Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çində müəyyən edilən Azərbaycan vətəndaşı oktyabrın 28-də ölkəyə ekstradisiya edilib.Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ildə Bakıda birgə yaşadığı mənzildə həyat yoldaşı ilə mübahisə zamanı ona bıçaqla xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Rüstəm İbrahimovun yeri Çin Xalq Respublikasında müəyyən edilib və o, həbs olunub.
Azərbaycan və Çin arasında 17 mart 2005-ci il tarixli təslim etmə haqqında müqaviləyə əsasən göndərilən sorğu və aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Rüstəm İbrahimov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Çindən Azərbaycana gətirilib. Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlikdən bildirilib ki, bu sahədə zəruri tədbirlər davam etdirilir.