Rəngarəng saplardan rəsm çəkən xanım - FOTOLAR

19:19 | 24.01.2015
Rəngarəng saplardan rəsm çəkən xanım - FOTOLAR

Rəngarəng saplardan rəsm çəkən xanım - FOTOLAR

Bakıda əl işlərinin nümayişi ilə bağlı keçirilən sərgidə və yarmarkalarda olarkən hər dəfə hazırlanma üslubundan xəbərsiz olduğum yeni yaradıcılıq nümunələri ilə qarşılaşıram. Elə bu səbəbdən də hər dəfə məndə daha çox maraq yaranır, həmin tətbiqi incəsənət növləri haqqında daha çox informasiya toplamağa və həmin əl işlərini yaradan ustalarla tanış olmağa çalışıram.  
 
 
 
 
Budəfəki marağıma Yana Amcadi yaradıcılığı səbəb olub. Onun nitkoqrafiya (hərfi tərcümədə: sap ilə yazmaq, çəkmək adlanır –red.)  üsulundan istifadə edilərək hazırladığı oyma taxtalar, yeni il oyuncaqları və lampalar təkcə mənim deyil, eyni zamanda sərgiyə gələnlərin təəccübünə səbəb olurdu. Bu yaradıcılıqla yaxından tanış olmaq və məqalə hazırlamaq fikrinə düşdüm.
 
 

Nitkoqrafiya əl işlərində sapla rəsmlər çəkilir. İncəsənətin bu növünü Meksikanın mərkəzi və qərb bölgəsində yaşayan, Uiçoli xalqı yaradıb. Saplarla mozaika yaradılması da daxil olmaqla başqa tip əl işləri də bu yaradıcılığa daxildir: tikmə, krujeva və muncuq hazırlanması.  Nitkoqrafiya texnikasından istifadə edilərək çəkilən əl işlərində Uiçoli xalqı əsasən yun saplardan istifadə edib. Onların hazırladığı məhsullar özünəməxsus görünüşü və etnik xarakteri ilə fərqlənir.  Ənənəvi olaraq, bu rəsimlər ortası deşik olan kvadrat və ya yumuru taxtaların üzərində çəkilir. Taxta hər iki tərəfdən arının mumu və şam ağacının qətranı ilə örtülür və onların üzərinə müxtlif rəngli saplar yapışdırılır. Saplardan hazırlanan bu rəsmlərə "nierika” deyilir. Hindular inanır ki, bu rəsmlər ruhlar dünyasına səfər edərkən bələdçi rolunu oynayır. Bu rəsmlərin gözəlliyi, onların kontrast yaratması və  simvolikliyindədir.
 
 
 
 
Müasir dövrün ustaları, istənilən müasir evi bəzəyə biləcək, saplardan hazırlanmış gözəl əl işləri ilə bağlı bu qədim hindu üsulunu artıq mənimsəyiblər. Saplardan hazırlanmış bu rəsmlərə tam toxunulmamış xalçalar da deyilir.
 
 
 
 
Görəsən, sapdan necə rəsm hazırlanır? Birincisi, bütün vacib alətlər və materiallar hazır olmalıdır. Bura daxildir: karton, gələcək rəsmin eskizi, karandaş, bıcaq, karbon kağızı, yapışdırıcı, çubuq və  təbii ki, müxtəlif rəng və tonda olan ipliklər. İstənilən sapdan istifadə eləmək olar. Məsələn, yun iplik, parlaq rəngli akril sapları və əlavələrin edilməsi üçün digər saplar.   Ən önəmlisi, bütün sapların qalınlığının eyni olmasıdır. Çünki işin təmizliyi, üz hissənin hamarlılığı və bir sapdan digərinə keçidlərin asan başa gəlməsi üçün bu vacibdir.
 
 
 
 
Rəsmin eskizini orijinala köçürmək, konturları işarələmək, eskizin kənarlarına yapışqan sürtmək və onları barmaq ilə sıxıb rəsmin içərisinə oturdaraq sapları yapışdırmaq lazımdır. Sapların kənarlarını yapışdırdıqdan sonra sapın kənarlarını - əgər çətin dönmələr və ya fərqli rəng vermək istəyirsinizsə - bıcaqla kəsmək lazmıdır. Artıq qalan yapışqandan qurtulmaq və rəsmi hamarlaşdırmaq üçün cubuqdan istifadə etmək lazımdır.   
 
 
 
 
Növbəti mərhələdə konturların daxlindəki boşluğu doldurmaq lazımdır. Keyfiyyətli və gözəl iş ərsəyə gətirmək üçün sapları bir-birinə çox sıx yapışdırmaq vacibdir.
 
 
 
 
Bundan sonra rəsmi qurumağa qoyurlar.  

Hazır olan işi ütü vasitəsi ilə və cunadan istifadə edərək buxarlandırmaq olar. Bu zaman saplar bir-birinə daha sıx birləşərək rəsmi daha hamar göstərəcək. Beləcə, iş başa çatır və onu çərçivəyə yerləşdirmək olar.
Yeri gəlmişkən, rəsmin ayrı-ayrı detallarını daha qalın saplar, çatılar və muncuqlarla işləmək olar. "saçaqlı” və "buruq” iplərdən istifadə edərək mükkəməl effektlər də əldə etmək olur.
 
 
 
 

Nitkoqrafiyanın texnikası mürəkkəb deyil, bu iş sadəcə fantaziya, səbr və dəqiqlik tələb edir. Bu kimi rəsmlərin sujetləri pişiklər, quşlar, onların balaları, mənzərələr, uşaqlar və ornamentlər ola bilər.
 
 
 

Nitkoqrafiya heyrətamiz incəsənət növüdür. Bu sənəti rəsm çəkməklə müqayisə etmək olar, ancaq burada karandaş və rənglərin əvəzinə rəngli saplardan istifadə edilir. Digər əl işi növlərindən fərqli  olaraq nitkoqrafiya bizim ölkədə son dövrlərdə məşhurlaşıb. Ancaq bu qısa zaman kəsiyində kifayət qədər yayğın incəsənət növünə çevrilə bilib.  Nitkoqrafiya nəinki gözəl və orijinal incəsənət növüdür, o, həm də ucuz  başa gəlir. Belə ki, işin aparılması üçün artıq qalmış yun saplar və bahalı olmayan akril saplarından istifadə edilir. Bu sənətdə rəsimlər yumuşaq formalı görünüşə sahib olduğundan, bizə daha böyük və canlı görsənir. Nitkoqrafiya həm də pedaqoji xarakterə sahibdir. Belə ki, bu üsul ilə bağlı atelyelərdə və digər qruplarda dərslər keçirilir.
 
 
 
 
Nitkoqrafiya sadə və asan başa gəldiyindən, bu əl sənəti balaca uşaqlar üçün də ələçatımlı və maraqlıdır. Bu sənət uşaqlarda əzmkarlığı, dəqiqliyi, təsəvvürü və estetik zövqü inkişaf etdirir.
 
 
 

Yana, nəyinki paltar tikir və onlara görünüş verir, o, həmçinin yapon temar topları tikir və rəngli şüşələr vasitəsi ilə boşqablara bəzəklər vurur. Hazırda isə o, nitkoqrafiya ilə də məşğul olur.
 
 
 
 
 
Sizin diqqətinizə saplardan rəsmlər hazırlayan Yana Amcadi ilə müsahibəni təqdim edirəm:


- Yana, sizin başqa xalqların əl işinə marağınız haradan yaranıb? Əvvəl bu yapon temar topları ilə əl işləri düzəldirdinsə, bu gün hindulara məxsus saplardan rəsmlər hazırlanmağa keçmisən?

- Mən həmişə özüm üçün maraqlı və qeyri-adi şeylər axtarıram. Hansısa məhsulların üzərində işləməyi və onun xırda detallarını yenidən düzəltməyi sevirəm. Bəlkə də bu səbəbdən mənim bu dəfəki seçimim nitkoqrafiya üsulu oldu. Saplarla rəsmin çəkilişi flomasterlərlə olduğu kimidir. Ancaq burda xətlər özəyə yapışdırılır.  Bu üsul ilə çox gözəl rəsmlər əldə etmək olur.

- Siz, saplardan rəsmlər hazırlanmasını necə öyrəndin?


- İnternetdə bu üsul ilə bağlı çoxlu master-klass dərsləri var. Onlara baxdım, iş prinsiplərin öyrəndim və  özüm etməyə başladım.

- İlk əl işin nə ilə bağlı idi və bunu öhdəsindən necə gəldin?

- Birinci işim milli buta idi. Onu oyma taxta üzərində hazırlamağa çalışdım. Bunu üçün atam xüsusi taxta hazırladı. Əslində, belə yaxşı alınacağını heç gözləmirdim.

- İlk əl işinin hazırlanmasına nə qədər vaxt getdi?


- Məhz butanın hazırlanmasına bir həftə vaxt getdi. Ümumiyyətlə, bu əl işləri çox əmək tələb edir.

- Rəsmlər üçün süjeti haradan götürürsən?

 
- Süjetlər mənim həmin anda, yəni bu və ya digər rəsmin hazırlanması anında,  hansı hisslər içində olmağımdan asılıdır.

- Hansını etmək daha asandır - karton  üzərində işləmək ya taxta lövhə?

- Nitkoqrafiya elə bir sənətdir ki, siz onu müxtəlif şeylərin üzərində işləyə bilərsiz. İstər karton olsun, istərsə də ağac. Amma əsas olan odur ki, onun üzəri şumal və təmiz olmalıdır.


- Yana, yaxın gələcəkdə bizi daha hansı xalqların əl işləri ilə tanış edəcəksən?

- Mən bir üsuldan uzun müddət istifadə etmədiyim üçün, hazırda, yapon əl işlərinin yeni növləri ilə tanış olmaqdayam. Yaxın zamanlarda "yubinku” adlanan üsküklərin hazırlanmasını öyərənməyə və onları düzəltməyə çalışacam.

 
 
 
Bəli, Yana doğurdan da yaradıcı insandır. O, oyma taxtanı rənglədi və onun üzərində parlaq və rəngli saplardan istifadə edərək "buta” çəkdi.  Nitkoqrafiya üsulundan istifadə edərək onun  hazırladığı ikinci işi isə adi lampalardan düzəldilmiş oyuncaqlar  idi.   Birinci iş, ağac üzərində, ikinci iş isə şüşə üzərində aparılıb. Bundan başqa o uşaqlara rəngli şüşələrdə şəkillərin çəkilməsini öyrədir. O, həmçinin temar şarları və  lampalardan oyuncaqlar hazırlayır. Və o dayanmır, irəli gedərək yeni sənət üsulların öyrənir. Hazırda öyrəndiyi isə "yubinku”-dur.
 
 
 
 
 
Hər dəfə yeni əl işləri görəndə, mən ustalarımıza heyranlıq duyuram. Onlar istənilən sənət növündə bacarıqlı olduqların sübut edirlər. Məsələnin ən maraqlı tərəfi odur ki, yaradıcı insanlarımız təkcə bizim ənənəvi xalq əl işlərin öyrənmir, digər xaqların yaradıcılığına müraciət edirlər, bu istiqamətdə də peşəkarlaşırlar.


Lyubov Qasımova
ANN.Az

 
 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM