Hikmət Hacıyev Ermənistan cəmiyyətinin nümayəndələrindən üzrxahlıq gözlədiyini bildirib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iki ölkə arasında barışıq prosesi çərçivəsində Ermənistan cəmiyyətinin nümayəndələrindən Azərbaycan xalqına üzrxahlıq gözlədiyini bildirib.
“Biz gözləyirik ki, Ermənistan cəmiyyətində nəhayət Azərbaycan xalqından üzr istəyəcək insanlar olsun”, — Hacıyev ingilis dilində çıxışında deyib.
Onun sözlərinə görə, belə bir müraciəti xüsusilə evlərindən didərgin salınmış, onilliklər ərzində qaçqın və məcburi köçkün həyatı yaşamış azərbaycanlılar gözləyirlər. Hacıyev üzrxahlığı sülh sazişinin bağlanması üçün şərt kimi təqdim etməyib, bunu daha geniş etimad quruculuğu və sülh prosesinin bir hissəsi kimi qiymətləndirib.
Hacıyev bildirib ki, sülh sazişi praktiki addımlarla dəstəklənməsə, kağız üzərində qala bilər. Onun sözlərinə görə, Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Bakı sülh razılaşmalarının həyata keçirilməsinə və xalqlar arasında barışığa diqqət yönəldib.
O, tərəflərin qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə etimad quruculuğu prosesinə başladığını deyib.
Hacıyev, eyni zamanda, Ermənistan cəmiyyətinin bir hissəsində revanşizm təzahürləri kimi qiymətləndirdiyi hallardan narahatlığını ifadə edib. Bununla yanaşı, o, Ermənistan rəhbərliyinin irəli sürdüyü “real Ermənistan” konsepsiyasını müsbət qiymətləndirib və iki ölkənin hökumətlərinin sülh gündəliyi üzrə razılığa gəldiyini bildirib.
Gülnar