Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
2026-cı ilin yanvar-sentyabrında Azərbaycan ərazisi ilə tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 %, Şimal–Cənub istiqaməti üzrə isə 19 % artıb.
Məlumata əsasən, müsbət dinamika liman əməliyyatlarında da müşahidə olunub. Cari ilin 9 ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 % artaraq 1,73 milyon tona çatıb.
Qeyd edilib ki, ölkədə tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.
Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir ki, onların bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4 350 nəqliyyat vasitəsi təşkil edir. Son illərdə Azərbaycan–Rusiya sərhədində "Xanoba", Azərbaycan–İran sərhədində isə "Astara" modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.