Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın 1-dən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılacaq.Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək. Bu, təxminən 50 faizlik artım deməkdir.
Əlavə reyslərdə standart sinif üzrə (əvvəlki plaskart vaqonlar) biletlərin qiyməti 36 manatdan başlayacaq. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səfər edə biləcəklər.
Marşrut üzrə bir istiqamətə minimum gediş haqqı Bakıdan Tbilisiyə 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edəcək.
Hazırda “Stadler” vaqonlarında komfort sinif üzrə Bakıdan Tbilisiyə minimum gediş haqqı 77,50 manat, Gəncədən isə 56,80 manatdır.
Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı-Tbilisi-Bakı qatarı Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da hərəkətə başlayacaq və saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Yeni reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və saat 19:11-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da yola düşərək növbəti gün saat 07:57-də Bakıya çatacaq.
Son xəbərlər
Daha çox