XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğlu xəsarət alıb. Bununla da 2020-ci il müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
XİN bildirib ki, hadisə minaların yaratdığı təhlükənin davam etdiyini göstərir və Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.
Məlumata görə, oktyabrın 8-də Cəbrayıl rayonunda 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Daha sonra onun atası, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov oğlunun minaya düşdüyü əraziyə daxil olaraq eyni ərazidə mina partlayışına məruz qalıb.