeydə alınmış ölüm halları çimərlik üçün nəzərdə tutulmayan və nəzarətsiz su hövzələrində baş verib.
Cari ilin ötən dövründə qeyri-çimərlik ərazilərində 64 nəfərin meyiti sudan çıxarılıb. Ötən ilin eyni dövründə bu rəqəm 85 olub. Beləliklə, göstərici təxminən 25% azalıb.
Əlili bildirib ki, sudaboğulma hallarının əsas səbəbləri küləkli havada və ya sərxoş vəziyyətdə suya girmək, uşaq və yeniyetmələri nəzarətsiz buraxmaq, həmçinin çay, göl, suvarma kanalları və çimmək üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə etməkdir.
FHN-in məlumatına görə, çimərlik mövsümündə sudaboğulma hallarının ümumi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% azalıb.
Aytac Zeynalova