Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Türkiyə Qara dənizi Rusiya-Ukrayna müharibəsindən kənarda saxlamaq üçün hazırladığı təklifi həm Ukrayna, həm də Rusiya tərəfinə çatdırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.
“Bizim mövqeyimiz bu müharibənin tamamilə dayandırılmasıdır. Müharibə tam dayanmırsa, heç olmasa Qara dənizin bu müharibədən kənarda qalması üçün ciddi səy göstərmişik və göstərməyə davam edirik”,- o bildirib.
Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da bu məsələni müzakirə etdiklərini bildirib.
“Türkiyənin hazırladığı bir təklif var. Bunu həm ukraynalılara, həm də Rusiya tərəfinə çatdırmışdıq. Bu ölkələrin təklifə münasibətini öyrəndik və mövqelərini dinlədik”-, o əlavə edib.
O, Qara dənizdə gəmiçilik təhlükəsizliyinin vacibliyini vurğulayıb.
“Qara dənizdə gəmiçilik təhlükəsizliyi son dərəcə vacibdir. Bu məsələ dünya ərzaq bazarlarına çox yaxından təsir edən vəziyyətə çevrilib. Xüsusilə Afrika ölkələrinə buğda ticarətinin riskə girdiyini görürük”,- Fidan bildirib.
Fidan ərzaq və enerji qiymətlərinin artdığını, Hörmüz boğazının bağlı olduğunu, Bab əl-Məndəb boğazında isə vaxtaşırı məhdudiyyətlər tətbiq edildiyini deyib. Onun sözlərinə görə, bu problemlər fonunda Qara dənizdə ticarətin məhdudlaşması dünya iqtisadiyyatına, xüsusilə inkişaf etməkdə olan ölkələrə ciddi mənfi təsir göstərir.
Gülnar Nazimqızı