Elman Nəsirov: aqrar sahədə logistika zənciri gücləndirilməlidir
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yalnız kənd təsərrüfatı məhsullarının istehsalının artırılması kifayət etmir, istehsal, emal, saxlama, logistika, pərakəndə satış və istehlakı əhatə edən zəncir gücləndirilməlidir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Ərzaq təhlükəsizliyi probleminin həlli üçün çoxlu məhsul istehsal etmək hələ bu işin yarısıdır. Burada bir dəyər zənciri var. İstehsal, emal, saxlama, logistika, pərakəndə satış və istehlak zənciri gücləndirilməlidir və bu zəncir çərçivəsində qarşıya qoyulan məsələyə nail ola bilərik”, - Nəsirov bildirib.
Deputat aqrar sahədə idxaldan asılılığın minimuma endirilməsinin vacibliyini vurğulayıb.
“Bu qanunun qəbulu ilə ilk növbədə idxaldan asılılığın minimuma endirilməsinə nail olunmasını çox istərdik”, - o deyib.
Nəsirov Azərbaycanda su çatışmazlığının obyektiv səbəblərinin olduğunu qeyd edib və müasir irriqasiya texnologiyalarından istifadənin vacibliyini vurğulayıb.
“Su çatışmazlığı probleminin obyektiv səbəbləri var. Cənubi Qafqazın üç respublikası içərisində ən az su ehtiyatlarına malik ölkə Azərbaycandır. Bu, təbii olaraq belə formalaşıb. Amma istənilən halda sudan qənaətlə istifadəni təmin edən müasir irriqasiya texnologiyaları var və onlardan istifadə olduqca əhəmiyyətli olar”, - deputat bildirib.
O, torpaqlardan səmərəli istifadə və məhsuldarlığın artırılmasını da əsas məsələlərdən biri kimi göstərib.
“Torpaqlardan səmərəli istifadə, xüsusilə də onların istifadəsi və məhsuldarlığın yüksəldilməsi çox əhəmiyyətli məsələlərdəndir. Aqrotexniki yeni üsulların tətbiqi nəticəsində biz bu sahəni də inkişaf etdirə bilərik, amma hələ də bu sahədə müəyyən boşluqlar var”, - Nəsirov deyib.
Deputat kənd təsərrüfatında saxlama və logistika problemlərinin, eləcə də iqlim risklərinin mövcudluğunu qeyd edib.
Nəsirov həmçinin örüş sahələri ilə bağlı statistik göstəricilərlə kəndlərdəki real vəziyyət arasında fərq olduğunu bildirib.
“Əkin sahələrimiz 2 milyon hektardan bir qədər çoxdur. Təxminən 2,03 milyon hektar isə örüş sahələridir. Statistikada örüş sahələrinin əkin sahələrindən çox olduğunu görürük. Amma kənddə fermerlə, kənd adamı ilə danışanda deyir ki, mal-qara saxlamağa yerim yoxdur, bütün sahələr əkilib və zəbt olunub. Bu baxımdan statistika ilə reallıq bir qədər adamı çaşdırır”, - o bildirib.
Deputat hesab edir ki, aqrar sahənin qarşısında duran problemlərin həlli üçün torpaq resurslarından istifadə imkanları mövcuddur.
“Dövlət torpaqları bütün torpaq fondunun 41 faizindən çoxunu, bələdiyyə torpaqları 23 faizdən çoxunu, xüsusi mülkiyyətdə olan torpaqlar isə 34 faizdən çoxunu təşkil edir. Prinsip etibarilə aqrar sahənin qarşısında dayanan problemləri həll etmək üçün imkanlarımız var”, - Nəsirov deyib.
O, “Aqrar sahə haqqında” qanun layihəsinin qəbulunun aqrar sahədə hüquqi bazanın gücləndirilməsinə imkan verəcəyini bildirib.
“İstək var, niyyət var, obyektiv və subyektiv problemlər var. Amma əsas odur ki, artıq hüquqi bazanı gücləndirmiş olduq. İndi isə qolları çırmalayıb işləmək lazımdır”, - deputat qeyd edib.
Gülnar Nazimqızı