Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Prezident İlham Əliyev Azərbaycanda daxili risklərin olmadığını, potensial risklərin ölkə hüdudlarından kənardan qaynaqlandığını açıqlayıb.
“Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”, - Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında deyib.
O, Azərbaycan cəmiyyətində yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət olduğunu vurğulayıb.
“Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir”, - prezident bildirib.
Əliyev deyib ki, bu birlik Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində özünü göstərib. Onun sözlərinə görə, bütün etnik qrupların və dinlərin nümayəndələrinin birləşməsi qələbənin rəmzidir.