"Təəssüf ki, bu gün mətbuatımızda Nəcəf Nəcəfovun yeri yoxdur" - REPORTAJ

17:20 | 17.12.2019

"Təəssüf ki, bu gün mətbuatımızda Nəcəf Nəcəfovun yeri yoxdur" - REPORTAJ

 Bu gün görkəmli Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri Nəcəf Nəcəfovun vəfatının 20-ci il dönümüdür.

Əslində bu reportajı hazırlayana qədər mən də digər yeni nəsil jurnalistləri kimi Nəcəf Nəcəfov haqqında demək olar ki, heç bir informasiyaya malik deyildim. Onun haqqında internetdə axtarış edəndən sonra onu tanımadığım və onun zamanında çalışan jurnalistlərdən olmadığım üçün çox təəssüf hissi keçirdim. Kaş ki, Nəcəf Nəcəfov bizim dövrdə yaşasaydı və öyrənməli olduğumuz çox şeyi ondan öyrənsəydik deyə düşündüm.
Öncə Nəcəf Nəcəfovu tanımayan və ya sadəcə adını eşidənlər üçün onun haqqında bir az məlumat verim.

Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olub.
 
O, 1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra SSRİ Dövlət Bankı Azərbaycan Kontorunun mətbəəsində çapçı işləyib.

1978-ci ilin iyununda o, öz ərizəsinə və SSRİ Dövlət Bankı İdarə Heyətinin yazılı razılığına əasən həmin işdən çıxıb və jurnalist fəaliyyətinə başlayıb. 
 
Nəcəf Nəcəfov 1979-cu ilin fevralında "İnşaatçı-Stroitel" qəzetinə tərcüməçi götürülür, həmin qəzetdə 1981-ci ilin martından baş müxbir, 1982-ci ilin aprelindən isə redaktor müavini əvəzi işləməyə başlayıb. Onun yaradıcılığının əsas dövrü is o zaman Azərbaycan komsomolunun orqanı olan "Molodyoj Azərbaycana" qəzetində ilədiyi dövrə təsadüf edir. Həmin mətbu orqanın baş redaktoru kimi o, sovet mətbuatında ilkə  imza atır, o quruluşu tənqid edir. 

1989-cu ilin 16 iyununda Azərabycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü seçilən Nəcəf Nəcəfov həmin ilin 5 dekabrında "AXC bülleteni" və "Azadlıq" qəzetinin redaktoru təyin edilib və bu qəzet tezliklə ümummilli mətbuat orqanına çevrilib. N.Nəcəfov həmçinin "Turan" informasiya agentliyinin də təsisçilərindəndir.
 
Nəcəf Nəcəfov müstəqil Azərbaycan dövlətinin qurulması və dövlətçiliyimizin möhkəmləndirilməsində də sanballı xidmətlər göstərib.
 
1998-ci ildə Nəcəf bəy ağır xəstəliyə tutuldu. Almaniyada 2 dəfə müalicə olunsa da amansız xəstəlikdən qurtula bilmədi və 1999-cu ilin 17 dekabrında haqq dünyasına qovuşdu.
 
Bəs  müasirlərinin yaddaşında necə qalıb  Nəcəf Nəcəfov?  Onun vəfatının 20-ci ildönümü ilə bağlı Kinomatoqrafçılar İttifaqının Kino evində  yığışan ziyalılar, jurnalistlər  onu sevgi ilə andılar.
 

Nəcəf Nəcofun dostları onunla bağlı ən yadda qalan, unudulmaz xatirələrini qonaqlarla paylaşdılar. Turan informasiya agentliyinin direktoru Mehman Əliyev Nəcəf Nəcəfovu redaktor və jurnalist kimi belə xarakterizə etdi: 
  
 "Mən Moskvada oxuduğum müddətdə Bakıya təcrübəyə gələndə qəzetlərdə işləyirdim və düşünürdüm  universiteti bitirəndən sonra sonra harada çalışa bilərəm.  Başa düşdüm ki, "Molodyoj Azərbaycana”  (SSRI zamanında Azərbaycan komsomol komitəsinin orqanı) qəzetindən başqa heç bir qəzetdə işləyə bilmərəm.  Arif Əliyev Moskvada olarkən maraqlanırdı ki, burda bizimkilərdən kim oxuyur.  Bu zaman mənim haqqımda ona məlumat vermişdilər.  Arif Əliyev  Nəcəf Nəcəfova barəmdə danışmışdı.  Universiteti bitirəndən sonra Nəcəf Nəcəfovun çalışdığı redaksiyaya gəldim və ordakı  uşaqlarla görüşdüm. O zaman Nəcəf Nəcəfovla ilk tanışlığımız oldu.  Nəcəf bəy məni sorğu-sual etdi. Daha sonra soruşdu ki, Arif Əliyev sənin nəyindi? Mən də bildirdim ki, onu şəxsən tanımıram. Bilirdim ki, tanışlıqla işə adam götürmür. Mənə bir yazı yazmağı tapşırdı. 
 
O vaxtı Moskvada Çingiz Hüseynovla müsahibə hazırlamışdım. Onun ailə sirrləri və s müasir duruma aid olan romanları, əsərləri ilə bağlı sintezli bir müsahibə idi.  Çingiz Hüseynov xəstəxanada yatırdı. Yanına getdim,  yazını oxudu. Mənə irad bildirdi ki,  axı mən belə danışmamışam. Mən də dedim Çingiz bəy siz sərt danışmısız və mən qorxuram ki, yazını redaksiya bu formada verməz. Dedi yox  mən necə demişəmsə elə də yaz. Senzura və redaktə etmək redaksiyaya aid olan məsələdir. Əgər sən belə yazsan heç vaxt jurnalist ola bilməzsən. Təxminən 3 aya yaxın mən bu müsahibənin üstündə çalışdım.
 
Səhərisi mənə zəng gəldi ki, təcili gəl, Nəcəf bəy səni görmək istəyir. Soruşdu ki, bu yazını sən özün yazmısan? Dedim bəli. Amma demədim ki, 3 aya yazmışam. Dedi mən səni qonarar hesabı işə götürürəm. Mən çox sevindim. Üstündən bir ay keçdi. Nəcəf bəy dedi ki, Mehman yaxşı işləyir onu maaşını 25%-ni ödəməklə işə götürmək lazımdır. (Güldü) Uşaqlar isə dedi ki, 100 faiz ödəməklə işə qəbul edin. Yəni mən demək istəyirəm ki,  Nəcəf bəy jurnalistə aid kefiyyətləri, savadlı, bacarıqlı yazmağı daha üstün tuturdu. 

 "Meydan Hərəkatı” zamanı Azərbaycan jurnalistikası sanki bu hadisələri görmürdü. Meydanda 50 min, 100 min adam yığışır mitinqlərə gedirdi, amma KİV sanki bunu görmürdü. Belə bir dövrdə Nəcəf Nəcəfov qərar verir ki, mütləq xalqa dəstək olmaq üçün bir yazı yazmalıdır. Bu məsuliyyəti şəxsən öz üzərinə götürür.  "Xalq nə istəyir?” adlı böyük, 2 səhifəlik yazı yazır. O yazıdan sonra sükut pozuldu, böyük bir qalmaqal yaşandı. SSRİ Mərkəzi Komitəsindən, Yerli Komitədən, Komsomoldan gəldilər və Nəcəf bəyə vəzifə təklif etdilər, hətta hədə-qorxu da gəldilər. O dövrdə onun ən yaxın dostları ona dəstək olurdu ki, davam eləsin. Amma bu yazıların verilməsini istəməyənlər də var idi. Mən də ehtiyatlı olmağın tərəfdarı idim. Nəcəf bəyə bildirdim ki, biz bu yolla redaksiyanı itirə bilərik. Beləcə proses ona gətirib çıxartdı ki, onu işdən çıxartdılar. Sonra onunla çalışan jurnalistlər və redaktorlar redaksiyanı tərk elədilər. Əslində Nəcəf bəy o zaman böyük bir vətəndaş mövqeyi göstərdi. Mən hesab edirəm ki, bu böyük bir addım idi. Nəcəf Nəcəfovun addımı Azərbaycan mediası üçün böyük uğur sayılırdı. Əslində  O, Azərbaycan mediasını zəncirlərdən xilas etdi. Ondan sonra yeni medialar yaranmağa başladı. Mən  hər zaman onun xatirəsi qarşısında baş əyirəm. Nəcəf Nəcəfof kimi insanları həmişə tanıtmaq lazımdır. Çünki onlar həqiqətin yanında olan insanlardır. Təəssüf ki, bu gün mətbuatımızda Nəcəf bəyin yeri yoxdur. Bu anım gününün keçirilməsi də onunla bağlıdır ki, bizim məlumatı olmayan jurnalistlər bilsin ki, Nəcəf bəy  jurnalistikaya yenilik gətirən adamlardandı". 
 
 
Daha sonra ekranlarda Nəcəf Nəcəfovla bağlı çəkilmiş sənədli film göstərildi. Bu onun haqqında çəkilmiş üçüncü film idi. Göstərilən filmdə hələ o zaman ölkədə baş vərən gərginlik zamanı Nəcəf Nəcəfovun necə cəsarətli addım atmağından və Azərbaycan Kommunist partiyasının rəhbəri Əbdürrəhman Vəzirovla rezanans doğuran çıxışından danışılırdı. Nəcəf Nəcəfov gündəliyə çıxarılması vacib olan və çıxarılmıyan mövzulara görə narahatlığını və etirazını bildirirdi.
 
Nəcəf Nəcəfovun necə siyasətçi olduğunu xarakterizə edən yaxın silahdaşı Sabit Bağırov onun  təkcə jurnalist deyil , həm də cəsarətli siyasətçi olduğunu söylədi.
 
"O, çox cəsarətli  adam idi.   Biz parlamentin balkonunda oturmuşduq. Jurnalistlər oturan yerdə. Elçibəy idi, AXC -nin idarə heyyətinin digər üzvləri də var idi.  Biz razılaşdığımız məsələlər gündəmə çıxarılmırdı. Bu da bizdə narazılıq doğururdu. Orda oturan idarə heyətinin üzvlərindən biri qayıtdı ki, bizi aldadırlar, nəsə etmək lazımdır. Sənəd yadımda deyil kimin əlində idi. Nəcəf bəy götürdü həmin protokolu və düşdü aşağı. Bizdə onun ardınca getdik. Bu, cəsarət tələb edən addım idi".


"Yeni nəsil" Jurnalistlər birliyinin sədri və Nəcəf Nəcəfovla birgə uzun yol keçmiş Arif Əliyev qeyd etdi ki, Nəcəf Nəcəfov həddindən artıq vicdanlı və ləyaqətli adam olub, onu "Azadlıq! qəzetinin  yaradıcısı adlandırmaq olar.  
 

"Çox təəssüflə qeyd edirəm ki, indi Nəcəfi çoxu tanımır. Amma  Şirmməmməd Hüseynov deyirdi ki, Həsən Bəy Zərdabdən sonra  Nəcəf bəyin dəfni ikinci izdihamlı dəfn hesab oluna bilərdi.  Bakı hələ belə dəfn mərasimi görməmişdi. Yəni o dövrünün populyar adamı idi. Təxminən iki il əvvəl bizim ən öndə gedən BDU-nun jurnalistika fakültəsində sorğu keçirtdik. Cəmi 10 faiz tələbə Nəcəf Nəcəfovun adını eşitdiyini dedi".
 
 
Ən kədərlisi isə budur ki, müstəqil Azərbaycan jurnalistikasının yaradıcısı Nəcəf Nəcəfovun anım günü olmasına baxmayaraq nə qəzetlərdə, nə televiziyada, nə də internetdə bu barədə heç bir məlumata rast gəlinmir.  Çox təəssüf!   Nəcəf Nəcəfovu təbliğ etmək yox, öyrənmək lazımdır. Bizim cəmiyyət o zaman uğur qazanacaq ki, onun kimi adamları tapıb öyrənəcək! Ruhun şad olsun Dəyərli Jurnalist!
 
Gülnar Nazimqızı







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb