Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Pulsuz hüquqi yardım haqqında qanunun effektiv tətbiqi üçün maliyyələşmənin davamlı və ədalətli olması, alternativ maliyyə mənbələrinin araşdırılması, rəqəmsallaşma və xidmət keyfiyyətinə nəzarət mexanizmlərinin yaradılması vacibdir. Bunu Milli Məclisin deputatı Əli Məsimli çıxışı zamanı bildirib.
O bildirib ki, qanunun mətninin yüksək səviyyədə hazırlanması onun effektiv işləməsi üçün kifayət deyil. Bunun üçün, ilk növbədə, qanunun və ayrı-ayrı hədəf qruplarının maliyyə tutumu müəyyənləşdirilməlidir.
Əli Məsimli hesab edir ki, hüquqi yardımın maliyyələşdirilməsində əsas yük dövlətin üzərinə düşsə də, əlavə maliyyə mənbələri və beynəlxalq donor mexanizmləri də nəzərdən keçirilməlidir.
Deputat qanunun tətbiqində üç əsas şərti qeyd edib: maliyyələşmənin davamlı və ədalətli təşkili, bürokratik maneələrin azaldılması üçün rəqəmsallaşmadan geniş istifadə və göstərilən xidmətlərin keyfiyyətinə müntəzəm monitorinq və ciddi nəzarət.
O, qanunun regionlarda təsirinin və əhəmiyyətinin də qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Əli Məsimli bildirib ki, yeni mexanizmin deputatların fəaliyyətinə dəstəyinin necə təşkil olunması da müzakirə edilməlidir.
Deputat Milli Məclisin həkimlər kollegiyası ilə əməkdaşlıq təcrübəsini nümunə göstərərək, hüquqi yardım sahəsində də uğurlu əməkdaşlıq platformasının qurulmasının mümkün olduğunu qeyd edib.
Gülnar Nazimqızı