Azərbaycan və Rumıniya qiymətləndiriciləri əməkdaşlıq memorandumu hazırlayır
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Rumıniya Qiymətləndiricilər Palatası (ANEVAR) arasında əməkdaşlığın rəsmiləşdirilməsi və memorandumun imzalanması istiqamətində iş aparılır.
AQC İdarə Heyətinin sədri Vüqar Oruc bu barədə Buxarestdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovla görüşündə məlumat verib.
Görüşdə Azərbaycan mütəxəssislərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası, beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi və əməkdaşlığın Avropa Qiymətləndiricilər Assosiasiyası (TEGoVA) çərçivəsində inkişaf etdirilməsi də müzakirə olunub.
Vüqar Oruc AQC-nin beynəlxalq fəaliyyəti, layihələri, Azərbaycanda milli qiymətləndirmə standartlarının hazırlanması və AZSTAND yanında 54 saylı texniki komitənin işi barədə səfirə məlumat verib.
Osmanov iki ölkənin qiymətləndiriciləri arasında əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə səfirə AQC-nin təşəkkürnaməsi və “Qiymətləndirmə” jurnalının ilk sayı təqdim olunub.